İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir çəngə birçəyə görə qətliam - İran 3 il öncə bu vaxtlar buraxdığı səhvi düzəldir

15 il öncə, 2010-cu ilin sentyabrında təhsil naziri Misir Mərdanov məktəbli qızların dərsə hicabla dərsə gəlməsinin yolverilməzliyi haqqında verdiyi əmrdən sonra paytaxtımızda yaşanan gərginlik çox adamın yadında olar.

O zaman təhsil naziri öz açıqlamasında isə hicabın qadağan edilmədiyini, sadəcə olaraq orta məktəblərdə vahid məktəbli formasına keçildiyini qeyd etsə də, maraqlı qüvvələr İrandan aldıqları göstərişə əsasən ölkənin müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirdilər. Onlara cavab verərək aksiya keçirənlər də oldu. Sonradan ortaya çıxdı ki, bu, süni şəkildə qızışdırılmış bir məsələdir, heç də ölkədə “din-iman əldən getmir”.

Budur, İranın özündən gələn xəbərə görə, bu ölkədə hicab qaydalarına dair sərt qanunun tətbiqi dayandırılır. Bu, əlbəttə ki, hicabın ləğv edilməsi və ya məhdudlaşdırılması deyil, sadəcə, hicab geyinməməyə görə cəza nəzərdə tutulmamasıdır. Artıq kələğayısının altından saçı görünən qızları, qadınları polis məntəqəsinə aparıb şallaqlamayacaq, zorlamayacaq, öldürməyəcəklər (belə hadisələr çox olub, bilirsiniz).

Həmkarımız Arzu Qazıyevanın bu məsələyə dair yazdığı qeydlər həm maraqlı, həm də düşündürücüdür. O, 16 il öncə Təbrizdə yaşadığı qorxulu anları qələmə alıb. Ailə üzvləri ilə birlikdə avtomobillə şəhərdə gəzməyə çıxan jurnalist təhlükə ilə üzləşib. Məhəmməd adlı yerli sürücü sakit halda onlara deyib ki, əxlaq polisləri arxadan maşınla gəlir və bu maşının içinə baxırlar, salondakı qadınların başınının kip örtülü olub-olmadığına, saçlarının görünüb-görünmədiyinə diqqət edirlər.

A.Qazıyeva, özü də etiraf etdiyi kimi, bərk qorxub, yanında oturmuş qızının başörtüsünü düzəldib ki, saçı, boynu görünməsin. Sürücü ona belə bir hadisə danışıb: “Vaxtilə Təbrizdən Bakıya köçmüş bir güneyli tanışı yollar açılandan sonra yeniyetmə qızını ata yurdu ilə tanış etmək üçün Təbrizə gətiribmiş. Şəhərlə tanışlığı zamanı küçədə əxlaq polisi onları saxlayıb, qızın başının yaxşı örtülmədiyini irad tutaraq, onları polis bölməsinə aparıb. Yeniyetmə qıza şallaq cəzası kəsilib. Atası nə qədər sübut etməyə çalışsa da ki, onlar Təbrizdə qonaqdırlar, qızı ilk dəfədir ki, atasının yurduna ayaq basır, ona belə cəza verilməsi qərarı yolverilməzdir, heç olmasa cərimə kəsilsin, xeyri olmayıb. Saçları, telləri görünmüş yeniyetmə qonaq şallaqlanıb”.

İnsan nə qədər qəddar olmalıdır ki, saçı görünmüş yeniyetmə qıza o qədər ağır fiziki, mənəvi və psixoloji travma yaşatsın. Sərbazlar bu işi heç bir güzəşt olmadan icra ediblər, qızın yeniyetmə və qonaq olmasına məhəl qoymayıblar. Elə bu cür qəddarlığın nəticəsi idi ki, 3 il öncə Məhsa Əmini adlı 22 yaşlı qız polis bölməsində öldürüldü, nəticədə İran qarışdı, təzədən 522 insan həlak oldu, 900 insan yaralandı, iki o qədər insan həbs olundu. Etiraz aksiyaları bir neçə ay davam etdi, ölkə milyardlarla dollar həcmində ziyana düşdü. Hamısı da nəyə görə? Bir çəngə tükün görünməsinə görə.

masud.jpg (43 KB)

O bir çəngə tel görünsə nə olacaqmış? Kişilər təhrik olunacaqmış, cinsi hissləri oyanacaqmış, günaha batacaqmışlar.

İnkişaf etmiş, dünyəvi ölkələrdə belə şeylər başqa vaxt gülüş doğurardı, amma hamı İranda bu məsələnin ciddi olduğunu görəndən sonra sadəcə mat-məəttəl qaldılar, insanın beynində belə bir düşüncənin necə əmələ gəldiyinə heyrətləndilər.

Amma bu, bir gerçək idi. Başörtüsünün 5 santimetr geriyə sürüşməsi nəticəsində görünmüş bir qom tel ölkədə iğtişaş, inqilab havası yaratmış, milyonlarla insanı bir-birinə dəydirmiş, ölkənin adını dünya ilə bir etmişdi.

Əslində gerçəkdən də bir əlçim birçəyə görə yüz minlərlə kişinin cinsi hisslərinin coşacağı və onları günaha batıracağı real söhbətdirsə, o ölkədə qadınların hicabla gəzməsi də təhlükəli olmalıdır. Çünki qadınları saçdan topuğa qədər süzən kişilər hicabın altında saç, tulumun altında qadın bədəni olduğunu bilirlər, onsuz da coşur və günaha batırlar. Onların çıxış yolu o bilərdi ki, onlar saçı-başı açıq olan, lap elə topuğu görünən qadınlara hərisliklə, maniakal şövqlə baxmasınlar, diqqət yetirməsinlər və günaha batmasınlar. Bu, isə onların əlində deyil. Yoxluq, qıtlıq, görməmişlik çox təhlükəli şeydir.

Həmin iğtişaşlardan sonra İranın normal düşünən insanları belə qərara gəlmişdilər ki, islam keşikçiləri bu istiqamətdə çox irəli gediblər və məsələni absurda çatdırıblar: bu, dinin tələbi deyil, belə qadağalarla, qəddarlıqla dini, məzhəbi təbliğ etmək, sevdirmək, xalqa mənəviyyat aşılamaq olmaz. Bir çəngə saça görə yüzlərlə insan həyatdan qopacaqsa, bəs “sülh dini” söhbəti harada qalır?

İndi İranda ziyanın yarısından qayıdırlar. Bu, o deməkdir ki, İranda ictimai yerlərdə saçı görünə-görünə gəzən qadınların sayı artacaq və zamanla kişilər bu görüntüyə alışacaq, əbəs yerə hövllənməyəcək, cinsi baxımdan alışıb-yanmayacaqlar.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR