Onlayn ictimai-siyasi qəzet
Rusiyada mindən çox ömürlük həbs cəzası çəkən məhbuslardan biri də Lev Molotkovdur. O, Rusiya neonasistlərinin lideri olub, 2000-ci illərdə paytaxt bölgəsində əcnəbilərə hücum edən dəstəyə başçılıq edib. Özü heç kəsi öldürməsə də, məhkəmədə ona ömürlük həbs cəzası veriblər.
Molotkovun bandasının adətən axşam saatlarında, kimsəsiz yerlərdə həyata keçirdiyi hücumlar nəticəsində ölənlər arasında azərbaycanlılar, taciklər, özbəklər olub. Onlar bir neçə rusu da səhvən öldürüblər.
Lev Molotkov 22 noyabr 1981-ci ildə Moskva yaxınlığındakı Zaqorskda anadan olub. Levin anası qazanxana operatoru işləyib və atası SSRİ dağılmasından sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Məktəbdə Molotkov dəqiq elmlərə meyl göstərib: riyaziyyatı və fizikanı daha asan qavrayıb və radiotexnika dərnəyində oxuyub. O, orta məktəbi bitirəndən sonra Moskva Geodeziya və Kartoqrafiya Universitetində mühəndislik ixtisası üzrə təhsil almağa başlayıb.
Molotkov universitet tələbələri arasında informasiya texnologiyaları sahəsindəki bacarığı ilə seçilib - bəzi müəllimlər gənci kompüter dahisi hesab edirmişlər. Ancaq Lev təkcə kompüterlərə aludə olmayıb, millətçilik ideologiyası da onu özünə cəlb edib. Bir gün 17 yaşlı Molotkov Rusiyada qadağan olunmuş “Rus milli birliyi” ekstremist icmasının vərəqələrini görüb. Təşkilatın rəhbəri Aleksandr Barkaşovun ideyaları Molotkovu heyran edib və o, ekstremist ədəbiyyatı öyrənməyə başlayıb.
Universiteti bitirdikdən sonra Lev sistem administratoru kimi işə düzəlib və 2005-ci ildə neonasistlərə qoşulub, küçələrdə təbliğat vərəqələri yaymağa başlayıb.
Gəncin valideynləri bundan məmnun qalmayıb və onu bu işdən çəkindirməyə çalışsalar da, səyləri nəticəsiz qalıb.
Lev ilk məhkumluğunu Rusiyada əsas neonasist hesab edilən Maksim Martsinkeviçi (Tesak) dəstəklədiyi üçün alıb. Martsinkeviç radikal ideyalarına görə müttəhimlər kürsüsündə oturanda Molotkov məhkəmənin divarlarına şüarlar yazıb və vandalizmdə ittiham edilib.
2007-ci ildə Molotkov “Rusiya milli birliyi”nin sıralarını tərk edib, çünki birlik ona totalitar sektanı xatırladırdı. Tezliklə o, üç il əvvəl Dövlət Dumasının deputatının köməkçisi Dmitri Rumyantsev tərəfindən təsis edilmiş, Rusiyada qadağan olunmuş ekstremist “Milli sosialist cəmiyyəti”nin sıralarına qoşulub.
MSC üzvləri bir-birini alman faşistləri kimi salamlayır, odlu silahdan atəş açmaq da daxil olmaqla ciddi döyüş hazırlığı keçirdilər. Molotkov özü də hər gün bir neçə kilometr qaçıb, maneken üzərində insanın yuxu arteriyasına bıçaqla hücum etmək fəndləri öyrənib. Onlar məşqlərini meşəlik ərazilərdə edir, pis havada isə məşq üçün idman zalları icarəyə götürüblər. İcmanın yaradıcısı Rumyantsev dəstə üzvlərinə Hitler haqqında mühazirələr də oxuyurmuş. Molotkov Rumyantsevlə yaxşı münasibətdə olub.
Bir gün Molotkova ekstremist təşkilatın daxil olduğu birlikdə onlarla gəncin üzv olduğu hücrələrindən birini idarə etmək həvalə edilib. Onun siyasətçi kimi karyera qurmaq arzusu isə puç olub, doğma şəhərinin deputatlarından biri ola bilmədikdə, yenidən sistem administratoru kimi işləməyə davam edib.
Molotkov özünə və ehtiyacı olan yoldaşlarına kifayət edəcək qədər pul qazanıb. Ümumiyyətlə, neonasistlərin gizli sponsorları olub. Rumyantsevdən sonra icmanın yeni lideri seçilən Maksim Bazılev həbs edildikdən sonra onun bank hesablarında 200 milyon rubla yaxın pul aşkarlanıb.
Bazılev sponsorlarının adını istintaqa demədən, istintaq təcridxanasında intihar edib.
2008-ci ilin yanvarında Molotkovun əlaltıları birlikdə gəzən qırğız oğlan və qızı bıçaqla öldürüblər. Fevralın sonunda isə neonasistlər əsasən Şimali Qafqaz və Orta Asiya sakinlərini hədəfə alıblar və 16 nəfəri qətlə yetiriblər.
Daha sonra radikallar Yaroslavl şossesi boyunca reyd keçirərkən avtomobilini qızdıran moskvalı Maksim Kostikovu görüblər və qara saçlarına görə onu qafqazlı hesab edərək bıçaqlayıblar. Kostikov döş qəfəsindən və mədəsindən yaralansa da, qaça bilib və özünü taksi ilə yol polisi postuna çatdırıb, orada avtomobil oğrularının hücumuna məruz qaldığını bildirib və keçinib.
16 mart 2008-ci ildə Molotkovun bandası “Kitay-Qorod” metrosstansiyası yaxınlığında bir qrup antifaşistlə görüşüblər. Toqquşma nəticəsində millətçilər tərəfindən 21 yaşlı Aleksey Krılov öldürülüb. Həmin ilin mayında Molotkovun əlaltıları Moskva Dövlət Universitetinin 21 yaşlı tələbəsi Vasilisa Kovalovaya dəhşətli hədiyyə vermək qərarına gəldilər.
Vasilisa cinayətkar qruplaşmda yeganə qız olub. Neonasistlər Özbəkistandan olan evli cütlüyə hücum ediblər və Kovalyova cinayətdə fəal iştirak edib. Cütlüyün aldığı bıçaq yaraları hər ikisi üçün ölümcül olub.
2008-ci ilin yayının əvvəlində canilərin hücumlarının ümumi sayı isə 50-ni keçib. Üstəlik, bu cinayətlər arasında ekstremist ideologiya ilə heç bir əlaqəsi olmayan primitiv soyğunçuluq halları da olub.
Azğın dəstənin son cinayətlərindən biri də öz fəallarını öldürmək olub. Xəyanətdə şübhəli bilinən 20 yaşlı Nikolay Melnik yoldaşlarına hansısa zənginin qızını qaçırıb xərac istəməyi təklif edib. Nasistlər isə onun qəsdən onları tora salmaq istədiyindən şübhələniblər. Radikallardan biri Melnikin pasportunu tapanda, onun əsl adının Aleksandr olmadığını aşkarlayıblar (o, özünü Molotkova belə təqdim edibmiş), onun qrupa sızdırılan hüquq-mühafizə orqanı agenti olduğu qənaətinə gəliblər. Ona görə də onlar N.Melniki öldürüblər, sonra onun meyidini balta, mişar və bıçaqla tikə-tikə doğrayıb, zibil torbalarına yığıblar, gecə meşəyə aparıb, orada basdırıblar.
Daha sonra Melnikin aqibəti Baranovski adlı başqa bir neonasistin başına gəlib – o da xəyanətdə şübhəli bilinib və öldürülüb.
Bu qorxunc dəstənin yaxalanması Vladislav Tamamşevin (Qrişa) səhvi ucbatından olub. O, Aleksey Krılovun qətli zamanı telefonunu itirib və polislər bu izlə bandanın üzvlərinə çıxıblar. Lev Molotkov 2008-ci il iyulun 22-də üç cinayət ortağı ilə birlikdə Podyaçevoda saxlanılıb.
Bıçaqla FTX zabitinin boğazını yaralayan Tamamşevdən fərqli olaraq neonasist lider o qədər də müqavimət göstərməyib. Bandanın bazasında aparılan axtarış zamanı bombalar və detonatorlar tapılıb; Dindirmələr zamanı məlum olub ki, radikallar Maksim Bazılevin göstərişi ilə Zaqorsk su-elektrik stansiyasını partlatmağa hazırlaşırmış.
Təqsirləndirilən şəxslərdən biri olan Sergey Yurov fərari olduğu üçün Lev Molotkovun qruplaşmasının işinə hərbi məhkəmə baxıb. Digər millətçilərin müttəhimləri azad etməyə çalışa biləcəyi qorxusu ilə onların hamısı ciddi qoruma altında saxlanılıb.
2011-ci il iyulun 11-də canilərdən 7-si 10 ildən 23 ilədək həbs cəzası alıb. Amma ən ağır cəza Lev Molotkova verilib.
Lev Molotkov əvvəlcə cəzasını Rusiyanın ömürlük məhbusların saxlandığı məşhur koloniyalarından biri olan "Qara delfin"də (Sol-İletsk, Orenburq vilayəti) çəkməyə başlayıb. Bir neçə il sonra onun epilepsiya xəstəsi olduğunu nəzərə alaraq Mordoviyaya köçürüblər. O, orada dinə maraq salıb, tövbə edib, hazırda bir gün azadlığa çıxacağına ümid edir.
Araz Altaylı, Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ