İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Yaxın Şərqin yenidən dizaynında

Azərbaycan lideri son iki həftədə üç mühüm sammitdə iştirakı ilə şübhəli geosiyasi avantüralara qoşulmadığımızı göstərdi; Qəzza zirvəsində iştirakımızın isə iki mühüm səbəbi var...

Misirin Şarm əl-Şeyx kurortundan “sülh sammiti”nin nəticələri yaxın günlərin, bəlkə də ayların müzakirə mövzusu olaraq qalacaq. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi sammit əslində Yaxın Şərqin yenidən şəkilləndirilməsidir.

“Yeni Müsavat” bildirir ki, Prezident İlham Əliyevin bu qədər məhdud və dar iştirakçı siyahısı ilə sammitə dəvət alması həm Azərbaycanın bir dövlət, həm də Prezidentin siyasi çəkisinin, nüfuzunun bariz sübutudur.

Yeri gəlmişkən, ABŞ lideri Donald Tramp azərbaycanlı həmkarını salamlayıb, prezidentlər birgə foto çəkdiriblər. Sonra Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdiriblər.

Sammitdə Tramp Əliyevi güclü lider adlandırıb, Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqton görüşünə toxunaraq deyib: “Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi? İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır”.

Ümumiyyətlə, Donald Tramp administrasiyası ABŞ-də hakimiyyətə gələndən bəri Bakı-Vaşinqton əlaqələri yüksəlişdədir, ölkəmizin “İbrahim sazişləri”nə qoşulması barədə söhbətlər gedir. Bu da təəccüblü deyil: Azərbaycanın İsraillə, ərəb ölkələri, o cümlədən Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı ilə dostluq münasibətləri var. Nəticə etibarı ilə indi Azərbaycan həqiqətən qlobal problemlərin, o cümlədən Yaxın Şərqdəki problemlərin həllində müstəqil oyunçu kimi iştirak edir.

Azərbaycan uğurlu və həqiqətən çoxvektorlu xarici siyasət yürüdür. Prezident İlham Əliyevin bu yaxınlarda iştirak etdiyi yüksək səviyyəli görüşləri xatırlamaq kifayətdir: oktyabrın 1-2-də Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti; 6-7 oktyabrda Qəbələdə Türkdilli Dövlətlər Təşkilatının sammiti; 9-10 oktyabrda Düşənbədə MDB sammiti keçirildi. Nəhayət, Azərbaycan Prezidenti Yaxın Şərq “sülh sammiti”ndə iştirak etdi.

Bu, sadəcə olaraq, çoxsaylı coğrafi vektorlar arasında uğurlu diplomatiya deyil. Azərbaycan, hər şeydən əvvəl, sözü imza qədər ağır olan etibarlı tərəfdaş olduğunu sübut etdi. Ölkəmiz bir-birinə qarşı koalisiyaya və şübhəli geosiyasi avantüralara qoşulmur. Azərbaycan sülhün, inkişafın, əməkdaşlığın və beynəlxalq hüquqa hörmətin tərəfdarıdır. Ən əsası isə ölkəmizin siyasi çəkisi və nüfuzudəfələrlə artıb. Bu, “yüksək səviyyəli diplomatiyada” özünü göstərir.

Çingiz Qənizadə yenidən deputatlığa namizədliyini irəli sürdü | Modern.az

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Qəzza sammitinə dəvət edilməsi Azərbaycanın geosiyasi nüfuzunun nə qədər yüksəldiyini gözlər önünə sərir. Ç.Qənizadə hesab edir ki, Azərbaycan Fələstinin müstəqilliyini tanıyan ölkələrdən biridir, zaman-zaman anklav bölgəyə humanitar yardımlar da göndərib, bu mənada Misir zirvəsində iştirakı haqq edirik: “Eyni zamanda Azərbaycan Prezidentinin dünya siyasətində reytinqinin və hörmətinin hansı ali səviyyədə olduğu bir daha sübut olundu. İstər Macarıstanın baş nazirinin cənab prezidentə ehtiramı, istər Trampın İlham Əliyevi güclü lider adlandırması, ona rəğbəti, həmçinin Makronun artıq reallıqları dərk edərək münasibətini dəyişməsi göstərir ki, Azərbaycan düz yoldadır. Bizim dürüst siyasətimizin nəticəsidir ki, vaxtilə ölkəmizə qarşı çıxanlar da indi həqiqətlərlə barışırlar. Azərbaycan Qəzza zolağında baş verənlərdə, o cümlədən Ukrayna münaqişəsində həmişə sülhün tərəfdarı olub, zərərçəkən tərəfə humanitar dəstək verib”.

Hüquq müdafiəçisi hesab edir ki, Yaxın Şərqə dayanıqlı sabitliyin gəlməsi üçün ikidövlətli həll planı reallaşmalıdır: “Azərbaycan da BMT-nin irəli sürdüyü bu ideyanı dəstəkləyir. Yəni Şərqi Qüds paytaxt olmaqla Fələstinin dövlət müstəqilliyi hamı tərəfindən qəbul edilməlidir, İsrail də bununla razılaşmalıdır. Düşünürəm ki, sammitdə əsas müzakirə mövzularından biri də bu ola bilər. Azərbaycan da prosesə töhfə verməyə həmişə hazırdır. Ümumiyyətlə, sammitdə iştirakımız bir daha göstərdi ki, Azərbaycan sülh tərəfarıdır”.

Ç.Qənizadənin sözlərinə görə, bundan əlavə, son iki həftədə dövlət başçısının iştirak etdiyi zirvə toplantıları bizim xarici siyasət vektorumuzun çoxşaxəli olduğunu nümayiş etdirdi: “Azərbaycan Kopenhagendə avropalı liderlərlə bir araya gəlir, Qəbələdə prioritet hədəfimiz olan Türk dünyasını toplayır və cənab prezident orada birgə hərbi təlimlər keçirilməsini təklif edir, ardınca Yaxın Şərqdə sülhün bərqərar olması prosesində iştirak edir. Bu, bizim nə qədər böyük və səmimi olduğumuzu göstərir”.

Separatçılara Rusiya dövlət agentliyində platformanın verilməsi Moskvanın  tapşırığıdır - Asif Nərimanlı

 Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlıya görə, Azərbaycan üçün Qəzza sammiti Prezident İlham Əliyevin iştirakı fonunda xüsusilə maraqlıdır: “Əliyevin belə bir sammitə dəvət edilməsində Azərbaycanın Yaxın Şərqin gələcəyinin qurulmasında potensial iştirakçılardan olması rol oynayır. Bakı Qəzza münaqişəsinin faktiki tərəflərindən olan Türkiyə və İsrail arasında təmasların təşkil edilməsi təcrübəsinə sahibdir və bölgəyə sülhün gəlməsinə hesablanmış Tramp planında da aktiv fəaliyyət göstərə bilər”.

Onun fikrincə, Azərbaycanın Qəzza sammitinə dəvət edilməsində iki amil də qeyd olunmalıdır: “Birincisi, Trampın yenidən aktuallaşdırdığı "İbrahim anlaşmaları"dır. İsrail və ərəb ölkələri arasında əməkdaşlığa hesablansa da, ABŞ administrasiyasının coğrafiyanı genişləndirərək, Orta dəhliz xəttindəki ölkələri də daxil etmək istədiyi “İbrahim anlaşmaları”nda Azərbaycanın da yer alması gözləntiləri var. Qəzzada sülhün əldə edilməsi “İbrahim anlaşmaları”nın perspektivini müəyyən edəcək, bu baxımdan, regionun gələcəyinin həll edildiyi sammitdə Azərbaycan liderinin iştirakı ABŞ üçün vacib görünür.

İkincisi, Azərbaycan Qəzzanın bərpasında iştirak edə bilər. Sammitdə bu məsələnin müzakirə ediləcəyi və digər iştirakçı ölkələr kimi, Azərbaycandan da bölgənin yenidən qurulmasında iştirakının istənilməsi istisna edilməməlidir".

Zaur Məmmədov: Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır  - AZƏRTAC

Zaur Məmmədov

Politoloq Zaur Məmmədovun fikrincə, Şarm əl-Şeyx sammitində iştirak bir çox dövlətlər üçün arzuolunan diplomatik hadisədir. Onun sözlərinə görə, bu, ilk növbədə həmin liderlərin qlobal siyasi nüfuzunun göstəricisidir və eyni zamanda ABŞ ilə strateji münasibətlərin səviyyəsi ilə birbaşa bağlıdır: “Azərbaycan-ABŞ münasibətləri hazırda yüksək dinamika ilə inkişaf edir. Vaşinqtonda və Yaxın Şərq paytaxtlarında yaxşı anlayırlar ki, Azərbaycan bu gün regionda birləşdirici və inteqrasiyaedici aktor rolunu oynayır. Misirin yerləşdiyi geostrateji məkan və bütövlükdə Yaxın Şərqdə baş verən proseslər fonunda son illər Azərbaycanın diplomatik fəallığı nəzərəçarpacaq dərəcədə artıb”.

Onun fikrincə, Vətən müharibəsindən sonra Azərbaycanın xarici siyasəti yeni istiqamətlərə və strateji hədəflərə yönəlib: “Ölkə ilk dəfə olaraq Yaxın Şərq və Afrika istiqamətində bu dərəcədə sistemli siyasi və iqtisadi fəallıq nümayiş etdirir. Bu, Azərbaycanın müstəqillik dövründə regional və qlobal səviyyədə daha geniş siyasi manevr imkanları qazandığını göstərir”.

Politoloq hesab edir ki, Prezidentin sammitdə iştirakı Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsi, geosiyasi statusunun yüksəlməsi və qlobal diplomatik proseslərdə təsir imkanlarının genişlənməsi baxımından əhəmiyyət kəsb edir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR