Onlayn ictimai-siyasi qəzet
Son günlərdə bir sıra Qərb dövlətləri o cümlədən Birləşmiş Krallıq (UK), Kanada Avstraliya, Portuqaliya Fələstin dövlətini rəsmi tanıdı. Fələstin lideri Mahmud Abbas bildirib ki, Fələstin iki dövlət prinsipinə (two-state solution) uyğun İsraillə sülh istəyir və “İsraillə yanaşı yaşamaq” ideyasını müdafiə edir. Abbas bu tanımalara müsbət reaksiya verib və bunun ədalətli və davamlı sülh yolunda vacib bir addım olduğunu vurğulayıb.
İsrail lideri Netanyahu isə bu tanımaları kəskin tənqid edib. O deyib ki, “Fələstin dövləti olmayacaq”. Yəni İsrailin hazırkı mövqeyinə görə, rəsmi olaraq belə bir dövlət qurulmasına razılıq yoxdur. O həmçinin bu tanımaları “terrorizmi mükafatlandırmaq” cəhdi kimi qiymətləndirib.
Bəs Qərb dövlətlərinin Fələstini tanıması İsrail-Qərb münasibətlərinə necə təsir edəcək? BMT-də Fələstinin statusu ilə bağlı yeni təşəbbüslər gündəmə gələ bilərmi? Bu tanımalar Fələstin-İsrail sülh danışıqlarına təkan verəcək, yoxsa daha da çətinləşdirəcək?
Mövzu ilə bağlı siyasi şərhçi Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb:
“İsrailin Qəzza zonasında həyata keçirdiyi hərbi əməliyyatlar və burada mülki infrastrukturu dağıtması, həmçinin mülki insanlara qarşı yönəlmiş əməliyyatları, eləcə də qonşu ölkələrə, xüsusilə Livan və Suriyaya qarşı keçirdiyi hərbi tədbirlər bir növ İsrailin genişlənmə siyasətinin davamı kimi qiymətləndirilir. Təbii ki, buna Avropa ölkələri dözümlü yanaşa bilməz, çünki İsrailin həyata keçirdiyi siyasət yaxın Şərqdəki dövlətlərin təhlükəsizliyini təhdid edir.
Uzun müddət Fələstin Böyük Britaniyanın mandatı altında olub və həmçinin onun beynəlxalq statusu da mövcud olub. İsrail isə iki dövlətli həlli qəbul etmir. Xüsusilə Benjamin Netanyahu administrasiyası konkret olaraq Fələstin ərazilərini tamamilə özünə birləşdirmək siyasəti aparır. Bu səbəbdən Böyük Britaniya, Kanada və Avstraliya konkret olaraq Fələstini dövlət kimi tanıyır. Fransa, İspaniya və digər Qərb ölkələrinin də bu addımı atacağı gözlənilir. Təbii ki, bu tanıma qərb ilə İsrail arasındakı münasibətləri kəskinləşdirəcək.
Artıq Qərbdə də başa düşürlər ki, yaxın Şərqdə iki dövlətli həll reallaşmalıdır, çünki bu məsələnin həll olunmaması İsrail-Fələstin münaqişəsinin davam etməsinə səbəb olur. Yeni dünya nizamında Fələstin dövlətinin tanınması, onun BMT-yə qəbul edilməsi beynəlxalq nizamın tərkib hissəsi kimi qəbul edilir. Mən düşünürəm ki, belə də olacaq. Digər qərb ölkələri də Fələstini tanıyacaq və BMT də Fələstini rəsmi olaraq tanıya bilər. ABŞ buna mane olsa da, Çin və Rusiya da bu addımı atarsa, ABŞ fakt qarşısında qalacaq”.
Xalidə Gəray
Musavat.com
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ