Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “3+3 regional məşvərət mexanizminin aktuallığı artmaqdadır: “Bu təşəbbüs mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlayır, regional təhlükəsizliyi və sabitliyi gücləndirir, iqtisadi artım və tərəqqi naminə yeni imkanlar yaradır”. Azərbaycan baş nazirinin müavinin Şahin Mustafayev belə deyib.
“Yeni Müsavat” xatırladır ki, bu format altı dövlətin Rusiya, İran, Türkiyə, digər tərəfdən isə Azərbaycan, Gürcüstan və Ermənistanın əməkdaşlığını nəzərdə tutur. Azərbaycan-Rusiya münasibətlərində gərginlik, Tiflis və Moskva arasında hələ də diplomatik münasibətlərin bərpa edilməməsi, İran-İsrail savaşı "3+3" formatının taleyini böyük ölçüdə sual altında qoymuşdu. Türkiyə 1993-cü ildən Ermənistanla sərhədi bağlı saxlayır. Bunun nəticəsində avtomobil və dəmir yolu əlaqəsi yoxdur. Bütün bunlara baxmayaraq, Ermənistan və Türkiyə təmsilçiləri "3+3" platformasının işində iştirak edirlər. "3+3" formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır. Bu da sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda işbirliyi imkanlarının geniş olmasının göstəricisidir.
Yada salaq ki, buna qədər “3+3” formatının (Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya, İran) görüşləri olub. Birinci toplantı 2021-ci ilin dekabrında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada, ikinci görüş isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşıb. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra üçüncü görüş isə İstanbulda keçirilib. Bu çərçivədə əməkdaşlıqdan birmənalı şəkildə imtina edən təkcə Gürcüstandır. Gürcüstanın işğal problemi qalmaqdadır.
“3+3” formatının yenidən gündəmə gətirilməsi regional əlaqələrdə, dialoq və əməkdaşlığın təmin edilməsi ilə gərginliyin azaldılmasına və sabitliyin təşviqinə kömək edə bilərmi? Gürcüstan olmadan bu format nə dərəcədə uğurlu fəaliyyət göstərə bilər?
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva Azərbaycanı “3+3” formatının ideya mərkəzi sayır. O, bununla bağlı "Yeni Müsavat"a fikirlərini çatdırıb: “Bakı istənilən vaxt bu ideyanın əsas donoru və moderatoru olmağa hazırdır. Beş il əvvəl, Vətən müharibəsinin başa çatmasından az sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və region dövlətləri arasında sıx əlaqələri və inteqrasiyanı nəzərdə tutan “3+3” formatı təkcə yerli ekspertlərin deyil, beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir. Söhbət Cənubi Qafqazda 6 ölkənin iştirakını nəzərdə tutan yeni əməkdaşlıq formatından gedir.
Hər bir məsələdə Azərbaycanla həmrəylik nümayiş etdirən qardaş Türkiyə ölkəmizin bu təşəbbüsünə də tam dəstək ifadə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk günlərdən bildirmişdi ki, "3+3" formatının fəaliyyətə başlaması regionda sülh və sabitliyə böyük töhfə verəcək. Həmin əməkdaşlıq formatının bir tərəfi Türkiyə, Rusiya və İran, digər tərəfi isə Azərbaycan, Gürcüstan və Ermənistandır. Bu altı ölkə regionun düyünlərini çözmək və "öz göbəklərini özləri kəsmək" iqtidarındadır. Amma ortada bir sıra əngəllər də mövcuddur.
Digər tərəfdən, bu formatın işləməsi üçün üç cari problem əngəl yaradır. Bunlardan biri və ən köklüsü Rusiya və Gürcüstan arasındakı siyasi böhrandır. Tiflis və Moskva arasındakı münasibətlər demək olar ki, yox səviyyəsindədir. Abxaziya və Osetiya problemini həll etmədən Gürcüstan Rusiya ilə eyni çətir altında açıq əməkdaşlığa “hə” deməyəcək. Eyni zamanda hazırda Bakı ilə Moskva arasında da münasibətlərin üzərindən sərin meh əsir. Doğrudur, Düşənbə görüşündə Azərbaycan və Rusiya liderləri görüşdülər. Münasibətlərin isinməsi üçün addımlar atıldı. Hələlik son 10 aydakı soyuqluğu hərarətləndirməyə yetmir. Üçüncü məsələ isə Ankara və Tehran arasındakı casus qalmaqalıdır. Türkiyədə polisin keçirdiyi əməliyyat və İran casus şəbəkəsinin ifşası, mediada həftələrlə tirajlanması molla rejiminin türklərə qarşı “könlünü bulandırıb”. Amma istənilən halda regionun problemlərini region ölkələri həll etməlidirlər. Bu, xüsusən Zəngəzur dəhlizi üçün önəmlidir".
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov qeyd etdi ki, “3+3” formatı region ölkələrinin əlaqələrinin inkişafı və problemlərin həlli üçün seçilən ən uyğun format hesab olunur: "Təbii ki, həmin ölkələri, tarixi, iqtisadi, siyasi, mədəni, humanitar tellər bağlayır və bir-birilərindən qopmalar mümkün görünmür. Lakin Ermənistanın, Rusiyanın və İranın təcavüzkar siyasi ambisiyaları və apardığı yanlış siyasətlər Cənubi Qafqazda qeyri-sabit bir vəziyyət yaradıb. Dünyanın ən həssas nöqtələrindən olan Cənubi Qafqazda hələ də qalıcı sülhə, təhlükəsizliyə nail olunmayıb. Ermənistanla Azərbaycan arasında sülh sazişi paraflansa da, yekun sənəd imzalanmayıb, Rusiya Gürcüstanın Abxaziya və Cənub Osetiya bölgələrini işğal altında saxlayır, İran Azərbaycanla qeyri-dost mövqeyindən imtina etməyib. Bütün bunlar “3+3” formatının gələcəyini və perspektivini şübhə altına salır. Bir neçə dəfə Rusiya, İran, Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə tərəfi bir araya gələrək regiondakı problemlərin nizamlanmasna təşəbbüslər göstərilib. Ancaq Tiflis ərazilərinin Rusiya tərəfindən ilhaqını əsas tutaraq görüşlərə qatılmayıb. Rusiya ilə Azərbaycan arasında məlum təyyarə qəzası səbəbilə bir ilə yaxın müddət çəkən soyuqluq indi-indi isinməyə başlayır. Tehran ənənəvi siyasətində pozitiv kardinal dəyişikliklər etməyə həvəsli görünmür. Bir neçə gün əvvəl İranın, Rusiyanın və Azərbaycanın yüksək səviyyəli rəsmi şəxslərinin görüşü baş tutdu, nəqliyyat, gömrük mələləsində razılaşmalar əldə edildi. Bütün bunlar "3+3" platformasının aktiv işləyəcəyi demək deyil. Gürcüstan hələ də platformada aparılacaq müzakirələrdən özünü kənarda saxlayır. Tiflisin iştirak etməməsi region ölkələrini tam əhatələməsinə və problemlərin həllinə daha fundamental yanaşılmasına müəyyən əngəllər yaradır. Bu forma çərçivəsində Azərbaycan və Türkiyə daha praqmatik xətt tutublar və kənar qüvvələrin bura müdaxiləsinin dağıdıcı təsir göstərəcəyini anlayırlar. Biz Ermənistanın simasında belə cəhdləri müşahidə edirik. İrəvan Fransa, Hindistan kimi ölkələri regiona cəlb etməklə disbalans və ziddiyyətlər yaratmaqla yanaşı, regiona ənənəvi təsir zonası kimi baxan Rusiyanı, İranı və Türkiyəni qıcıqlandırır. Adlarını sadaladıqlarımızn özlərinin egionda milli maraqları olsa da, bunu digər region ölkələri ilə birlikdə uzlaşdırmaq olur. Ermənistandakı daxili siyasi-iqtisadi istiqrarsızlıq, Gürcüstandakı mövcud vəziyyət təbii ki, arzuolunan deyil. Regiondaxili ziddiyyətlərin, fikir ayrılıqlarının və bəzi hallarda maraqların toqquşması hallarının mövcudluğuna rəğmən "3+3" formatı əməkdaşlıq və dialoq üçün əlverişli fürsət və məkan ola bilər”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ