İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qaynar başlar”a qarşı Azərbaycan-Türkiyə hərbi ittifaqı

Bədxahlar üstümüzə gəlməzdən öncə iki dəfə düşünməli olacaq; ölkəmizə qarşı oyun oynayanlara xəbərdarlıq

“Azərbaycan və Türkiyə qardaş və dost ölkələrdir. Ötən il Şuşada Müttəfiqlik Bəyannaməsi imzalanıb”.

Bu xatırlatmanı Prezident İlham Əliyev 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda etdiyi çıxışı zamanı edib.

Qeyd edib ki, iki qardaş ölkə arasında əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır. Xüsusi vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib.

Yəni bu sarsılmaz ittifaq Azərbaycanın böyür-başındakı “qaynar başlar” üçün uzun müddət soyuq duş effektində və çəkindirici faktor olacaq.  

“Türkiyə ilə dövrü əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlər olub. Müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”, - dövlət başçısı qeyd edib.

İlham Əliyevin bu açıq xəbərdarlığı sözsüz ki, ən əvvəl hələ də revanşist xülyalarla yaşayan və İran, Hindistan, hətta Fransa kimi ölkələrin silahları hesabına öz ordusunu dirçəltməyə çalışan Ermənistanın özünə, onu ölkəmizə qarşı qızışdıran cənub qonşumuza və Fransaya ünvanlıdır. Qarabağda son vaxtlar ərazi bütövlüyümüz əleyhinə şübhəli oyunlar oynayan Rusiyaya da Bakının xəbərdarlığından pay düşür...

Azər Badamov: “Beynəlxalq hava limanları azad olunmuş ərazilərə dünyanın  açılan qapılarıdır”

Azər Badamov: “İlham Əliyevin beynəlxalq konfransda səsləndirdiyi mesajlar öz ünvanlarına çatıb”

Deputat Azər Badamov dövlət başçısının verdiyi mesajların ünvanlarına çatdığını söylədi: “Azərbaycanla Türkiyə dost, qardaş və müttəfiqdirlər. Şuşada imzalanmış Müttəfiqlik haqqında Bəyannamə qardaş Türkiyə ilə mövcud   münasibətləri rəsmiləşdirməklə əməkdaşlığımızda yeni mərhələ açıb. Türkiyə ilə münasibətlərimiz tarixi sınaqlardan çıxıb və bu gün dövlət başçılarımızın şəxsi dostluq münasibətləri üzərində daha da möhkəmlənib. Elə bir sahə yoxdur ki, ölkələrimiz əməkdaşlıq etməsin. Qeyd etməliyəm ki, Azərbaycan-Türkiyə birliyi regionda sabitliyə və inkişafa xidmət edən yeni bir güc yaradıb.

25 noyabrda Prezident İlham Əliyevin “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda Bakıda ADA Universitetində keçirilən beynəlxalq konfransda etdiyi çıxışı zamanı verdiyi bu mesajlar həm də Ermənistana bu gün dəstək verən və onu yenidən revanşizmə ruhlandıran Fransaya, İrana və Rusiyayadır. Çünki bu gün regionda yaranmış kövrək sülhün möhlkəmlənməsinə mane olan dairələr yenidən müharibənin alışmasını istəyirlər. Ermənistana silah verərək  yeni xəyalları arzulamağa vadar edən qüvvələr yaddan çıxartmamalıdırlar ki, Azərbaycan və Türkiyənin böyük hərbi gücü qarşısında heç kim heç nə edə bilməz. Necə ki, onlar  44 günlük Vətən müharibəsi dövründə hərəsi bir yandan banlayırdılar və Ermənistana dəstək verirdilər. Nəticədə isə Azərbaycanı öz fikrindən heç nə yayındırmadı və  öz ərazilərini düşməndən azad etdi. Bu gün Azərbaycan regionda sülhün və əməkdaşlığın yaranmasının tərəfdarıdır. Kimlərsə bunu istəmirsə, öz işləridir. Sülh olmayacaqsa, başqa nə olacağı hamıya məlumdur. Hesab edirəm ki, 30 il dalanda qalmış və 44 günlük Vətən müharibəsində ordusu darmadağın olmuş  Ermənistanın  yenidən ayaq altına düşmək ehtimalı artır.

 Prezident İlham Əliyevin beynəlxalq konfransda səsləndirdiyi mesajlar öz ünvanlarına çatıb və nəticə çıxardacaqlarını hesab edirəm".

Əhəd Məmmədli də evlənir? » "Dünya" informasiya agentliyi

Əhəd Məmmədli: “Xankəndi və ətrafı tam şəkildə nəzarətimizə götürülməlidir ki...”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədlinin fikrincə, rus sülhməramlılarını bölgədən çıxarmaq üçün Xankəndi separatçılardan təmizlənməlidir: “İndiki dönəmdə Prezident Əliyevin bu xəbərdarlığı xüsusi önəm daşıyır. Ermənistan xarici havadarlarının hesabına silahlanır. Bu silahlanmanın arxasında Hindistan, Fransa, ABŞ, Rusiya, İran və Yunanıstan durur. Silahlanmanın məqsədi Azərbaycandan revanş almaq, Türkiyəni də bölgədən çıxarmaqdır. Dövlət başçısının xüsusən yenə də Azərbaycan-Türkiyə birliyinə vurğu etməsi hələ də revanş xülyaları ilə yaşayan düşmən Ermənistan və onun havadarlarına edilən bir mesaj idi. Əbəs yerə son dönəmlərdə prezident Xarici İşlər və Müdafiə nazirlikləri səviyyəsində İran, Fransa və Rusiyaya, Azərbaycan tərəfi açıq şəkildə öz narazılıqlarını bildirmir. Çox güman ki, rəsmi Bakının, Ermənistanın revanşist məqsədlərindən daha detallı məlumatları var. Azərbaycan silahlanmaqda davam etməlidir. XTQ genişlənməlidir, ümumillikdə isə ordu peşəkarlaşmalıdır. Üstəlik, Türkiyə ilə siyasi-hərbi ittifaqımız gücləndirilməlidir. Azərbaycan-Türkiyə dərin müttəfiqliyinə qardaş Pakistan da cəlb olunmalıdır. İsraillə də hərbi əməkdaşlıq genişlənməlidir. Bunun davamı olaraq da hesab edirəm ki, qısa müddətdə antiterror əməliyyatı aparılıb Xankəndi və ətrafı nəzarətə götürülməlidir, paralel olaraq da Zəngəzur-Göyçə cəbhəsində irəliləməkdə davam etməliyik. Bütün bunlar yaxın müddətdə baş verməlidir. 2023-cü il Azərbaycan-Ermənistan qarşıdurmasında həlledici olacaq. Ən uzağı 2023-cü ilin sonuna qədər Xankəndi və ətrafı tam şəkildə nəzarətimizə götürülməlidir ki, rahat şəkildə rus sülhməramlılarını müddət qurtarana qədər çıxara bilək”.

Zəngəzur dəhlizi açılsın: » Yenixeber.org - Oxu, xəbərin olsun

Züriyə Qarayeva: “Bizə qarşı yeni cəbhənin açılacağı öncədən bəlli idi”

Politoloq Züriyə Qarayeva Vətən müharibəsindən sonra bizə qarşı cəbhənin açılacağının gözlənilən olduğunu qeyd etdi: “Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanmasından sonra hərbi ittifaq daha da güclənib. Bəyannamənin şərtləri özünü ordunun yenidən modelləşdirilməsində, çox sayda təlimlərin keçirilməsində də  göstərib. Preambulasında Qars müqaviləsinin xatırlandığı Şuşa Bəyannaməsi xələfi olan sənəd kimi heç də təsadüfi vaxtda imzalanmayıb. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bizə qarşı yeni cəbhənin açılacağı öncədən bəlli idi. Ermənistana bu günə qədər havadarlıq edən, marionet dövlətin yaranmasında payı olan, separatizmə rəvac verən güclər indi də erməni azlığın milli maraqları, status kimi iddialarla alışıb yanır. Sözügedən bəyannamənin imzalanması tarixi ənənələrə əsaslanan Türkiyə-Azərbaycan qardaşlığını həm də hüquqi müstəviyə qaldırdı. Bir tərəfdən Rusiyanın postsovet ölkələrinin NATO üzvü olan ölkələrlə əməkdaşlığına etirazı əleyhinə addım atılmaqla, digər tərəfdən, Azərbaycan əleyhinə kampaniya başlatmağa hazırlaşan güclərə də cavab verilmiş oldu”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR