İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaqauz Yeri mahalının halı – Kreml bölgəni münaqişə yerinə çevirmək istəyir

Moldovada mərkəzi hakimiyyətlə Qaqauziya arasında qarşıdurma getdikcə şiddətlənir. Muxtariyyayın rəhbəri Yevgeniya Qutsulun martın əvvəlində Rusiyaya səfər etməsi, Moskvada Federasiya Şurasının sədri Valentina Matviyenko və RF prezidenti Vladimir Putinlə görüşlərində onlardan kömək istəməsi rəsmi Kişinyovu hiddətləndirib. Moldova hökuməti Qutsula qarşı açılan cinayət işini tezliklə məhkəməyə təqdim edəcək.

Qaqauziya Moldovanın cənubunda, Ukrayna ilə Rumıniyanın arasında muxtar mahaldır, əsasən qaqauzların yaşadığı (50 faizdən çox) yerdir. Muxtariyyatın rəsmi adı da elə Qaqauz Yeridir. Beynəlxaq aləmdə isə Qaqauziya kimi tanınır. 1848,4 kvadrat\kilometr ərazisi, 135 min nəfər əhalisi olan bu mahalın paytaxtı 20 mindən bir az çox əhalisi olan Komrat şəhəridir.

Gagauz_rebublic.png (33 KB)

Qaqauzlar türk əsillidirlər, müasir türkcədən seçilməyən, ana dilimizə çox yaxın bir şivədə danışırlar. Dünyada, əsasən Balkanlarda 250 min qaqauz yaşayır. Bu xalqın adının “xak oğuz” (yəni əsl oğuz, xas oğuz) söz birləşməsindən əmələ gəldiyi iddia olunur.

Qaqauz Yerinin muxtariyyat qazanmasında, inkişafında Türkiyənin xüsusi rolu olsa da, son illər bu bölgə əsasən Rusiyanın, Kremlin “arxa bağçası” halına gəlib. Dnestryanı bölgəni faktiki olaraq Moldovadan qoparan Moskva bu ölkəni cilovda saxlamaq üçün indi də Qaqauziya kartından istifadə edir.

Qaqauz muxtariyyatının rəhbəri, 38 yaşlı Yevgeniya Qutsulun Moldova hakimiyyətini respublikanı NATO-ya sürükləməkdə, Rusiya ilə münaqişəyə girməkdə ittiham etməsinin başqa mənası yoxdur. Qaqauz liderlərə “qorxmayın, biz sizinləyik” mesajını Kreml verir və onlar türk olsalar da, öz pravoslav-din qardaşlarına xilaskar kimi baxırlar. Zatən, Qaqauz Yerinin ikinci adamı, Xalq Topluşunun (parlament) sədri rus əsilli Dmirti Konstantinovdur.

RIA_8636595.HR__0.jpg (47 KB)

Yevgeniya Aleksandrovna Qutsulun Avropaya, NATO-ya inteqrasiya etməyə çalışan öz ölkəsinin təəssübünü çəkməkdənsə, Moldovanı illərdən bəri separatizm qapazı altında saxlayan Kremlin tərəfini tutması artıq açıq şəkil alıb.

Bu, o deməkdir ki, əslində Rusiya artıq Moldovada ikinci separatizm ocağının tonqalını çatıb və onu hər an alışdıra bilər. Dnestryanı bölgə ilə yanaşı Qaqauz Yerinin rəhbərliyi də Moskvanın himayəsi altına girməyə çalışır. Bu bölgədə qaqauzlarla yanaşı, bolqarların, rusların yaşaması Rusiyaya istənilən an “pravoslav slavyanları qorumaq” bəhanəsi verə bilər. Nəticədə isə əsas zərbə muxtar bölgənin aborigen və köklü xalqı qaqazulara dəyəcək.

Qaqauz Yerinin rəhbəri Qutsulun dilə gətirdiyi fikirlər birbaşa Matviyenko və Putinlə görüşlərdə bloknotuna yazıb əzbərlədikləridir. O, hərəkətlərinin cavabsız qalmayacağını bilir deyə, Moldova hakimiyyətinin bu səfərlə bağlı ona qarşı təxribata əl atacağını da deyib.

GettyImages-1457487862.jpg (131 KB)

Maraqlıdır ki, 1990-cı illərdə Dnestryanı bölgə Moldovanın mərkəzi hakimiyyəti ilə silahlı münaqişəyə girəndə Qaqauziya öz problemlərinin davasını sülh yolu ilə aparıb. Düzdür, bu bölgə də öz müstəqilliyini elan edib, dağılan SSRİ-də qalmaq arzusunu bildirib, amma tezliklə öz mövcudluğunu Moldovanın tərkibində davam etdirib, 1994-cü ilin dekabrında isə muxtar status qazanıb.

1999-cu ildə keçirilən inzibati islahatlardan sonra Qaqauziyanın muxtariyyatı, nəhayət, Moldova Respublikasının konstitusiyasında təsbit edilib.

2000-ci illərdə Türkiyə Qaqauz Yeri muxtariyyatına əhəmiyyətli yardımlar edib. Türkiyədən alınan vəsait hesabına Moldovanın cənubundakı yaşayış məntəqələrinin sakinlərinin su ilə təminatı xeyli yaxşılaşdırılıb. Çadır-Lunqada Moldova-Türk liseyi açılıb, liseyin məzunları təhsillərini Türkiyə universitetlərində davam etdirmək imkanı əldə ediblər.

2000-ci illərin ikinci yarısından isə kənar güclərin fitvası ilə Qaqauziya və Kişinyov hakimiyyəti arasında siyasi gərginlik artıb. Bu fitva heç də Türkiyədən verilməyib. Türkiyə muxtar bölgənin Moldova daxilində inkişafında maraqlıdır və Komrata bacardığı qədər kömək edir.

2014-cü ilin (tarixə diqqət edin, Krım və Donbasın işğalı ilə eyni ildə) fevralında Qaqauziyada muxtariyyət orqanları plebissit keçirib. Seçicilər Avrasiya İttifaqına inteqrasiyanı dəstəkləyib və Moldovadan ayrılmaq hüququ verən “təxirə salınmış muxtariyyət statusu”ndan danışmağa başlayıblar. Bunun hansı mərkəzin barmağı ilə baş verdiyi artıq heç kəsə sirr deyil.

22foto2.jpg (77 KB)

Qaqauziyada nəzəri olaraq 3 rəsmi dil var: qaqauz, rumın və rus dilləri. Lakin əslində muxtariyyətin əsas dili rus dilidir. Qaqauziyada hakimiyyət orqanları, müəssisə, təşkilat və qurumlarda yazışmalar əsasən rus dilində aparılır. Moldovanın mərkəzi hakimiyyət orqanları buna birmənalı mənfi münasibət bəsləsə də, muxtar mahaldakı uşaqlar hələ də rus dilində təhsil alırlar. Başqa sözlə, qaqauzlar milli identikliklərini itirməyə meylləniblər və məxməri rusifikasiyaya məruz qalıblar.

2008-ci ildə muxtariyyatın 55 təhsil müəssisəsində təhsil alan 23 293 şagirddən 22 163 nəfəri rus dilində təhsil alıb. Rumın dilində oxuyanlar 707 şagird olub, cəmi 423 şagird eyni anda bir neçə dildə (rus dili də daxil olmaqla) təhsil alıb. O vaxtdan bəri müvafiq durum yaxşılığa doğru dəyişməyib, hətta pisləşib.

Muxtariyyatın mediası da əsasən rusdillidir. Qaqauz televiziyasının dil siyasəti qaqauz və rumın dilləri ilə bərabər rus dilində də yayımın bərabər payını nəzərdə tutur.

Muxtar mahalda ən yüksək vəzifəli şəxs Başkandır. O, 4 il müddətinə seçilir və avtomatik olaraq Moldova Respublikası hökumətinin üzvü olur.

Ali qanunvericilik orqanı Qaqauziya Xalq Məclisidir (Halk Topluşu). Bu orqan 4 il müddətinə seçilən 35 deputatdan ibarətdir.

qaqaz.jpg (195 KB)

Beləliklə, Rusiya öz neoimperiya ambisiyalarına görə yüz illərlə moldovanlarla iç-içə yaşayan qaqauzları öz dövlətlərinə qarşı qoymaqdadır. Kremlin əsas məqsədi qaqauzların əli ilə Moldovanı öz yanında saxlamaqdır. Moldova sovet dövründə olduğu kimi Rusiyanın satelliti olmağa razılıq versə, o zaman Moskva qaqauzların hüquq və azadlıqlarını unudacaq. Bu təqdirdə Qaqauz Yerinin, 135 minlik mahalın başqanı 146 milyonluq imperiyanın prezidenti ilə hələm-hələm görüşə bilməyəcək. Çünki bu dövlətin özünün 89 federal subyekti var və onların hamısı nəinki Qaqauziyadan, hətta Moldovanın özündən də böyükdür.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR