İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunsuz silahlı dəstələr Qarabağdan çıxarılacaq - “Proses çətin olacaq, lakin sonda Moskva...”

İrəvan sülh müqaviləsini bu tarixədək ləngidə bilər; Bakının isə gözləmək limiti bitir; ekspertlər deyir ki...

Nikol Paşinyanın Rusiyaya son səfəri həqiqətən bəzi “i”lərin üzərinə nöqtə qoydu. Səfərdən cəmi iki həftə qabaq Brüsseldə, Paşinyanın öz razılığı ilə əldə olunmuş üçtərəfli anlaşmada, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin elan elədiyi birgə bəyanatda “Dağlıq Qarabağ”, “ATƏT-in Minsk Qrupu” anlayışları işlədilmədiyi halda Moskvadakı birgə bəyanatda bu ifadələr yer aldı, üstəgəl, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi və “Minsk Qrupu həmsədrliyi institutunun təcrübəsindən istifadənin vacibliyi” vurğulandı.

Yəni belə təəssürat yarandı ki, Bakı ilə İrəvan arasında köhnə ədavətin qalması və uzanmasında İrəvandan çox, əslində, Moskvanın özü maraqlıdır. Ayrı sözlə, Paşinyan münaqişənin bitməsi ilə barışsa belə, Rusiya rəhbəri, Moskva razılaşmaq istəmir. Kəsəsi, ruslar ermənidən çox ermənilik edirlər.

Nonsens həm də budur ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına kömək üçün təzəlikcə xüsusi nümayəndə də ayırıb - MQ-dəki həmsədrini bu missiya ilə görəvləndirib! Paradoksal haldır deyilmi? Rəsmi Kreml bir yandan “Minsk Qrupu daha yoxdur” deyir və öz həmsədrini bu qurumdan ayırıb xüsusi elçi göndərir, o biri yandan isə “Minsk Qrupunun təcrübəsindən istifadənin zəruriliyi”dən danışır.

*****

Rusya'nın eski Sovyet bölgesindeki etki gücü tehdit altında - BBC News  Türkçe

Bəzi təhlilçilərə görə, belə ikili yanaşma onunla bağlıdır ki, Ukraynaya görə Qərbə düşmən kəsilən Rusiya dolayı yolla onunla dil tapmaq istəyir, o səbəbə Güney Qafqazda Qərbin mövcudluğuna qarşı çıxan Rusiya yenidən Minsk Qrupunun səylərini dəstəklədiyini bəyan edir. Məqsəd isə ABŞ və Fransa ilə dil tapmaq, Ukraynaya görə üzləşdiyi və getdikcə daha da ağırlaşan blokadanı yarmaqdır.

Belə çıxır ki, Moskva buna Azərbaycanın milli maraqları hesabına, Minsk Qrupunu diriltməklə nail olmağı düşünür. Şübhə yox ki, Azərbaycan bu cəhdlərə imkan verməyəcək. Heç Qərbin də tezliklə Rusiya ilə bir araya gəlib hansısa ortaq missiya yerinə yetirəcəyi və ya onunla əməkdaşlıq edəcəyi ağlabatan deyil. Əksinə, Rusiyanın dünyadan təcridi davam edir. Demək, Kremlin MQ timsalında rıçaqı saman çöpündən başqa bir şey deyil.

*****

Paşinyanın Moskva səfəri: Putinlə sənədlər paketi imzalanacaq - 19.04.2022,  Sputnik Azərbaycan

“Paşinyanın Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi fikirlər Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı olmadığını, bölgəni öz asılılığında saxlamaq üçün ənənəvi oyunlarını davam etdirəcəyini bir daha sübuta yetirdi. Bu təsdiqlədi ki, Azərbaycan xalqının mütləq əksəriyyəti Rusiyaya güvənməməkdə tamamilə haqlıdır”.

Bunu politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Rusiya əlindən gələni edir ki, Bakı-İrəvan birbaşa dialoq baş tutmasın, hər iki ölkə Kremlin “vasitəçilik lütfü”ndən asılı vəziyyətdə qalsın: “Şübhə etmirəm ki, günlərin birində Azərbaycanla Ermənistan istisnasız olaraq bütün məsələlərdə razılaşsalar, sülh müqaviləsini imzalamağa hazır olduqlarını bəyan etsələr belə, Rusiya razılaşmanı pozmaq üçün mütləq təxribat törədəcək. Necə ki, 1999-cu ildə Ermənistan parlamentində baş verən gülləbaranı səhnələşdirməklə əldə olunan bütün razılaşmaların ”0" nöqtəsinə qaytarılmasına və hətta prosesin geriyə atılmasına nail oldu".

Politoloqa görə, Rusiya yenə öz köhnə ampluasındadır və “nə yardan doyur, nə əldən qoyur”: “Moskvanın ”ədalət" standartları heç bir ölçüyə uyğun gəlmir. Qərbi haqlı olaraq ikili standartlarda suçlayır, amma öz standartlarının sayı-hesabı bilinmir. Rusiyanın indiki siyasətinin təməlində qonşularına sülh, təhlükəsizlik, rifah gətirmək niyyəti dayanmır".

*****

Şübhə yox ki, Kremlin ənənəvi imperiya siyasəti İrəvanı sülh müqaviləsinin imzalanmasını maksimum uzatmağa sövq edəcək. O amacla ki, Bakıdan “artsax xalqı” üçün hansısa status qoparsın.

“Ermənistan rəhbərliyi ki, hələ ki, heç bir sənədə imza atmayacaq və ən azı, Ukraynadakı müharibənin sonunu gözləyəcək. Və köhnə ingilis müdrikliyinə əməl edərək, ”qalib tərəfə qoşulacaq".

“Yeni Müsavat”ın məlumatına görə, bunu siyasi elmlər doktoru, Rusiyanın birinci dərəcəli dövlət müşaviri, politoloq Tatyana Poloskova Minval.az-a müsahibəsində deyib.

Onun fikrincə, “hamının xoşuna gəlmək” istəyən Paşinyanın bu cür davranışı aylarla, illərlə sürə bilər. “Sual yaranır, onda bəs Moskvaya niyə gəlmisən? Dünyaya, erməni cəmiyyətinin müəyyən təbəqələrinə Rusiya-Ermənistan dostluğunun ”gücünü və sarsılmazlığını" nümayiş etdirmək üçünmü? Ya da Putin Paşinyana Qərblə ifrat dərəcədə oynadığını göstərmək istəyib. Yaxud səfərin təşəbbüskarı erməni lobbisi və ya sırf iqtisadi maraqlardır. Amma müzakirələrdə sülh müqaviləsinin əsas məqsəd olmadığı birmənalıdır", - deyə analitik əlavə edib.

*****

“Rusiya-Ukrayna münaqişəsi Qarabağ məsələsinin həllinə təsir edəcək, lakin ümumilikdə Moskvada bu məsələyə müxtəlif yanaşmaların olduğunu nəzərə almaq lazımdır. Yəni bir tərəfdən prezident Putinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, o biri tərəfdən isə Qarabağda nizamlanma məsələsini ”uzun proses" adlandırdığını görürük. Bu onu deməyə əsas verir ki, Rusiya ən azı Qarabağda sülhməramlı kontingent qismində regionda qalmaq istəyir. Mən Rusiyada bu məsələyə yanaşmada daxili ziddiyyətlər gözləyirəm".

Toğrul İsmayıl: Milli Məclisin buraxılması qərarı Azərbaycandakı islahatlar  fonunda düşünülmüş addımdır

Toğrul İsmayıl

Bu fikirləri isə Minval.az-a müsahibəsində azərbaycanlı politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Onun sözlərinə görə, irəliyə doğru mühüm addım odur ki, Azərbaycan özü öz ərazilərini işğaldan azad edib: “Bundan əlavə, nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlılarının Qarabağda qalma limiti var ki, bu da bir neçə ildən sonra başa çatacaq. Həmçinin unutmaq olmaz ki, Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsini imzalayıb. Həmin sənədə əsasən iki ölkə bir-birini açıq şəkildə dəstəkləyir və ortaq xarici siyasət yürüdür. Düşünürəm ki, Türkiyənin Azərbaycana dəstəyi Rusiyanın bu məsələyə yanaşmasında korrektələrə yardımçı olacaq”, - deyə ekspert vurğulayıb.

Onun qənaətincə, proses çətin olacaq, lakin Rusiya sonda Qarabağdan qanunsuz erməni silahlı birləşmələrini çıxarmaq məcburiyyətində qalacaq: “Bu məsələ öz həllini tapmalıdır. Üstəlik, Azərbaycan və Rusiya arasında əməkdaşlıq, qarşılıqlı dəstək haqqında xüsusi saziş, yəni müttəfiqlik müqaviləsi imzalanıb. Deməli, Rusiya istər-istəməz bütün bu amilləri nəzərə alaraq hərəkət eləməli olacaq”.

Bakının Moskvadan əsas gözləntisi də elə budur: imzaladığı sənədlərə, öhdəliklərə sadiqlik...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR