Onlayn ictimai-siyasi qəzet
Lalə Mehralı: “Əgər bir cəmiyyətdə övlad anasını və yaxud atasını vəhşicəsinə qətlə yetirirsə, bu artıq həmin toplumun süqutu deməkdir”
Son vaxtlar qadın qətllərinin statistikası dəhşət saçır. Təkcə bir ayda baş verən qadın qətllərinin sayına baxanda, açıq-aydın görünür ki, cəmiyyətimizdə qadınlara qarşı aqressiya xeyli artıb. Çox təəssüf ki, bu hadisələrdə ana qətlləri də var.
Son bir ayda ölkədə qadın qətlləri ilə bağlı mediada yayılan məlumatlar bu cürdür:
5 avqust - Bərdə şəhərində 32 yaşlı Sədaqət İbrahimova azyaşlı uşağının gözü önündə qaynı tərəfindən balta ilə öldürülüb. Qətli törətməkdə təqsirləndirilən İbrahimov Azər Rəşid oğlu epilepsiya xəstəsi olub. Məlumata görə, qardaşı ilə bir yerdə yaşayan A.İbrahimov xəstəliyi ilə əlaqədar olaraq evdə mütəmadi narahatlıq yaradırmış. Sonuncu ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı o, qardaşı arvadına balta ilə xəsarət yetirərək qətlə yetirib. Azər İbrahimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.
9 avqust - Sumqayıt şəhərində 23 yaşlı, iki uşaq anası Cəmilə Rəsulovanı 26 yaşlı qaynı İsrail Rəsulov qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.
17 avqust - Bakı şəhərində 54 yaşlı Ceyran Rəhimova 56 yaşlı əri Həsənbala Rəhimov tərəfindən bıçaqla qətlə yetirilib.
20 avqust - Mingəçevirdə 45 yaşlı Natella Çıraqova 21 yaşlı oğlu Rəşad Çıraqov tərəfindən şəxsi münasibətlər zəminində öldürülüb. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.
24 avqust - Siyəzən şəhərində 28 yaşlı Şəbnəm Mustafazadə qısqanclıq zəminində 21 yaşlı qardaşı Səfər Mustafazadə tərəfindən bıçaqla qətlə yetirilib.
Ümumiyyətlə, dünyada hər gün yüzlərlə qadın qətlə yetirilir. Aparılan araşdırmalardan məlum olur ki, qadınların öldürülmə səbəbləri, şəraiti müxtəlif olsa da, mahiyyət baxımından səbəb eynidir - qısqanclıq, ailə-məişət problemi. Ölkəmizdə də qadın qətllərinin əsas səbəbləri bunlardır, qatillər isə böyük əksəriyyətdə ya ər, ya da keçmiş ər olur.
Qadın qətllərinin sayının artması cəmiyyətdə böyük narahatlıq doğurur. Bununla bağlı qadınların hüquqlarının müdafiəsi yönündə sosial proqramların həyata keçirilməsinə, mütəmadi olaraq maarifləndirmə kampaniyalarının aparılmasına, qadın sığınacaqlarının yaradılmasına baxmayaraq, qadın qətllərinin sayı durmadan artır. Bəziləri bu məsələdə sosial-iqtisadi çətinlikləri, bəziləri cəmiyyətdə gedən prosesləri, digərləri isə son vaxtlar milli-mənəvi dəyərlərin arxa plana keçməsini əsas gətirir.
Ölkədə qadın qətllərinin sayı niyə artır?
Sosioloq Lalə Mehralı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əslində təkcə qadınların qətli deyil, ölkədə, ümumiyyətlə, ailədaxili münaqişələrin sayı artıb.
Lalə Mehralı
Bəli, çox təəssüf ki, bu cür cinayətlərin içərisində ana qətlləri də var.
Ana bütün cəmiyyətlərdə müqəddəs sayılır. Bu baxımdan ana qətli insana daha dəhşətli görünür.
Əgər bir cəmiyyətdə bir övlad anasına və yaxud atasına qıyırsa, vəhşicəsinə qətlə yetirirsə, bu artıq həmin cəmiyyətin süqutunun gösgəricisidir. Yəni insanlar ata-anasına əl qaldıracaq dərəcədə hissiz, duyğusuz məxluqa çevrilirsə, bunun altında yatan səbəblər araşdırılmalıdır. Necə olur ki, insan onu dünyaya gətirən qadına belə rəhm etmir? Mərhəmət, rəhm duyğusu getdikcə azalmağa başlayıb.
Araşdırmalar onu göstərir ki, adətən qətl törədən insanlar həmin vaxt empatiya duyğusu hiss etmirlər. Məlum olduğu kimi, empatiya - özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissidir
Hazırda empatiyası, mərhəməti, duyğusu olmayan insanların əhatəsində yaşayırıq və çox təəssüf ki, hər ötən gün onların sayı getdikcə artır. Nəticədə ailədaxili qətllərin də sayı artmağa başlayır.
Hesab edirəm ki, uzun illər aparılan televiziya, insan faktorunun əməyi olan ekologiya, həmçinin qidalanma terroru bugünkü nəticəni yaradıb. Yəni hazırda insana hər tərəfdən təzyiqlər olur. Müqaviməti, immuniteti olan dözdü, bu terroru inkar etdi, amma kimin ki, zəif xarakteri var idi, o, tez məğlub oldu, uduzdu.
Fikrimcə, bu problemin qarşısını almaq üçün ailə bağlarını möhkəmləndirmək lazımdır. Həmçinin mütləq şəkildə ailədaxili sosiallaşmanı, qohumluq əlaqələrini inkişaf etdirməliyik. Araşdıranda da məlum olur ki, ailədaxili qətllər, münaqişələr adətən ailə bağları qopmuş, ünsiyyətin minimuma düşdüyü ailələrdə baş verir.
Burada həm də cəmiyyət qınağı olmalıdır. Cəmiyyət ümumilikdə qadınlara qarşı edilən zorakılığa laqeyd yanaşmamalı, ictimai qınaq artırılmalıdır".
Yazını hazırladı: Xalidə GƏRAY
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ