İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qafqaz canişini" qovluğunda nə gətirib?

ABŞ məhz özünün iştirakı ilə danışıqların aparılmasında maraqlıdır, çünki...

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono növbəti dəfə Bakıda olub. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə ona Ermənistanla sülh danışıqları barədə məlumat verilib. Baş müşavir Lui Bono regionda baş verən son proseslərin sülh quruculuğu fəaliyyətinin gələcəyinə ümid yaratdığını, bu istiqamətdə öz növbəsində ABŞ tərəfinin də danışıqlar prosesinə dəstək və töhfə verməyə daim hazır olduğunu ifadə edib. 

Qeyd edək ki, Lui Bono bir neçə gün əvvəl İrəvanda da olmuşdu. Amma oradan birbaşa Bakıya gəlmədi. 

Cənubi Qafqaz Asiya və Avropa, həmçinin Yaxın Şərq arasında balans üçün vacib bölgə, Azərbaycan isə regionda ən strateji bənddir. Hazırda qlobal güclərin təsir imkanlarını formalaşdırmağa çalışdığı Azərbaycan müstəqil xarici siyasət kursu həyata keçirir. ABŞ Konqresində kənar maraqlara xidmət edən lobbi qruplarının və müəyyən şəbəkələrin anti-Azərbaycan təşəbbüsləri ABŞ-ın bu regionda öz maraqlarının əleyhinə yönəlmiş təşəbbüslərdir. Qarabağ münaqişəsi tamamilə bitdiyi və Azərbaycanla Ermənistan arasında birbaşa kommunikasiyalar yarandığı üçün vasitəçiyə ehtiyac qalmayıb. O halda indi ABŞ-ın “Qafqaz canişini” vasitəsilə hansı mesajlar və planları var?

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

 Azər Badamov

Deputat Azər Badamov bildirdi ki, Amerika Azərbaycanla hesablaşmalı olduğunu yaxşı anlayır: “Azərbaycan Cənubi Qafqazın aparıcı və əsas ölkəsidir. Ona görə Qərb Cənubi Qafqazla bağlı siyasəti müəyyənləşdirəndə mütləq şəkildə Azərbaycanla hesablaşmalıdır. ABŞ Ermənistanla münasibətləri müzakirə edəndə həmişə balansı qoruyur və Azərbaycanla da müəyyən müzakirələr aparır. Məsələn, 5 aprel Brüssel görüşü ərəfəsində ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon əlaqəsi saxlamışdı. Blinken telefon danışığı zamanı Prezident ilham Əliyevə Brüssel görüşünün Azərbaycana qarşı olmadığını bildirmişdi. İndi də bir neçə gün əvvəl Ermənistanda səfərdə olmuş ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Bakıya gəldi. Baş müşavir Lui Bono regionda baş verən son proseslərin sülh quruculuğu fəaliyyətinin gələcəyinə ümid yaratdığını, bu istiqamətdə öz növbəsində ABŞ tərəfinin də danışıqlar prosesinə dəstək   və töhfə verməyə daim hazır olduğunu ifadə edib. Əslində Azərbaycanla Ermənistan arasında aparılan sülh danışqlarına ABŞ-ın və digərlərinin verə biləcəyi ən böyük töhfə prosesə müdaxilə etməməkdir. Çünki kənar vasitəçilər olmadan ölkələrimiz arasında aparılan ikitərəfli danışıqlar daha müsbət irəliləyişlərə aparıb. O cümlədən Azərbaycanla Ermənistan arasında birbaşa rabitə mövcuddur və son danışıqların praktikasından məlum oldu ki, görüş yerləri və vaxtını birbaşa aramızda ikitərəfli formatda müəyyənləşdirə bilirik. Əgər məqsəd sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılmasından gedirsə, bu məsələləri biz özümüz razılaşıb yoluna qoya bilirik. Bu baxımdan ikitərəfli formatda aparılan hər bir görüş nəticəyönümlüdür və görüşlər bizi sülhə daha da yaxınlaşdırır. Hətta Ermənistanın baş naziri də COP29-a qədər Azərbaycanla sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı pozitiv fikirlər səsləndirir. Bütün bunlar onu göstərir ki, Azərbaycanla Ermənistan arasında davam edən ikitərəfli danışıqlar prosesinə kənar müdaxilələr baş verməzsə, münasibətlərin normallaşması qısa zaman kəsiyində baş verə bilər. 

Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı hörmət əsasında qurulub və davam edir. Azərbaycan Cənubi Qafqazda ABŞ-ın əsas tərəfdaşıdır. Bəzi radikal və Azərbaycanafob  qüvvələr ABŞ-da anti-Azərbaycan siyasətini dövlət səviyyəsinə qaldırmaq istəyirlər. Amma ABŞ dövləti isə anti-Azərbaycan qüvvələrin istəklərinə məhəl qoymayaraq Azərbaycanla münasibətlərin yüksək səviyyədə davam etdirilməsində maraqlıdır. Biz bunu ABŞ prezidenti Baydenin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda və dövlət rəsmiləri arasında aparılan ikitərəfli görüşlərdə müşahidə etdik. Azərbaycan müstəqil və ədalətli siyasət aparır. Siyasətimiz heç bir ölkəyə qarşı çevrilməyib. O cümlədən hər bir ölkə ilə qarşılıqlı hörmət əsasında münasibətlərin davam etdirilməsində maraqlıyıq".

Rəşad Bayramov: “Rusiya narahatdır ki, Azərbaycanla Türkiyə arasında  hərbi-siyasi müttəfiqlik sazişi imzalana bilər” » Ovqat.com

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovun sözlərinə görə, təkcə Cənubi Qafqazda deyil, eləcə də Orta Asiyada möhkəmlənmək istəyən ABŞ üçün regionumuz xüsusi əhəmiyyət daşıyır: “Çünki Cənubi Qafqazda möhkəmlənmək bu bölgədən keçən dəhlizlərə nəzarətdə pay sahibi olmağa imkan yaradacaq. Bunun üçün isə həm Cənubi Qafqaza, həm də Orta Asiya regionuna kifayət qədər təsir imkanları olan Rusiyanın sıxışdırılıb çıxarılması lazımdır. ABŞ nəhayət ki, bölgədə sülh olmadan Rusiyanın regiondan çıxarılmasının mümkün olmayacağını dərk edib. Odur ki, indi bütün mümkün vasitələrlə tez bir zamanda sülhün əldə olunmasına çalışır.  ABŞ rəsmilərinin region ölkələrinə artan səfərləri və eləcə də ölkə rəsmilərinin okeanın o tayına görüşlərə dəvət olunması da məhz bunun göstəricisidir.

O ki qaldı ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun sülh quruculuğu fəaliyyətində ölkəsinin danışıqlar prosesinə dəstək və töhfə verməyə daim hazır olduğunu ifadə etməsinə, burada qeyri-adi bir şey yoxdur. Təbii ki, ABŞ məhz özünün iştirakı ilə danışıqların aparılmasında maraqlıdır. Çünki onların danışıqlarda iştirakı avtomatik olaraq tərəflərə təsir imkanları əldə etməyə imkan verir.

Amma bu mümkün deyilsə o zaman ikitərəfli danışıqların davam etdirilməsi də əslində ABŞ üçün məqbul variantdır. ABŞ üçün məqbul hesab edilməyən tək variant danışıqlar prosesinin Rusiya vasitəçiliyi ilə aparılmasıdır. Eyni şey Rusiyaya da aiddir. Təsir imkanlarını itirməmək üçün Rusiya da danışıqlarda vasitəçilik missiyasını davamlı olaraq səsləndirir. Elə Azərbaycan da məhz bu amilləri nəzərə alaraq Qərb və Rusiya arasında vasitəçilik uğrunda rəqabətdə tərəf olmamaq üçün ikitərəfli danışıqları formatını ortaya qoydu və buna da nail oldu. Odur ki, indi istər ABŞ, istərsə də Rusiya tərəfindən edilən təkliflər böyük ölçüdə danışıqlara hər hansı bir təsir göstərmir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR