Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, türk dünyasının rəhbərləri Qəbələyə toplaşır. Oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü qədim Azərbaycan şəhərində təşkil olunacaq. Tədbirə təşkilata üzv ölkələrin liderləri ilə yanaşı, müşahidəçi ölkələr, Macarıstan və Şimali Kipr də qatılacaq.
Xatırlatma verək ki, TDT 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Bildiyimiz kimi, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olub, sonradan Özbəkistan 2019-cu ildə üzv qəbul edilib. Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Respublikası (2022) müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib.
Qeyd edək ki, bu tədbir Türk dünyasının gələcək inteqrasiyasına dair strateji müzakirələrin aparılması üçün mühüm imkan olacaq. Son illərdə TDT-nin sürətli genişləndiyinin şahidi olmaqdayıq. Artıq gündəlikdə təkcə mədəni və humanitar məsələlər deyil, strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət kimi məsələlər də yer alır. Bütün bunlar da TDT-nin gələcəyi baxımdan ümiddolusu danışmağa imkanlar yaradır.
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına xarici siyasətində ən böyük önəm verən türk dünyasının liderlərindən biri kimi tanınır. Ölkəsini qardaş Türkiyə ilə yanaşı qurumun əsas aparıcı iki ölkəsindən birinə çevirməsi, eləcə də, TDT-nin toplantılarının keçirilməsi üçün əsas məkanlardan biri kimi Azərbaycanın seçilməsi heç də təsadüfi qəbul olunmur.
“Türk dövlətləri rəhbərlərinin Azərbaycana səfəri tarixi və strateji baxımdan mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər yalnız diplomatik təmasların davamı deyil, eyni zamanda türk dünyasının siyasi həmrəyliyinin və ortaq dəyərlər üzərində qurulan birliyin daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) inkişaf edən strukturu fonunda Azərbaycan bu birliyin aparıcı qüvvələrindən birinə çevrilib: “Zirvə görüşlərinin Azərbaycanda keçirilməsi ölkəmizin regionda artan nüfuzunun və TDT daxilində etibarlı tərəfdaş imicinin təsdiqidir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə türk birliyinin əsas dayaqlarından biri kimi çıxış edir”.
V.İskəndərovun sözlərinə görə, “Regional sülh və təhlükəsizlik” devizi altında keçiriləcək bu sammitdən TDT üçün böyük gözləntilər mövcuddur: “İlk növbədə, üzv ölkələr arasında iqtisadi inteqrasiyanın dərinləşməsi, ticarət və enerji əməkdaşlığının yeni mərhələyə keçməsi, nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi kimi məsələlərin önə çıxacağı proqnozlaşdırılır. Bununla yanaşı, ortaq informasiya məkanı, gənclər və təhsil sahəsində birgə proqramların gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlarda türk dünyasının vahid mövqedən çıxış etməsi bu sammitin əsas hədəfləri sırasında ola bilər. Ümumiyyətlə, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk birliyinin gələcək inkişaf xəttini müəyyənləşdirəcək, TDT-ni yalnız regional deyil, həm də qlobal miqyasda təsir gücünə malik bir siyasi və iqtisadi platforma kimi daha da önə çıxmasına təkan verəcək”.
Cavanşir ABBASLI
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ