Onlayn ictimai-siyasi qəzet
Quşlarla toqquşma, texniki nasazlıq, hava şəraiti, yoxsa kənar təsir?
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Bu səbəbdən bayraq yarıya qədər endirilib.
Sonuncu dəfə Azərbaycanda matəm 6 dekabr 2015-ci il tarixində olub. O zaman ölkə səviyyəsində matəm elan edilməsinə səbəb 2015-ci ilin 4 dekabr tarixində “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə güclü qasırğanın doğurduğu qəza nəticəsində çoxsaylı insan tələfatı olub. Həmin hadisə nəticəsində 63 nəfər zərər çəkib ki, onlardan da 16-sı dünyasını dəyişib, 17-si itkin düşüb. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr tarixi matəm günü elan olunub (mənbə: Modern.az)
Bakıdakı şadlıq saraylarında toylar dayandırılıb
Matəm günü ilə bağlı şadlıq saraylarında əvvəlcədən planlaşdırılan toy və digər mərasimlər ləğv edilib. Şadlıq saraylarının bəzilərində bu gün əvvəlcədən toy planlaşdırılmayıb, əksəriyyətində isə toylar dayandırılıb.
AZAL-ın prezidenti: “Təyyarə oktyabr ayında...”
“Qara qutu tapılıb. Qara qutunun oxunması isə bağlı qanunvericiliyə uyğun proseslə hərəkət ediləcək”. AZAL-ın prezidenti Samir Rzayev belə deyib. AZAL-ın prezidenti daha sonra deyib: “Təəssüf ki, qəza zamanı iki təcrübəli pilotumuz və bir bələdçimiz həyatlarını itirdilər. Onların bu qəhrəmanlığı heç vaxt unudulmayacaq. Qəzanın "qara qutu"su artıq tapılıb və onun təhlili üçün beynəlxalq aviasiya konvensiyalarına uyğun prosedurlar həyata keçirilir. Təyyarə oktyabr ayında tam təmirdən çıxıb, texniki baxışdan keçib və uçuşları 15 min saatdan çox olan təcrübəli pilotlar tərəfindən idarə edilirdi. Buna baxmayaraq, hadisənin səbəbləri araşdırılır".
“Embraer” təyyarəsini istehsal edən şirkətdən açıqlama
Qəzaya düşən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190" təyyarəsi ilə bağlı Azərbaycan, Qazaxıstan və Braziliya nümayəndələri birlikdə araşdırma aparır. TASS xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu Aktaudakı təyyarə qəzasından sonra rəsmi açıqlama verib.
Şirkət təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur aşkar edilmədiyini, hətta bunu “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin də təsdiqlədiyini bəyan edib. AZAL-ın məlumatında isə deyilir ki, hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir. Təyyarənin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.
Qeyd edək ki, “Embraer E190 AR” model təyyarələr 2004-cü ildən istehsal olunur. Konfiqurasiyasından asılı olaraq, 100-124 sərnişin daşıya bilir. İki General Electric CF34 -10E mürəkki ilə təchiz olunub, maksimal uçuş məsafəsi 5000 km-dir. Maksimal uçuş çəkisi 51,8 tondur.
Sağ qalanlar və yaralılar Bakıya gətirildi, həlak olanlar isə...
Yenilənmiş məlumatlara görə, ölənlərin 38-i tapılaraq məhkəmə-tibbi ekspertiza mərkəzinə aparılıb, onlardan 3-ü ekipaj üzvüdür. 7 nəfərin meyitinin şəxsiyyəti müəyyən edilib. Təyyarə qəzasında həlak olan Azərbaycan vətəndaşlarının hamısının ailələrinə məlumat verilib. İdentifikasiya işləri tamamlandıqdan sonra həlak olan şəxslərin cənazələri Bakıya gətiriləcək və aidiyyəti üzrə təhvil veriləcək. Həyatını itirən şəxslərin cənazəsi iki gün ərzində gətiriləcək. Həlak olan sərnişinlərin yaşadıqları ərazidə dəfn ediləcəkləri bildirilir.
Təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər isə dekabrın 26-da axşam ölkəyə gətirilib.
Vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilib.
Partiyalar bəyanat yaydı
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar bəyanat yayıblar.
Bəyanatı imzalayan siyasi partiyalar xalqın və dövlətin yanında olduqlarını bəyan edib, bəzilərinin bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayıb, vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırıb.
Qəzada həlak olanların ailələrinə kompensasiya veriləcək?
Qəzada həyatını itirənlərin ailələrinə kompensasiya ödəniləcəkmi? Kompensasiyanı kimlər ala biləcək? Vəkillər Kollegiyasının üzvü, “Mirzayev and Partners Law Firm” hüquq şirkətinin rəhbəri Şaiq Mirzəyev Modern.az-a deyib ki, kompensasiyanın ödənilməsi üçün əvvəlcə həyatını itirən şəxslərin kimliyi dəqiqləşməlidir: “Bundan sonra onların qohumları müəyyən olunur. Vəfat edən şəxslərin birinci dərəcəli qohumları (ana, ata, bacı, qardaş, həyat yoldaşı, övlad) müraciət edərək zərərçəkmiş şəxs qismində tanınırlar. Qanunda qohumluq dərəcələri dəqiqliklə müəyyən olunub”.
“Hər şey yaxşı olacaq” deyən stüardessa Gəncədə dəfn olunacaq
Həyatını itirən şəxslər içərisində “Hər şey yaxşı olacaq” deyən stüardessa - Hökümə Əliyeva 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. 1993-cü ildə kəndin işğalı səbəbi ilə məcburi köçkün kimi Bərdə rayonun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıblar. Hökümə Gəncə şəhər V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirəndən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini də tamamladı. 2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi kimi işə başlayıb, daha sonra stüardessa kimi fəaliyyət göstərib. Hökümə Əliyeva ailəsinin yaşadığı Gəncə şəhərində dəfn olunacaq.
Konspiroloji nəzəriyyələr, Peskovun cavabı
Rusiya mediası təyyarəsinin qəzası haqda müxtəlif versiyalar haqda yazır. “Moskovski komsomolets” qəzeti təyyarənin gövdəsindəki kiçik deşikləri əks etdirən videodan bəhs edərək bildirir ki, bu zədələrin ölçüsü yunan qozu ilə müqayisə edilə biləcək ölçüdədir. “Mütəxəssislər qeyd edirlər ki, belə xəsarət mərmilərin təsirinin izləri ola bilər. Federal Hava Nəqliyyatı Agentliyinin ilkin məlumatlarına görə, insident təyyarənin quşlarla toqquşmasından sonra baş verib”, - qəzet yazır.
Bununla belə, “MK” söhbəti Ukraynanın üzərinə yönəldir və qeyd edir ki, bu ölkənin pilotsuz təyyarələrinin Çeçenistandakı hədəflərə hücumları fonunda Bakı-Qroznı reysinin marşrutunu dəyişməsi faktını nəzərdən qaçırmaq olmaz: “İnsidentlə bağlı versiyalardan biri təyyarənin silah və ya pilotsuz uçan aparat tərəfindən zədələnmiş ola biləcəyidir”.
Kremlin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərin suallarını cavablandıran zaman bildirib ki, istintaqın yekunlarına qədər Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı hər hansı fərziyyə irəli sürmək düzgün olmaz.
Peskov qəza ilə bağlı istintaqın sonuna qədər gözləməyi tövsiyə edib.
“Təyyarə quş dəstəsi ilə toqquşa bilməzdi” - Ornitoloji Cəmiyyətin sədri
Azərbaycan Ornitoloji Cəmiyyətinin (AOC) sədri Elçin Sultanov Modern.az-a deyib ki, quşların köçü çoxdan bitib, hazırda quşlar qışlama dövründədirlər: “Tək-tük quşlar qışda köç üçün Cənuba uça bilər, amma bizim bölgədən Dağıstan, Çeçenistana, nə də həmin ərazilərdən Azərbaycana quşların köçü olmur. Quşlar kollektiv olaraq bizim bölgəmizdən İrana, İrandan bizə, İraqa və yaxud da Azərbaycanın içində hərəkət edirlər. Böyük köç isə çoxdan bitib və bir də fevralın ortalarında başlayacaq”.
Elçin Sultanov onu da qeyd edib ki, quşlar maksimum 8000 metrə qədər hündürlükdə uça bilirlər ki, bu da bəzi hallarda təyyarələrin hərəkətinə maneçilik törədə bilər.
“Yeni Müsavat”
28 Dekabr 2024
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ