İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”, ya “Karabakh”? - Professorların rəyi

“Qarabağ” adının yazılışı vahid formada olmalıdır”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Rəyasət Heyətinin növbəti iclasında deyib. “Qarabağ” adının yazılışı vahid formada olmalıdır və beynəlxalq arenada “Karabakh” formasında əks olunması doğru yanaşma deyil. Artıq Türkiyə parlamenti “Türkiyə” adının “Turkey” kimi deyil, “Türkiyə” kimi yazılışı ilə bağlı qərar qəbul edib və düşünürəm ki, biz də “Qarabağ” adının vahid formada “Qarabağ” şəklində yazılışı ilə bağlı müvafiq addımlar atmalıyıq”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İlham Tahirov “Yeni Müsavat”a bildirdi ki, vaxtilə transliterasiya ilə bağlı təkliflər verilib və təsdiq olunub: “İnzibati ərazi vahidlərindəki “Q” hərfinin hər yerdə “G” hərfi ilə transliterasiya edilməsi 2020-ci ildə Nazirlər Kabinetinin “Azərbaycan ərazi vahidləri adlarının və yaxud coğrafi obyektlərin adlarının ingilis dilinə transliterasiyası haqqında Qaydalar” ında bu təsdiq olunub.İstənilən şəxsin təklif irəli sürmək hüququ var. “Türkiyə” sözünün orijinal formada yazılması isə Türkiyə dövlətinin iradəsidir”.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli təklifə münasibətini belə bildirdi: “Əlbəttə, xüsusi adların vahid yazılış formasının olması çox önəmlidir. Bu mənada İsa Həbibbəyli məsələni düz qoyur ki, Qarabağ sözünün vahid yazılış forması olmalıdır. Amma sözün açığı, onun bir neçə il öncə orfoqrafiya qaydaları ilə bağlı təklifləri dildə xaotik proses yaratmışdı. O ki qaldı Qarabağ sözününü yazılışına, Azərbaycan prezidentinin imzaladığı “Qloballaşma şəraitində Azərbaycan dilinin işlənməsi ilə bağlı” Dövlət Proqramı var. O proqramda qoyulan vəzifələrdən biri də bundan ibarətdir ki, Azərbaycan dilinin transkripsiyası məsələsi həll olunsun. Məsələn, bizdə spesifik səslər və hərflər var, xarici dillərə necə tərcümə olunmalıdır? Xarici dildə vahid yazı forması necə olmalıdır? Birinci bunu həll eləmək lazımdı. Bu Azərbaycan dilindən başqa dillərə keçən sözlərə də aiddir. Biz Dilçilik İnstitutunun monitorinq şöbəsində çalışarkən Xarici Dillər Universitetinin bir çox mütəxəssisi ilə birgə bununla bağlı iş başlamışdıq. Hesab edirəm ki, bu məsələ elmi şəkildə, dil əlaqələri, dillərin spesifik xüsusiyyətləri kontekstində həll olunmalıdır. Məişətlə, incəsənətlə, folklorla bağlı elə sözlər var ki, onlar sabit formada yazılmalı və verilməlidir. Məsələnin əlifbasını həll eləyib sonra yola çıxmaq vacibdir. Dildə təxribat yaratmaq, dil daşıyıcıları ilə dil qaydaları arasında uçurum yaratmaq cinayət işidir”.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR