Onlayn ictimai-siyasi qəzet
Suriyada ötən ilin sonlarında Əsəd rejiminin devrilməsindən sonra Yaxın Şərqdə yeni geopolitik arxitekturanın yaranma prosesi hələ də davam edir. Uzun müddət vətəndaş müharibəsi və daxili xaosa məhkum qalmış bu ərəb dövlətinin rekonstruksiyası regional geopolitik proseslərin istiqamətlərinə də təsir göstərir. Və bu baxımdan, indi Yaxın Şərqin yenidən dizayn olunması həm ABŞ-ın, həm də regional supergüc statusu etiraf olunan Türkiyənin verəcəyi qərarlardan asılı olacaq.
Onu da qeyd etmək lazımdır ki, Suriyada on ildən artıq davam etmiş vətəndaş müharibəsi nəhayət, sona çatsa da, yeni mərhələdə bu ölkəni daha hansı geopolitik çağırışların gözlədiyi hələlik müəmmalı olaraq, qalmaqdadır. Suriya diktatoru Bəşər Əsədin devrilməsindən və ölkədə keçid hökumətinin formalaşmasından sonra BMT məlumatına görə, bir milyonadək suriyalı qaçqın artıq öz vətəninə geri dönüb. Və bu, həm Yaxın Şərqdə regional balansda, həm də beynəlxalq diplomatiyada yeni proseslərin başlandığını göstərir.
Eyni zamanda, ABŞ-ın 2026-cı ilə qədər İraqdan öz qoşunlarını tam çıxarmağa hazırlaşması Yaxın Şərqdəki güc dinamikasını əsaslı şəkildə dəyişdirə bilər. Beləliklə, Suriyanın rekonstruksiya mərhələsi və ABŞ-ın İraqdan çıxma prosesi bir-biri ilə paralel iki geostrateji xətt kimi regionun gələcək geopolitik arxitekturasını müəyyənləşdirir. Və bu proseslər Yaxın Şərqə gələcəkdə kobud kənar müdaxilə cəhdlərinin məhdudlaşdırılmasına münbit şərait yarada bilər.
Maraqlıdır ki, Əsəd rejiminin devrilməsi Suriyada onilliklər boyu davam etmiş qəddar diktatura idarəçiliyi dövrünün qapanması kimi dəyərləndirilir. Çünki Suriyanın yeni keçid administrasiyası beynəlxalq dəstək və legitimlik qazanmaq üçün həm humanitar, həm də hüquqi mexanizmləri işə salmağa çalışır. Xüsusilə də Türkiyə, Livan və İordaniyadan bir milyon suriyalı qaçqının geri dönməsi bu ölkədə nisbi sabitliyin artıq bərpa olunmağa başladığını göstərir. Və bu proses həmçinin, qonşu ölkələrin qaçqın yükünü ciddi şəkildə azaltmaq istəyini də əks etdirir.
Ancaq onu da qeyd etmək lazımdır ki, Suriyanın ölkədaxili sosial strukturu tamamilə dağılıb, təxminən 13 milyon insan didərgin düşüb, əhalinin 90 faizi isə humanitar yardıma möhtacdır. Bu, Suriyanı yalnız siyasi deyil, həm də sosial-iqtisadi reabilitasiya mərhələsinə möhtac edir. Belə situasiyada yeni hakimiyyətin ilk hüquqi addımlardan biri kimi, sabiq diktator Bəşər Əsəd barəsində məhkəmənin qiyabi həbsi üçün order verməsi ölkənin qaranlıq keçmişi ilə hesablaşmanın və beynəlxalq legitimlik axtarışının təzahürü sayıla bilər.
Digər tərəfdən, qəddar Əsəd rejiminin devrilməsindən sonra Suriyanın geopolitik mənzərəsi də dəyişir. Əvvəllər bu ölkə İran, Rusiya və Qərbin sərt şəkildə toqquşduğu bir məkan idi. İndi isə yeni hakimiyyət balanslı və çoxtərəfli siyasət yürütməyə çalışır. Rusiya üçün Əsəd rejiminin devrilməsi geostrateji itki olsa da, Kreml Hələb və Tartusdakı hərbi bazalar vasitəsilə bu ölkədə öz təsir mexanizmlərini qorumağa cəhd göstərir. Və İran isə Suriyada dini-siyasi təsir imkanları məhdudlaşdığından, indi əsas diqqətini məhz İraqa yönəltmək məcburiyyətində qalıb.
Türkiyənin geostrateji maraqlarına gəldikdə isə rəsmi Ankara Suriyanın şimalında təhlükəsizlik zonaları və qaçqınların yerləşdirilməsi planları ilə geopolitik situasiyanı yeni reallığa uyğunlaşdırmağa başlayıb. Buna paralel olaraq, ABŞ və Avropa Birliyi Suriyanın yenidənqurma prosesinə maliyyə və texnoloji dəstək göstərməklə, bu ölkəni indi Qərbin orbitinə qaytarmaq istəyir. Beləliklə, Suriyanın gələcəyi artıq “kimin nəzarət etdiyi torpaqlar” üzərindən deyil, məhz kimin maliyyələşdirdiyi rekonstruksiya layihələrinə uyğun formalaşacaq.
Maraqlıdır ki, keçmiş diktator Bəşər Əsəd barəsində verilən həbs orderi yalnız ölkədaxili siyasi-hüquqi jest deyil. Yəni bu, həm də beynəlxalq hüquqda mühüm presedent yarada biləcək önəmli addımdır. Əgər, Suriyadan qaçaraq, hazırda Rusiyaya sığınmış keçmiş diktator beynəlxalq tribunalda mühakimə olunarsa, bu, BMT-nin keçmiş "avtoritar liderlər"in hüquqi məsuliyyətə cəlb edilmə praktikasını gücləndirə bilər. Bu, həm də Suriya cəmiyyətində barışıq və ədalət balansını qurmaq üçün olduqca vacib addımdır. Çünki hərbi cinayətlərin araşdırılması gələcəkdə Suriyada konstitusiya islahatları və milli barışıq prosesi üçün hüquqi təməl yarada bilər.
Yaxın Şərqin yenidən dizayn olunması prosesində ABŞ-ın öz hərbi bazalarını İraqdan çıxarması da həlledici xarakter daşıya biləcək addımlardan biridir. Çünki bu halda, mütləq ortaya çıxacağı qətiyyən şübhə doğurmayan regional güc boşluğunun ən qısa müddətdə yenidən doldurulmasına ciddi ehtiyac yaranacaq. Çünki İraqın xarici işlər naziri Fuad Hüseynin də vurğuladığı kimi, ABŞ qoşunlarının 2026-cı ilə qədər bu ölkədən çıxarılması Yaxın Şərqdə güc balansının yenidən qurulmasına səbəb olacaq.
Məsələ ondadır ki, ABŞ-ın bu addımı nəticəsində İran İraqdakı şiə milislər (“Haşd əş-Şaabi”) vasitəsilə bu ölkədə öz təsirini artırmaq imkanı qazanacaq. Türkiyə İraqın şimalında PKK terror təşkilatına və kürd separatizminə qarşı daha sərt antiterror əməliyyatları aparmalı olacaq. Rusiya və Çin həm enerji, həm də təhlükəsizlik sahələrində boşluğu doldurmağa çalışacaq. ABŞ üçün isə bu çıxış geostrateji prioritetlərin Asiya-Sakit okean regionuna yönəldilməsi məqsədi daşıyır. Və bu, eyni zamanda, Yaxın Şərqdə terrorizm, eləcə də etnik qarşıdurma risklərinin yenidən artmasına səbəb ola bilər.
Bununla belə, Suriyada rekonstruksiya və ABŞ-ın İraqdan öz qoşunlarını çıxartması bir-birini tamamlayan iki paralel proses hesab olunur. Çünki bu iki paralel proses Yaxın Şərqdə yeni geopolitik xəritənin formalaşmasında xüsusi rol oynaya bilər. Belə ki, Suriya müvəqqəti keçid hökuməti yenidənqurma və siyasi legitimlik uğrunda mübarizə aparır. İraq ABŞ-ın bu ölkəni tərk etməsindən sonra yaranacaq hərbi nüfuz boşluğunu idarə etməyin yollarını tapmağa çalışır. Türkiyə və İran isə həm Suriyada, həm də İraqda yaşanan dəyişikliklərdən öz geostrateji maraqları üçün istifadə etmək niyyətindədirlər. Və bütün bunları nəzərə aldıqda, bir-birinə paralel iki prosesin nəticəsində Şərqi Aralıq dənizi-Fərat-Dəclə xətti boyunca yeni geopolitik güc mərkəzlərinin formalaşa biləcəyi tamamilə inandırıcı görünür.
Belə anlaşılır ki, Əsəd rejiminin devrilməsindən sonra Suriyanın rekonstruksiya mərhələsinə keçidi əslində, Yaxın Şərqdə yeni geopolitik nizamın formalaşmasının başlanğıcıdır. Böyük ehtimalla suriyalı qaçqınların vətənə geri qayıdışı, diktator Bəşər Əsədlə bağlı hüquqi məsuliyyətə cəlb etmə mexanizmlərinin hərəkətə gətirilməsi daha çox geopolitik nəticələr doğuracaq. Və bu önəmli prosesə beynəlxalq dəstəyin verilməsi isə Yaxın Şərqdə yeni düzənin dayanıqlılıq mexanizmlərini müəyyən edə bilər.
Eyni zamanda, ABŞ-ın İraqı tərk etməsi regionda strateji güc boşluğu yaradır ki, bu da Türkiyə, İran, Rusiya və Çin arasında yeni geopolitik rəqabət mərhələsinin önünü açır. Diktator Bəşər Əsədlə bağlı Suriya məhkəməsində qiyabi həbs qərarı verilməsi isə Rusiya və İranın regionda təsirinin məhdudlaşdırılması baxımından önəmli hüquqi mexanizmə çevrilə bilər. Çünki indi həm Suriya, həm də beynəlxalq siyasi dairələr Rusiyadan qəddar diktatorun ekstradisiyanı tələb edəcəklər.
Kreml buna etiraz edəcəyi təqdirdə isə rəsmi Dəməşqin Rusiyadan öz hərbi bazalarının Suriyadan çıxarılmasını istəyəcəyi qətiyyən istisna deyil. Yəni, Kreml qəddar diktatorun və Rusiya hərbi bazalarının gələcək taleyi arasında seçim etməli olacaq. Əgər, Kreml diktatoru Suriyaya təhvil verərsə, digər avtoritar müttəfiqlər də Rusiyaya etimadı itirəcəklər. Rusiya hərbi bazalarının Suriyadan çıxarılması isə Kremlin Yaxın Şərqdən tamamilə itirməsi anlamı daşıyacaq. Və bu halda, İranın da Yaxın Şərqdə tüklənmə prosesi sona çatmış olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
05 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ