İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” ondan da yaxşı 5 hücumçu tapacaq və alacaq

«Qarabağ»da yeni mərhələ başlayır.

Juninyonun gedişi ilə başlayan bu mərhələ komandaya çox şey vəd edir. Hər halda braziliyalı hücumçunun «Flamenqo»ya satışından büdcəyə 5 milyon avro daxil olacaq.

Həmin pula isə Juninyodan daha səviyyəli beş ön xətt oyunçusu tapmaq mümkündür. «Qarabağ»ın seleksiya qrupu bu işdə pərgardır.

Adamlar ilboyu axtarışdadır. Nə gecələri var, nə gündüzləri. Qurban Qurbanova lazım olan forvardı yerin deşiyindən də olsa, tapıb üzə çıxaracaqlar, rəhbərlik də alacaq.

«Qarabağ» cari avrokubok mövsümünün ötən ilə təsadüf edən hissəsini uğursuz keçirdi. Çempionlar Liqası ilə pley-off mərhələsində vidalaşdılar. Avropa Liqasının Liqa mərhələsinin ilk 6 turunda 5 məğlubiyyət aldılar.

Juninyonun bunda «pay»ı yüksəkdir, komandanın başqa simalarından da daha yüksək.

O, sadəcə, oynamırdı. Oyunları yola verirdi. Avropanın bir neçə klubundan, sonda «Sevilya»dan gələn təklif Juninyonun olan-qalan ağlını da əlindən almışdı.

Keçən avrokubok sezonunda gördüyümüz Juninyo tamam başqa biri idi, onu biz də, Qurban Qurbanov da təkrar izləmək istədik, izləyə bilmədik.

Braziliyalı Zaqreb «Dinamo»su ilə matçlardan etibarən yalnız əsəblərimizlə oynadı. Zalımın balası sanki yoldaşlarının qəsdinə durmuşdu, elə qol epizodlarını boşa verirdi ki…

Qaçırdığı fürsətlərin sayı o qədər çox idi ki… Vecinə də deyildi amma.

Ruhən «Qarabağ»dan qopmuş əcnəbini yenidən komandaya qazandırmaq üçün Qurban Qurbanov çox çalışdı, amma çi fayda!

Premyer Liqanın geridə qalan 18 turunda cəmi 3 qol vuran Juninyo ilə vidalaşmaq üçün ən münasib vaxt elə indi idi. Qalsaydı, «Qarabağ»a 1 qəpiklik xeyri dəyməyəcəkdi, böyük ziyanı dəyəcəkdi.

Juninyo çiyin-çiyinə çıxış etdiyi dostlarını bu aralar heç düşünmədi. Onların əziyyətini, zəhmətini yerə vurdu.

Boşa verdiyi əksər qol epizodlarından sonra heç nə olmamış kimi özünü aparmaqla.

Üzündə, gözündə, hərəkətində bir təəssüf, üzüntü, qımıldanma yox idi. Siz bu halı onda sezmədiz, elə mən də.

Di, get indi… Belə yaxşı oldu. Getməsəydi, düşərgədə ab-havanı iyrəndirəcək, ağırlaşdıracaqdı.

Bu gün burada hamı dərindən bir «of» çəkir. Qurban Qurbanovun da üstündən ağır yük götürüldü. (sportinfo)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR