İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda 10 min terrorçunun cinayəti - sülh əleyhinə...

Nə qədər ki, silah daşınır, o qədər bölgədə sülhə təhdid var; növbəti mərhələ silahlı separatçılarla hesab çürütmək olacaq

Ruslar və ermənilər Xəlifəli-Kərkicahan yolu ilə Qarabağa silah daşımağa davam edir. “Yeni Müsavat” bildirir ki, bu özbaşınalıqlar sülh əleyhinə törədilən cinayətlərdir. Nə qədər ki, silah daşınır, o qədər bölgədə sülhə təhdid var. Çünki silah erməni postlarına çatdırılır, onlar atəş açır və nəticədə regionda gərginlik artır. Belədə isə sülhdən danışmaq tezdir. Bu işdə rus hərbçiləri əlahiddə rol oynayır.

Onlar separatizmi himayə etməklə 10 min erməni silahlısı ilə ordumuz arasında yeni təmas xətti yaratmağa çalışırlar. Bu isə Qarabağ iqtisadi zonasında yolverilməzdir. Bölgədə ordumuzdan və sülhməramlılardan başqa silahlı qüvvə qala bilməz. Əslində üçtərəfli sənədin 4-cü bəndində bu müddəa aydın göstərilib, amma 3 ildir ki, icra edilmir. Bununla da sülh əleyhinə cinayətlər davam edir. Çünki silahlı ermənilər qaldıqca, torpaqlarımıza sabitlik, əmin-amanlıq gəlməyəcək. Elə son həftələr də terrorçu qruplar fəallaşıb: müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutur, qurğular yerləşdirməyə cəhd edir, kəsəsi, 10 min terrorçu sülh əleyhinə var gücü ilə cinayət etməkdədir. Əgər Ermənistan lideri Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyirsə, 10 min erməni silahlısının ərazilərimizdə nə iti azıb? Onlar ya getməli, ya getməlidirlər. Prezident Əliyev də Laçında açıq xəbərdar etdi ki, ya təslim olacaqlar və biz amnistiya elan edəcəyik, ya da onları necə çıxarmağın yollarını bilirik  - yəni güc yolu var və 10 min separatçı ünsür ölmək istəmirsə, indidən əraziləri tərk etsinlər. Bakı Xocalıda təlimlərə, Ağdərədə və Xocavənddə postlara silah daşımağa sona qədər səbr etməyəcək. Kimsə Xocalıda bizə meydan sulaya bilməz. Ermənistan da sülh istəyirsə, 10 min tör-töküntüsünü rədd eləməlidir. Sözsüz ki, qondarma rejim və onların militarist varlığı Rusiyanın imperiya maraqlarına, Cənubi Qafqaz siyasətinə lazımdır. Rusların hərbi mövcudluğunu onların varlığı şərtləndirir. Əks halda, rus hərbi birləşmələri Qarabağda uzunmüddətli qala bilməzlər. Azərbaycan isə tələblərini sərtləşdirir. Laçın yolunda ermənilər “quzu balası” kimi növbəyə düzülüb nəzarətdən keçirsə, növbəti mərhələ əli silahlı separatçılarla haqq-hesab çürütmək olacaq.

AZƏRTAC

Ramil Məmmədli

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədlinin sözlərinə görə, heç bir halda erməni silahlı birləşmələri Qarabağ ərazisində mühəndis-istehkam işləri həyata keçirə, səngər qaza, istehkam qura bilməzlər: “Bu, təmas xəttinin yenidən yaradılması deməkdir. Eləcə də yenidən Azərbaycan Ordusunu hərbi əməliyyatlar keçirməyə təşviq və məcbur etməkdir.  Separatçı ermənilərə tabe olan erməni silahlı birləşmələrinin hələ də tərk-silah olunmaması, ümumiyyətlə, orada mövcudluğu qanunsuzdur”. Hərbi ekspertin fikrincə, həm Rusiya, həm də Avropa İttifaqı bununla bağlı konkret mövqeyini nümayiş etdirməli və Azərbaycanın Qarabağda bu əraziyə tamamilə nəzarət etmə imkanlarını reallaşdırmasına imkan yaratmalıdır: “Əks təqdirdə, yəni proses belə davam edərsə, vəziyyətin gərginləşməsi qaçılmaz haldır. Bu, Ermənistanın xeyrinə deyil. Çünki Qarabağın dağlıq və mərkəzi hissəsindəki strateji məntəqələr, mühüm yüksəkliklər, həmçinin Şuşa şəhəri məhz Azərbaycan Ordusunun nəzarəti altındadır. Ordumuz həmin yüksəkliklərdən erməni silahlı dəstlərinin dislokasiya yerlərini, hərəkətlərini və bütün prosesləri həm vizual, həm də müxtəlif avadanlıqlar vasitəsilə nəzarət edə bilir. Bu baxımdan, Ermənistanın belə zidd addımlar atması və beynəlxalq təşkilatların da bu şərti sərhəddə gedən proseslərə biganə yanaşması sonda regionda hərbi əməliyyatların yenidən alovlanmasına gətirib çıxara bilər”.

Bundan əlavə, Fransanın Paris Şəhər Şurası Qarabağdakı separatçılar və terroristlərə yardımın göstərilməsi ilə bağlı növbəti qətnamə qəbul edib. Politoloq Yeganə Hacıyeva isə qeyd edir ki, Fransanın Ermənistanın terror siyasətini “himayə” etməklə, onu silahlandırmaqla və sülh danışıqlarına zərbə vurmasını nəzərə almaqla, bu ölkənin Azərbaycan ərazilərinə göndərdiyi “humanitar yardımın” hansı yüklər olmasını ehtimal edə bilərik: “Məsələn, 1988-ci ildə Ermənistanda zəlzələ zamanı Fransanın göndərdiyi "humanitar yüklər" daha sonra Qarabağda silahlı terrorizmin əsasını qoydu. Digər tərəfdən, Fransanın öz separatçı rejimləri ilə aqressiv siyasət yürütdüyü halda başqa ölkənin daxilində separatçılığın çiçəklənməsinə xidmət edən addımları, sadəcə, Azərbaycana qarşı olan siyasət deyil. Bu, Avropanın balaca diktatoru Makronun Ukraynadakı müharibə üzərindən Çinlə və Rusiya ilə sövdələşməsi elementləri və s. addımları kimi Fransanın Avropanın təhlükəsizliyinə “verdiyi töhfəsidir”.

Hazırladı: Emil SALAMOĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR