İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ atlarını erməni vandalizmindən xilas edən usta: At qeyrət, namus rəmzi idi, indi isə…

Artıq Şəmsəddin müəllimin dediyi yerə çatmışdıq. Hər tərəfdə atlar, samanlar və nallar vardı. Atmosfer də tam fərqli və maraqlı idi. Eyni müsahibim kimi.

Beləliklə, oxucularımıza Azərbaycan Respublikası Atçılıq Federasiyasının usta məşqçisi, nalbənd Şəmsəddin Atayevin Publika.az-la söhbətini təqdim edirik.

Şəmsəddin müəllimlə söhbət edə-edə masa arxasına keçdik. Hava isti olduğundan elə qərara gəldik ki, talvarın altında, həyətdə oturaq. Arada sərin meh əsirdi. Həyətin hər küncündən atların kişnəməsini eşidirdik. Şəmsəddin müəllimin evi də elə müsahibə verdiyi yerdə idi. “Yəqin ən xoşbəxt insanlardandır ki, evi ilə işi arasında məsafə heç yoxdur”, deyə ürəyimdə düşünürdüm. Bu an o, sanki ürəyimi oxudu və danışmağa başladı.

“Nəslimizin bütün kişiləri atçılıqla məşğul olurdu, bu ənənə hələ də davam edir”

Əslim Ağdamdandır, orda yaşamışıq. Atcılıq camiyəsində bizə Atayevlər deyirdilər. Nəsillikcə bu işin içindəydik. Ağdamın Eyvazxanbəyli kəndində atçılıq mərkəzi yaradılmışdı - Ağdam Atçılıq Zavodu. Babamın hələ o dövrdən şəxsi atları vardı. Ağdamda atçılıq mərkəzi yaradılanda kəndə soruşub, araşdırıblar və belə qərara gəlinib ki, atlara babam baxa bilər. Babam işə yeni başlayanda at az olubmuş. Yavaş-yavaş cins atların sayı çoxalıb. Daha sonra atam babamın yanında işə başlayıb. Qohumlarımızın çoxu elə orada işləyib. Nəslimizdə atla məşğul olan o qədər adam var ki, adlarını saysam bitməz. Əsas işimiz isə cins atlar idi. Həmin zavodda elə bir şərait yaratmışdılar ki, cins atlar digər atlarla bir yerdə olmurdu. Qarbağ atları öz rəngi, duruşu, qaşqası və əzmi ilə digərlərindən fərqlənirdilər. Həm də çox dözümlü atlar idilər.

“Bu peşəni babamdan öyrənmişəm”

İndi texnika əsridir. Əvvəllər atlardan çox istifadə edirdilər. Bu işin üzünü, astaranı babamdan öyrənmişəm. Babamdan sonra isə bu işə atam baxırdı. Atamın dövründə atlar arası qohumluq əlaqəsi tamamilə kəsildi. Necə ki qohum insanlar ailə quranda uşaqlarında problem yaranır, bu, eynilə atlara da aiddir. Biz də gözümüzü açıb gördük ki, atamız, babamız bu işlə məşğuldur. Məni nə qədər başqa sənətə yönləndirmək istələsələr də, elə bu işə bağlıydım.

“Məni atın üstündə Allahdan başqa heç kəs yıxa bilməz”

At elə heyvandır ki, insanı özünə cəlb edir. Uşaqlığım bu işin içində keçdiyi üçün atdan qorxmadım. Çox adam var ki, atdan qorxur. Məndə belə bir anlayış var, bu dəqiqə güclü birisi məni yıxar da, vurar da. Amma atın üstündə olanda heç bir güc məni yıxıb, oradan sala bilməz. Atın üstündə özümü çox inamlı və arxalı hiss edirəm. Çətini atın belinə minincədir. Atın üstündə olanda onunla bir canda oluram. Artıq onun nə edəcəyini hiss edirəm. Atın bir xarakteri var. Onu hiss etmək olur. Neçə ildir ki, bu işlə məşğulam. Əvvəllər də məşğul idik ta ki...

Bu zaman bayaqdan canla-başla danışan Şəmsəddin müəllim bir anda susur. Gözləri yaşla dolur, qəhərlənir. Söhbətimizə bir anlıq sükut çökür. Gözlərini qaçırıb, uzaq bir nöqtəyə baxır. Artıq mövzunun hara gedəcəyini başa düşürəm. Odur ki, susub onun başlamasını gözləyirəm. Bir neçə dəqiqə sonra udqunub, “Allah ermənilərə lənət eləsin” deyir.

“Hamı evindən nəsə aparmağa çalışırdı, mən də Qarabağ atlarını çıxarırdım”

Həyatımız elə xoş, elə yaxşı keçirdi ki… Bir gün qara duman bizim də evin üstünə gəldi. “Güllə başımın üstündən yağış kimi yağırdı”, yəqin ki, bunu çox eşitmisiniz, amma həqiətən də belə idi. Evimizdən bir çöp belə, çıxara bilmədik. Atam o vaxtı mənə dedi ki, bala, o mal-mülk sabah da olacaq. Əsas məsələ Qarabağ atını çıxarmaqdır. Bizdə olan atlar törədici ayqırlar idi. Bütün Qarabağ atları həmin atlardan törənirdi. O vaxtı hamının başı qarışıq idi. Kim nə etdiyini bilmirdi. Gedib, kəndin böyüyündən xahiş etdim ki, bu atları bir yolla buradan çıxaraq. Sağ olsun, sözümü yerə salmadı, mənə köməklik etdi. Maşınla oradan bura 9 baş törədici ayqır götürüb, gəldim. Bu ayqırlar digər atlardan fərqlidir. Əslində, onları tək-tək götürmək lazım idi. Məcburiyyətdən hamısını birlikdə gətirdik. Zaman keçdi, gəlib bu günə çatdıq. İndi evim də, işim də buradır. Oğullarım da atçılıqla məşğuldurlar.

“Evim, ailəm, gəncliyim, hər şeyim vandalizmin qurbanı oldu”

Bu yaxında xarici şirkət gəlmişdi. Yaşadıqlarımla bağlı qısa film çəkdilər. Məni də Ağdama apardılar...

Bu zaman həmsöhbətim əllərini üzünə tutub hönkür-hönkür ağlamağa başlayır. İçindəki keçməyən ağrı o qədər hiss olunurdu ki. Səsinin titrəməsindən nə qədər ağrı çəkdiyi bəlli idi.

“Ailəm və atlarla burada məskunlaşdıq”

Orada iki evim vardı. Kimə pis təsir etməz ki, iki evin ola-ola evsiz qalasan. Atları gətirdikdən sonra bir neçə il burada saxladım. At çox həssas heyvandır. Cins atlarla adi atlar eyni deyil. Dünyada 260-dan çox cins at var. Onlardan da ikisi Azərbaycandadır. Onlardan biri Qarabağ, digəri isə “Dilboz” atıdır. Hər ikisinin rəngləri fərqli olsa da, qüvvələri eynidir. Daim yarışa eyni gediblər.

Bu zaman Şəmsəddin müəllim uca səslə çağırır.

- Ay bala, Kömürü (atın adıdır) gətirin.

Bir neçə dəqiqə sonra Kömür gəlir, nə gəlir. Ağappaq üstündə də qara nöqtələr. Heç kömürlə əlaqəsi yoxdur. Elə gözəldir ki, tükləri, gözləri və duruşu adamı valeh edir.

Şəmsəddin müəllim atın yüyənini əlinə alır və məni çağırır ki, gəl, sığalla. Elə atı sığallaya-sığallaya söhbətə davam edirik.

- Şəmsəddin müəllim, atın rəngi ağdır, amma adı Kömürdür.

- Hə, qızım, bütün atlar doğulanda qara olur. Sonradan rəngi dəyişir.

“Köhlən atın ən yaxşısı, ən cəsuru deməkdir”

Hazırda məşqçiyəm. Atları yarışlar üçün hazırlaşdırıram. Azərbaycanda milli atüstü oyun növlərindən biri olan Çovqanın komandalarından birinin üzvüyəm. “Köhlən” adlı komandam var. Köhlən ən yaxşı at deməkdir. Buna görə də həmin komandanın adını məhz elə qoydum.

Artıq at yerində durmurdu. Şəmsəddin müəllim atı sığallayıb, üzünü mənə çevirib ”Hələ bu nədir ki, sən Sərf və Sahili görəsən” dedi.

Tapşırır ki, Sərf və Sahili gətirsinlər. Onlar gələnə qədər bizi aparır özünün yaratdığı balaca bağçaya.

Bağça, nə bağça, güllü-çiçəkli, alçadan tutmuş, pomidora qədər nə desəz var. Düzü çox balaca bağçadır. Amma o qədər sevgi verib ki, insana ucsuz-bucaqsız bağ kimi gəlir. Şəmsəddin müəllim tez alça ağacına baxıb, 2-3 dənə alça tapıb dərib, bizə verir.

Bağçanın yanında içi nalla dolu balaca otaq görürəm. Şəmsəddin müəllim, əvvəllər nalbəndliklə də məşğul olmusunuz?

“Bu günə kimi atın ayağında nal olurdu, artıq plastik ayaqqabı da çıxarıblar”

Hə, olmuşam. Elə mənim nömrəmi sizə tələbəm, Tofiq verib. Əvvəllər nalı atın ayağına necə gəldi vururdular. İndi isə elə deyil. Atın dırnağının yonulması çox vacibdir. Təkcə nal vurmaq nalbəndlik deyil. Nalbənd həmin ustadır ki, gözü ilə dırnağın qalınlığını görə bilsin. Mismarı haradan və necə vurmaq lazımdırsa nalbənd onu bilməlidir. Nallar çox fərqlidir. Bu gün at üçün plastikdən ayaqqabı da çıxıb. Dünənə kimi biz dəmirdən nal vururduq. Bu gün isə... Hər atın ayağına vurulan nal fərqlidir. Atın dırnağının içində müxtəlif damarlar keçir. Bilmək lazımdır ki, nalı hara vurmaq olar, hara olmaz. Ölkəmizdə tələbata uyğun nalbəndlər var. Yanıma bu peşəni öyrənməyə çox uşaq gəlir. Yarışlarda iştirak edənlərin çoxu tələbələrimdir. Dünənə qədər öyrətdiyim uşaqlar bu gün məndən daha yaxşı nallayırlar. Onlara niyə nalbənd deməyim ki?

“Keçmişdə nal ancaq dəmirdən olurdu, bu gün isə…”

Əvvəllər nal yalnız dəmirdən olurdu. Bu gün isə artıq alüminiumdan da hazırlanır. Hər iki nalın fərqi var, dəmir nal daha ağırdır. Məşq zamanı dəmir nal vurulur. Yarış zamanı isə alüminiumdan istifadə olunur. Sizə deyim ki, rayon yerlərində ata vurulan nallar belə, fərqlidir. Onların mahmızı olur. Mahmız dağa qalxan ata çox böyük köməklik edir. Yəni, ayağın arxasından iki dəmir çıxır və onlar yerə batır. Bu zaman at sürüşmür.

“Ölkədə hazırlanan nallar çox bəsitdir”

Nalları əvvəllər burada sifariş verirdik, lakin istədiyimiz nəticəni ala bilmirdik. Gərək, bütün detalları özümüz deyək. Yəni, yaxşı düzəldilmirdi. İndi isə nalları xaricdən alırıq. Hər ölkəyə görə də qiymət dəyişir. Ortalama 1 atın 4 ayağının nalı 50-60 manat civarındadır. Bu da hardasa bir maşın təkərinin qiymətidir. Amma burada başqa məsələ var. Bir maşının təkəri ortalama bir il gedirsə, nallar 40-45 gün gedir. Təxminən, 40 gündən bir nal dəyişməlidir. Bu da hər atda fərqlidir. Elə at var, dırnağı 20 günə uzanır, eləsi də var ki, ayağından çıxarılan nal heç ələ gəlmir.

Həm də hər atın ayağının ölçüsü fərqlidir. Həmişə atları insanlarla müqayisə edirəm. İnsanın xarakteri olduğu kimi atın da xarakteri var. Elə at var ki, sakitdir, 15-20 dəqiqəyə nallayıb yola salırsan. Eləsi də var ki, saatlarla məşğul olursan. Bəzən gücümüz çatmayanda sakitləşdirici iynədən istifadə edirik ki, ən azı bir az sakitləşsin, imişizi görə bilək. Nallama prosesi hər atda fərqlidir. Atın ayağna nal vurmaq savabdır. Atın haqqıdır ki, minilirsə yeməyi verilsin, nalı vurulsun və çimizdirilsin. At mütləq nallanmalıdır. Əvvəllər babamgil nal tapa bilmirdilər. Buna görə də dəmir beli kəsib, hazırlayıb atın ayağına vururdular.

“Nallama prosesi zərgər dəqiqliyi istəyir”

Proses zamanı öncə atın dırnağında nə çirk varsa təmizlənməlidir. Daha sonra nalbənd baxır ki, vəziyyət necədir. Nal atın ayağına oturana qədər onu çəkiclə düzəltməlisən. Bir zamanlar Bakıda kimin atı vardısa hamısını mən nallayırdım. İndi tələbərimə öyrətmişəm deyə, bu işə elə də baxmıram.

“Bura açıq qapı olduğundan kimə nə lazımdırsa istəyir”

Yerim bəlli, işim bəlli. Yaşadığım müddətcə bura müxtəlif insanlar gəlib, müxtəlif şeylər istəyiblər. At tükündən tutmuş, nala kimi. Günlərin bir gün bura 3 xanım gəlmişdi. Dedilər ki, at südü istəyirik. Mən də tapıb, verdim. Üstündən bir neçə il keçmişdi, bir də gördüm ki, həmin qadınlar gəlir, qucaqlarında uşaq, əllərində də hədiyyələr. Yoldaşımla başa düşmürük ki, nə məsələdir. Sən demə, həmin qadınlardan birinin neçə ildir ki, uşağı olmurmuş at südü içəndən sonra uşağı olub, onlar da hədiyyələr alıb, yanımıza gəlmişdi. Bu mənim və ailəm üçün çox maraqlı bir hadisə olmuşdu. Hətta at qanı belə, istəyən olub.

Bu zaman atın kişnəməsi eşidilir. Uzaqdan Sahil gəlir. Sahilin üstünə düşən günəş şüaları onu elə parıldadır ki, adamın gözü qamaşır. İlk dəfədir bir heyvanın belə parıldadığını görürəm. At yerində bir dəqiqə olsun dayanmırdı. Axır ki, yüyəni verildi Şəmsəddin müəllimin əlinə. Sahil bir anlıq sakitləşdi. Amma bir neçə saniyədən bir ayağını yerə vurmağa başladı. Ayağını yerə elə vururdu ki, nalın səsinə, gedənlər də çönüb baxırdı. Ayağını vurduğu yerdə torpaq silkələnirdi. Sadəcə atın əzəmət və qüdrətinə heyrətlə baxırdım.

Bu zaman Şəmsəddin müəllim söhbətə davam edir.

Ümumiyyətlə, körpəliyim atın belində keçib. Gözümü açıb, at görmüşəm. Keçmişdə at qeyrət, namus rəmzi idi. İndi isə əyləncə və pul məqsədi kimi istifadə olunur. Keçmişdə at üstündə adam öldürərdilər. Ata hədsiz dəyər verilirdi. Bu gün isə atı qazanc mənbəyi görürlər.

Elə bu anda Sərf də gəlir. O da Sahildən seçilmirdi. Demək olar ki, ikisi də yerində dayanmırdı. Buna görə də Sahilsığallaya bilmədim. Amma Sərfi sığallamaq şansım oldu, onun tükləri o qədər yumşaq idi ki...

Rəngində Günəşi, duruşunda güvəni, baxışında isə əzmi yansıdan Qarabağ atlarına heyran olmamaq mümkünsüzdür...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR