Onlayn ictimai-siyasi qəzet
Pakistan ordusu ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Kurram dairəsində Pakistan nəzarət-buraxılış məntəqələrinə hücuma cavab olaraq Əfqanıstan terrorçularının mövqelərinə zərbələr endirib.
Musavat.com xəbər verir ki, məlumatı Pakistan silahlı qüvvələrinə istinadən dövlət PTV telekanalı yayıb.
Pakistan silahlı qüvvələrinin məlumatına görə, oktyabrın 14-də axşam Taliban qüvvələri və Fitnə əl-Xəvaric (əvvəllər Tehrik-e-Taliban Pakistan və ya Pakistan Taliban Hərəkatı kimi tanınır) silahlıları Pakistan sərhəd postlarına səbəbsiz atəş açıblar. Pakistan ordusunun cavab tədbirləri nəticəsində bir nəzarət-buraxılış məntəqəsi və tank atəşi mövqeyi məhv edilib. Qarşıdurmalarda yüksək rütbəli Fitnə əl-Xəvaric komandirinin də öldürüldüyü bildirilir.
Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstanın Hilmənd vilayətində atışma baş verib. Daha sonra Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Lahor şəhərinə zərbələr endirib. Taliban rəsmiləri əməliyyatın təfərrüatlarını açıqlamayıb. Əfqanıstanın TOLO News telekanalı isə qarşıdurmalarda ən azı 58 pakistanlı əsgərin öldüyünü iddia edib. İslamabad ən azı 200 silahlının öldürüldüyünü, Əfqanıstanda atışma məntəqələri kimi istifadə edilən 19 terrorçu hədəfi məhv etdiyini və Pakistana hücum edən ekstremistlərə dəstək verən Əfqanıstan tank batalyonunun qərargahına zərbələr endirdiyini açıqlayıb.
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ