Onlayn ictimai-siyasi qəzet
Milli dələduzlar haqqında xəbərləri oxuyuruq, eşidirik, orda-burda deyirik ki, guya bu işdə dünyada yekik, üstümüzə yoxdur. Hətta bunu bir az da qürur duya-duya deyirik – yaxşı bir şey imiş kimi.
Dələduzların əlindən, əməlindən zərərçəkmiş deyiliksə, lap ürəkdən söyləyirik: “Fərasətli camaatıq dəə, harda olsa başımızı dolandırırq”. (Zərərçəkmiş olsaq, adamlarda var-yox qoymuruq).
Amma elə deyil. Dünya dələduzlarla qaynaşır. Sibir bataqlıqlarında ağcaqanadların sayı var, dünyada dələduzların sayı yoxdur. Hər saat gözümüzə görünmədiklərinə baxmayın, indi onlar virtual məkandadırlar, bir xeylisi kompüter arxasındadır, çoxu mobil telefonla işləyir.
Budur, Qırğızıstandan gələn xəbərə görə Bişkekə yerləşərək “çağrı mərkəzi” yaradan və təqaüdçülərin, sadə zəhmətkeşlərin pullarını yüz bir fırıldaqla mənimsəyən qazaxıstanlılar yaxalanıb. 43 nəfər imişlər, “qastrol”a gəlibmişlər. Güman ki, bunlar türk dünyası üzrə ixtisaslaşmaq istəyən dələduzlardır.
Ancaq, namxuda, özümüzünkülər də müasir texnologiyadan yaxşı baş çıxarırlar. İnternet əsridir, modern həyata uyğunlaşmaq qaçılmazdır. İndi hindən toyuq, tövlədən qoyun, örüşdən at oğurlamaq çətindir, hər yer videokameradır. Yazıq quldur parkın qaranlıq yerində birinin qabağını kəsib cibini soyur, qaçır, ertəsi gün dörd rakursdan videogörüntüləri yayılır, sutka keçmir, ənsəsindən yapışıb qoyurlar içəri.
Bəs indi bu adam nə etsin? 18 yaşından türmələrdədir. Xırda bir cinayət üstündə təcrübəsiz ikən içəri düşüb, orada “böyük qardaşlar”dan dərs ala-ala yekəlib, təcrübə toplayıb, özünəinamı artıb və içəridən məhəllə miqyaslı avtoritet kimi çıxıb. İndi o, gedib santexnik işləsin, ya daş karxanasında “KamAZ”-a daş yükləsin? El-oba nə deyər? Deməzlərmi “kül sənin avtoritet başına, o qədər illəri türmədə buna görəmi yatmısan”. Bu, təxminən Harvard universitetinin qurtarandan sonra gəlib hansısa İH-də referent işləmək kimi bir şeydir. O işdə adamı olan “Təfəkkür” məzunu da işləyir.
Ona görə də İndi hinə, tövləyə girmək lazım deyil, karta, bank hesabına girmək və silib-süpürüb çıxmaq daha faydalıdır.
Dünyada qoyunların sayı canavarların sayından yüzqat, minqat çox olduğu kimi, hər dələduz başına düşən avamların sayı da minqat çoxdur. Bu da virtual dələduzların daimi işlə təmin olunmasını şərtləndirir. Əlbəttə, bu “daimi işlə təminat” məsələsi onların yaxalanmasına qədərdir, ondan sonra məhkəmələr onlara müvəqqəti işlər verirlər.
Bir çoxları da elə bilirlər ki, onlar işlərini ehtiyatlı tutsalar, ələ keçməyəcəklər. Xaricdə oturub hansısa ölkənin sadəlövh insanlarını tovlamaq trendi bu arzudan irəli gəlir. Qazaxlstanlı dələduzlar Qırğızıstanda “işlədikləri” kimi, qırğız və özbək dələduzlar da o biri olkədə “çalışırlar” və hər “uğurlu əməliyyat”dan sonra izlərini itirirlər.
Bizim ölkə ilə “işləyən” əcnəbi dələduzların ən çox hansı ölkəyə məxsus olduqları tam bəlli deyil. Bir də görürsən, adama Qvineyadan, Seneqaldan, Laosdan, Ekvadordan “salam, əziz” xitablı mesaj gəlir, iş, əməkdaşlıq, qazanc təklif edirlər. Ölkənin adını “Google”-yə vurursan, görürsən ki, dünyanın 200 ölkəsinin içində ən yoxsulları bunlardır. Bəzən adam özünü saxlaya bilmir, istəyir ki, götürüb “bu işi, qazancı öz yetim-yesirinizə verin” yazsın, amma vaz keçir, bilir ki, onlar da o başda mesajlarına cavab gösləyirlər ki, nəsə bir əməliyyat başlatsınlar.
DİN hər gün belə fırıldaqçılar və onların “qurbanlar”ı barədə məlumatlar yayır. Oxucular dələduzları tuta bilməyən hüquq-mühafizə orqanlarına müvafiq irad bildirməklə yanaşı, sadəlövh “qurban”ları da qınayrlar. Bəzən dələduzlarla aldanmışları qınayanların özlərini də qınayanlar olur, deyirlər, bəs oğruda günah yoxdurmu.
Bilənlər bilir, bu, klassik Molla Nəsrədiin lətifəsinin replikasıdır. Amma əslində Mollanı qınayanlar da haqlıdır. Rəhmətliyin oğlu, görürsən ki, düz-dünya oğrularla, dələduzlarla qaynaşır, öz əmlakını niyə oğrunun insafına, vicdanına buraxırsan, qapının cəftəsini bağla də.
İndiki halda “qapının cəftəsi” bank kartının rəqəmləridir. Əsas da üç rəqəm. Bax, onu heç kimə vermədikdə, göndərmədikdə, göstərmədikdə, “qapının cəftəsi” bağlı qalır.
Yeri gəlmişkən, bizim dələduzlar qvineyalı dələduzlardan artıq deyillər, hətta daha əclafdırlar – təqaüdçünün bank kartından sonuncu 10 manatı, dərman pulunu çıxardıqlarına görə.
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ