Onlayn ictimai-siyasi qəzet
Bütün ermənilərin katolikosu II Qaregin respublikanın ali siyasi rəhbərliyinin nümayəndələrini sentyabrın 29-da Eçmiədzində keçiriləcək mərasimə dəvət edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyan mərasimdə iştirak edib-etməyəcəyi ilə bağlı hələlik heç bir cavab verməyib.
II Qareginlə Paşinyan arasında soyuqluq hələ 2018-ci ilin “məxməri inqilab”ından sonra yaranıb, gərginlik zaman-zaman hətta qarşıdurma səviyyəsinə çatıb.
2020-ci ilin payızında Ermənistanın 44 günlük müharibədə məğlub olmasından sonra hakimiyyət və kilsə arasında qarşıdurma davamlı xarakter alıb. 2020-ci il dekabrın 8-də, müharibənin bitməsindən bir ay sonra II Qaregin hətta Nikol Paşinyanı istefaya da çağırıb. O vaxtdan bəri katolikos və baş nazir ümumiyyətlə əlaqə saxlamayıb və rəsmi tədbirlərdə birgə iştirakdan yayınıblar. İndi isə münasibətlər qarşılıqlı nifrət həddinə çatıb.
II Qaregin müsahibələrində kilsə ilə hakimiyyət arasında gərginlik və ciddi fikir ayrılıqlarının olduğunu gizlətməyib. Ermənilərin Dağlıq Qarabağı tamamilə tərk etməsi də hakimiyyətlə kilsə arasında münaqişəni daha da artırıb. Katolikos “artsax”ın itirilməsinin əsas səbəblərindən biri kimi “Ermənistan hakimiyyətinin Dağlıq Qarabağla bağlı yanlış siyasətini” göstərib.
Bu ilin aprel ayında Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının arxiyepiskop Baqrat Qalstanyanın əsas tələbi Paşinyanın istefası oldu ki, bu da hakimiyyətlə Eçmiədzin arasında növbəti nifaq yaratdı. Paşinyan və onun tərəfdarları hesab edirlər ki, bu aksiyalar II Qaraginin “xeyir-duası” ilə başlayıb. Təsadüfi deyil ki, Nikol Paşinyan aksiyalarla bağlı mətbuat konfransında bildirib ki, katolikos faktiki olaraq siyasi hərəkata rəhbərlik edir. Hökumətin Erməni Apostol Kilsəsinə vergi sistemi tətbiq etməsi də bu gərginliyin sübutlarından biridir.
“Ermənistan hökumətinin müxtəlif nümayəndələri, o cümlədən baş nazir, Tavuşda delimitasiya və demarkasiya adı altında birtərəfli ərazi güzəştlərinə qarşı ictimai üsyanın baş verdiyi bu günlərdə Müqəddəs Erməni Apostol Kilsəsinə hücumlar başlayıb. Kilsənin tarixi missiyası və hazırkı fəaliyyətini kölgələyən yalan ittihamları qətiyyətli rədd edirik. Hökumət başçısının əsassız və bilərəkdən erməni kilsəsini keçmişdə və indi “təsir agenti” olmaqda ittiham etməsi xüsusilə qınaq doğurur. Biz təəssüf edirik ki, mövcud hökumət kilsə-dövlət münasibətlərindəki problemləri öz mövqeyinə uyğun olmayan şəkildə həll edir, o cümlədən təhdid, təzyiq və dezinformasiya vasitələrindən istifadə edir. Ermənistan hökumətinin nümayəndələri xalq və Vətən qarşısında öz məsuliyyətlərini dərk edərək, Ermənistan Respublikasının Konstitusiyasında da təsbit olunmuş Vətənin yaradılmasında və millətin qorunub saxlanılmasında kilsənin tarixi rolu haqqında düşünməlidirlər”, - Eçmiədzindən yayılan bəyanatda deyilirdi.
Erməni mediası yazır ki, bu gərginlik sonsuza qədər davam edə bilməz və barışıq istiqamətində qarşılıqlı addımların atılmasını tələb edir. Bu baxımdan II Qareginin ölkənin ali siyasi rəhbərliyini sentyabrın sonunda keçiriləcək mərasimə dəvəti “kilsənin düşmənçiliyə son qoymağa açıq olduğunu nümayişi” kimi qiymətləndirilir.
“Paşinyan necə cavab verəcək? Görünür, onun reaksiyası “Vətən naminə Tavuş” bayraqları altında gözlənilən yeni etiraz dalğası ilə bağlı olacaq. Hərəkat yayda fasilə verdi və bu payızda siyasi səhnəyə yenidən güclə qayıdacağına söz verib. II Qareginin “xeyir-duasını” alan Baqratın yenidən küçələrdə vətəndaş itaətsizliyi aksiyalarına başlayarsa, Paşinyanın mərasimə dəvətin heç bir mənası olmayacaq” deyə, yekramas.org saytı yazır. İstənilən halda vəziyyət elə qalır ki, heç bir tərəf münaqişəni onun hərəkətləri zəifliyin və hətta “sifətinin itirilməsinin” təzahürü kimi qiymətləndiriləcək şəkildə həll etmək niyyətində deyil. II Qaregin hazırkı baş nazirin istefası ilə bağlı “ata nəsihətindən”, Paşinyan isə kilsəni sıxışdırmaq kursundan əl çəkməyəcək. Qarşıdurmanın ən azı 2026-cı ilin iyununda keçiriləcək növbəti parlament seçkilərinə qədər davam edəcəyi ehtimal edilir.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ