Onlayn ictimai-siyasi qəzet
Avropa Şurasının Parlament Assambleyası (AŞ PA) Azərbaycana qarşı qeyri-konstruktiv mövqe ortaya qoyur. Bu qurum hələ də Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olan platforma kimi fəaliyyət göstərir.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bunu Musavat.com-a açıqlamasında deyib. Ekspert bildirib ki, AŞ PA faktiki olaraq Ermənistanın revanşist siyasətçilərinin tribunasına çevrilib: “Bu gün iki ölkə arasında de-fakto sülh var. Amma AŞ PA sülh prosesinə zərbə vuran erməni revanşistlərinin açıqlamalarına yer verir”.
M.Əsədullazadə Azərbaycan və Avropa təşkilatları, həmçinin paytaxtları arasında faktiki münasibətlərə diqqət çəkib: “Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Avropa İttifaqı və AŞPA baş katibi arasında görüş keçirildi. Azərbaycan Avropa Siyasi Birliyinin iclasında iştirak etdi. 8 avqustdan sonra regionda yeni siyasi proseslər başlayıb. Sülh istiqamətində ciddi addımlar atılır. Avropa İttifaqı da Azərbaycanla münasibətlərin inkişafında maraqlı görünür. Üstəlik, Fransa ilə Azərbaycan arasında siyasi əlaqələr normallaşır. İtaliya da Azərbaycana ciddi siyasi dəstək verəcək. Ola bilər yanvardan Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında mandatı təsdiqlənə bilər. Azərbaycanda Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır”.
Siyasi şərhçi qeyd etdi ki, artıq erməni məsələsi bitib: “AŞPA-dakı Fransa əsilli deputatlar erməni lobbisindən maliyyə cəhətdən asılı olan deputatlar bu məsələni qabardırlar. Fransa dövləti bu prosesin qarşısını almalıdır. Ermənistan Baş naziri Nikol Paşinyan AŞPA - da ciddi mesajlar verdi. O, ermənilərin Qarabağa qayıdışının olmayacağını dedi və sülh mesajı verdi. Erməni baş nazir “Real Ermənistan” konsepsiyasından danışdı. Bununla da sülhə mane olan və Azərbaycanla münasibətləri pozmaq istəyən mərkəzlərə sərt mesaj verdi. Bu mesaj ilk növbədə AŞPA-ya aid idi. Ona görə də AŞPA Azərbaycanla bağlı real və praktiki addımlar atmalıdır. Eyni zamanda səsvermə mandatımızın bərpa olunması üçün müəyyən islahatlar lazımdır. Təbii ki, biz AŞPA-ya hansısa bəhanə verməməliyik. Amma bu, bir faktdır ki, qurumun erməni separatçıları və ermənilərlə bağlı mövqeyi tam yanlışdır. Belə olan təqdirdə digər tələbləri də qeyri-konstruktiv görünür. İlk növbədə AŞPA Azərbaycanla bağlı öz yanlış siyasətini korrektə etməlidir”.
Elşad,
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ