İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qadın sürücülər kişilərdən intizamlı və səliqəlidir” iddiası: sükan kimin əlində daha etibarlıdır? - 3 rəy

“Qadın sürücülər kişilərə nisbətən avtomobili daha ehtiyatlı və səliqəli idarə edirlər, lakin onlar yollarda yaranan stressli vəziyyətlərin öhdəsindən daha pis gəlirlər”.

Bunu rusiyalı mütəxəssislər “RİA Novosti”yə bildiriblər.

“Məncə, bəzi klassik situasiyalarda, yəni məsələn, düz yolda qadın sürücü daha ehtiyatla hərəkət edir, intizamlıdır və maşını səliqəli idarə edir. Stressli vəziyyətdə isə onlar kişilərlə müqayisədə pis davranırlar. Buna görə fövqəladə hallardan kişi sürücü yenə daha uğurlu çıxa bilir”.

Bunu Rusiya Vətəndaş Palatasının İctimai Nəzarət Komissiyası ilə təhlükəsizlik və qarşılıqlı fəaliyyət üzrə komissiyanın sədr müavini Aleksandr Xolodov deyib.

Rusiya Avtomobil Sahibləri Federasiyasının rəhbəri Sergey Kanayev isə qeyd edib ki, qadınlar daha güclü özünüqoruma instinktinə malik olduqları üçün təhlükəsiz özünüdavranış prinsiplərinə daha çox riayət edirlər.

Belədirmi? Psixoloqlar nə deyir? Belə çıxır, məsələn, marşrut avtobuslarını daha çox kişi sürücülər idarə eləsə yaxşıdır? Hərgah Avropa ölkələrindən, Rusiyadan fərqli olaraq bizdə hələ ki, belə qadın sürücülər yoxdur. Amma qanun qadağan da eləmir.

Qeyd edildiyi kimi, bu gün dünyanın bir çox ölkələrində kifayət qədər qadın sürücü, maşinist var. Vaxtilə Azərbaycanda da qadın sürücülər olub. Onlar tramvay, trolleybus idarə ediblər. Bu gün isə ölkəmizdə demək olar ki, qadın avtobus sürücülərinə rast gəlinmir, hərçənd bəzən şirkətlər qadın sürücülər üçün vakant yerlər elan edir.

Mütəxəssislər qeyd edir ki, hazırda ölkəmizdə avtobus sürən qadın sürücülərin olmamasının əsas səbəblərindən biri “D” və “DE” kateqoriya dərəcəsində sürücülük vəsiqəsi olan qadınların olmaması ilə bağlıdır.

Ölkəmizdə də bir çoxları düşünür ki, qadınlar sükan arxasında daha təhlükəsizdirlər, buna görə də onlar daha etibarlıdır. Araşdırmalar da onu göstərir ki, qadın sürücülər kişilərə nisbətən daha diqqətlidirlər. Hesab olunur ki, qadınlar aqressiyadan daha uzaq və məsuliyyətli olduqları üçün davamlı yaşanan mübahisəli durumların da sayı azalar.

Məsələn, sürücü-sərnişin davalarında daha çox bu şikayətlər önə çıxır - sürücü sükan arxasında siqaret çəkir, bayağı və sərnişinləri narahat edəcək tərzdə yüksək səslə musiqi qoşur, mübahisə yaşanarkən söyüş ifadələrindən istifadə edir və sairə. Qadın sürücülər isə bunları etməyəcək.

Elnur Rüstəmov - Stresslə baş etməyin yolları - YouTube

Elnur Rüstəmov 

Psixoloq Elnur Rüstəmov da daha çox qadın sürücülərin sükan arxasında ehtiyatlı olduğunu, qaydalara riayət etməyə çalışdıqlarını bildirdi: “Ümumiyyətlə, qadınların avtomobil idarə etməsi normal haldır və qadınlar avtomobilləri daha ehtiyatlı, daha az sürətli, təhlükəsiz idarə edirlər. Sadəcə, qadınlarda kişilərə nisbətən sükan arxasında təşviş, həyəcan çox olur. Həyəcandan irəli gələrək ola bilər ki, qadınlar bir qədər aqressiv olsunlar. Lakin ümumilikdə qadınlar sükan arxasında olarkən daha çox qaydalara riayət etməyə çalışırlar. Yalnız bəzi məqamlar var, məsələn, maşının park edilməsində, ara məsafə saxlamaqda, döngələrə girməkdə kişilər qadınlara nisbətən daha öndədirlər. Məlumdur ki, cəmiyyətimizdə bəziləri qadınların avtomobil idarə etməsini qəbul edə bilmirlər. Bu da ondan irəli gəlir ki, ölkəmizdə avtomobilləri uzun illər kişilər idarə edib. Indi isə qadın sürücülərin sayı ilbəil artmaqdadır”.

Polis arvadının şöbəyə gəldiyini haradan bilib? - Mehriban Zeynalova

Mehriban Zeynalova 

“Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyinin sədri Mehriban Zeynalova mövzuya bu cür şərh verdi:

“Qadın-kişi sürücülər fərq etmir, bu gün nəqliyyatda çox təhlükəli davranırlar. Doğrudur, nisbətən qadınlar səliqəli, ehtiyatlı idarə edir, riskdən çəkinirlər. Kişilər isə sükan arxasında telefonla danışırlar. Bəzən görürsən ki, solaxay gedirlər, bu da sərnişinlərdə gərginlik yaradır. Elə qadın sürücülər arasında da sükan arxasında əlində telefon olanların sayı az deyil.

Bu yaxınlarda sosial şəbəkələrdə bir qadın sürücünün kişi sürücünü necə təhqir etməsi ilə bağlı video yayılmışdı. Əlbəttə ki, qadının bu cür kobudluq etməsi qəbuledilməzdir. Heç nə əsas vermir ki, kiməsə qarşı kobud davranıb, onu təhqir edəsən. Ümumilikdə isə deyərdim ki, Azərbaycanda sürücülük mədəniyyəti yoxdur, sadəcə, qorunmaq instinkti var. Yol vermək məsələsində görürük ki, qadın sürücülər də bu cür davranış nümayiş etdirirlər.

O ki qaldı nəqliyyatda qayda pozuntusuna, əlbəttə ki, kişilər daha çox bu qaydaları pozurlar. Şəxsən mən sükan arxasında olanda hər dəfə çox həyəcanlı olur, daim özümü təhlükədə hiss edirəm. Çünki əksəriyyəti kişi sürücülərdir. Qadınlar bəzən sürəti azaldır, yavaş sürür, lakin bəzən bu da qaydanı pozmağa, digərlərini qıcıqlandırmağa gətirib çıxarır. Amma qoy yavaş sürsün, nəinki sürətli, təhlükəli sürsün. Bir sözlə, dözümlülük yoxdur. Kişilər bəzən buna görə qadın sürücüləri təntidirlər və bundan həzz alırlar. Yəni belə şeylər də var.

Ümumiyyətlə, bütün məsələlərdə mədəniyyət faktoru mövcuddur. Sürücü daha çox mədəni münasibəti nümayiş etdirən bir sahədir. Biz insanın necə olmasını, necə davrandığını onun qoyduğu musiqidən, sürdüyü maşından, hansı hadisədə qarşı tərəfə tolerant yanaşıb-yanaşmamasından, kömək etməsindən ayırd edə bilirik. Bunlar əhəmiyyətli məsələlərdir. Müşahidə edirik ki, əksər sürücülər, vəzifədə olan da, olmayan da, adi sıravi sürücülər fərqli göstərici nümayiş etdirir. Ələlxüsus da sürücü qadın olanda ona qarşı stiqma, qəbuledilməzlik var. Yaxşı markalı maşın sürən qadın görəndə mütləq onun haqqında xoşagəlməz fikirlər səsləndirirlər. O dəqiqə deyirlər ki “yəqin ki, maşınını kimsə alıb, niyə belə maşını olmalıdır” və sairə. Bəlkə qadın hansısa yaxşı şirkətdə, firmada işləyir, özü öz zəhməti ilə həmin maşını alıb. Artıq bu cür stereotiplər aradan qalxmalıdır.

interview.az - Nəqliyyat eksperti Ərşad Hüseynov: "Azərbaycanda sürücülər  70-ci illərin təfəkkürü ilə düşünür, buna görə qəzalar qaçılmaz olur"

Ərşad Hüseynov

Nəqliyyat eksperti Ərşad Hüseynov isə qeyd etdi: “Öncə onu deyim ki, ölkəmizin sürücü kontingenti belə tədqiqatlarda obyektiv nəticə almaq üçün yetərli deyil. Mənim təxminlərimə görə, Azərbaycanda sürücülərin hələ ki 4 faizi qadınlardır. Yəni hər yüz sürücülük vəsiqəsi olanın 4-ü qadındır. Regionlarda bu rəqəm daha azdır, daha çox paytaxt Bakıda qadın sürücülərə rast gəlinir.

Lakin dünyanın elə ölkələri var ki, orada qadın sürücülərin sayı kişilərə nisbətən çoxdur. Məsələn, ABŞ-da 210 milyondan çox sürücü var ki, onların da yarıdan çoxu qadınlardır. Yəni orada qadın sürücülərin sayı 50 faizdən çoxdur. Qonşu İranda da qadın sürücülərin sayı Azərbaycana nisbətən çoxdur. Belə ölkələrdə aparılan tədqiqatlar daha real olur.

Təhlükəsizlik, qaydalara riayət etmək məsələsində qadın və kişi sürücülərin müsbət və mənfi tərəfləri var. Məsələn, həqiqətən də qadın sürücülər dəqiq parklamada, qəza şəraitindən çıxmaq məsələsində bəzən kişi sürücülərdən geri qalırlar ki, bu da normaldır. Formula-1 yarışlarında niyə qadın pilotlar yoxdur? Ona görə ki, reaksiya, çeviklik məsələlərində qadınlar kişilərə uduzurlar.

Real yollar isə əksinə, rəvan, başqaları üçün proqnozlaşdırıla bilən, çətinlik, problem yaratmayan hərəkətlər istəyir. Bəli, bu məsələlərdə qadınlar daha yaxşıdırlar. Məsələn, orta statistik qadın sürücü heç zaman onunla bəhsə girənlə ötüşmür. Kişilərin isə əksəriyyəti onu ötəndə başlayır bəhsə girməyə, sanki yarışa girir. Qadınlarda isə belə bir şey yoxdur. Həmçinin qadınlar kişilər qədər aqressivliyə, eqoluğa meylli deyillər. ABŞ-da aparılan tədqiqatlar da onu göstərir ki, bəli, qadın sürücülər daha mülayim, rəvan sürücülərdir. Ona görə də onlar daha az təhlükəlidirlər. Dünyanın  çox dəhşətli yol-qəza hadisələrinə diqqət edəndə görürük ki, çox nadir hallarda bu hadisələr qadın sürücünün səhvi ucbatından olur. Ümumilikdə, peşəkar sürücü odur ki, heç kəsə problem yaratmır və problem yaranan  təqdirdə onun içərisindən çıxa bilir. Ən pis sürücü isə odur ki, başqalarında problem yaradırlar. Qadınlar isə daha az problem yaradır.

O ki qaldı avtobus məsələsinə,  avtobus sürücülərinin işi həm texniki, həm fiziki baxımdan ağırdır. Ona görə də dünyanın hər yerində qadınlar bu peşəyə az meyl edirlər. Ölkəmizdə isə avtobus sürücüsünün işi daha çətin, əzablıdır. Ona görə də indiki şərtlərdə heç bir qadın bu işi boynuna götürməz".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR