İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin partiyası Paşinyanın cəzalandırılmasını istəyir

Dumanın hakim partiyadan olan üzvü açıq şəkildə çağırış edib ki, hazırkı baş nazir qeyri-legitim yolla hakimiyyətə gəlib, erməni xalqının onu dəstəkləməsi ciddi səhvdir; Moskva-İrəvan xəttində açıq düşmənçilik

Hakim “Vahid Rusiya” Partiyasından olan Dövlət Dumasının deputatı Yevgeni Fedorov rəsmi Moskvanı Ermənistanın anti-Rusiya siyasəti yürütməsinə etirazını bildirməyə çağırıb. O, bu barədə Haqqın.az-a müsahibəsində bildirib. Deputat Fedorovun sözlərinə görə, hazırkı baş nazir Nikol Paşinyan Ermənistanda qeyri-legitim yolla hakimiyyətə gəlib.

Onun fikrincə, erməni xalqının onun siyasi kursunu dəstəkləməsi ciddi səhvdir: “Erməni xalqı intihara doğru gedir. Aydındır ki, nə NATO, nə də Fransa Ermənistana kömək edə biləcək. Ancaq eyni zamanda Paşinyan hakimiyyəti erməni xalqı üçün bəzi illüziyalar yaradacaq ki, bu da son nəticədə Ermənistanın bir dövlət kimi mövcudluğunun sonlanmasına gətirib çıxaracaq”. Ermənistanın statusuna gəlincə, Dövlət Dumasının deputatı xatırladıb ki, SSRİ-də 1449 saylı qanun var idi və onun əsasında bu ittifaq respublikası Sovet İttifaqından çıxmaq üçün referendum keçirməli idi. Fyodorovun sözlərinə görə, Ermənistanın Azərbaycanla olan münaqişəsinə səbəb də qanunu pozmasının birbaşa nəticəsidir. “Başa düşə bilmirəm, bizim Ermənistanla hansı müttəfiqliyimiz var ki, hansı ki, obrazlı desək, "havadan asılıdır"?

Sözdə Rusiya ilə strateji müttəfiqlik və mehriban münasibətlər quracağını, yəni forpost ölkə kimi qalacağı vədlərini verən Nikol Paşinyan əməlində bunun əksini həyata keçirir və ya buna cəhd edir. Sorosun yaxından dəstəyi ilə hakimiyyətə gələn Paşinyan gec-tez Ermənistanı Rusiya orbitindən çıxarmağa çalışır ki, bu da Moskvada, eləcə də Rusiyanın hakim partiyasında zaman-zaman qıcıq və narazılıq yaradır.   Ümumiyyətlə, Paşinyanın anti-Kreml ritorikası, Ermənistanda məktəblərdə rus sektorunun bağlanması, rus hərbi bazalarının çıxarılması tələbi ilə təşkil edilən aksiyalar, KTMT-ni tərk etməklə bağlı səslənən çağırışlar və bir sıra addımları qeyd etmək olar ki, heç də Putinin xoşuna gəlmir.

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir”

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, rus təfəkkürünə heyrət etməmək olmur: “Rusiyanın istər deputatı, istər daha yüksək ranqlı məmuru olsun, söylədikləri subyektiv fikirlərdir, Rusiyanın strateji maraqlar çərçivəsində səslənən açıqlamalardır. Bu bəyanatlar imperialist ambisiyalara söykənən mövqedir. Əgər Paşinyan Rusiya ilə münasibətləri pisləşdirən addımlar atıbsa, o demək deyil ki, erməni xalqına pislik edib. O, Moskva ilə soyuyan əlaqələr fonunda Qərblə yaxınlaşa bilib. Bu kontekstdə Avropanın vasitəçiliyi ilə Azərbaycanla sülh danışıqları aparılır. Hər bir dövlətin strateji maraqları var və ona uyğun siyasət yürüdür”.

Q.Hüseynlinin sözlərinə görə, bu ayrı məsələdir ki, tarix boyu ermənilərin xisləti qucaq dəyişmək olub: “Bir zamanlar rusları seçmişdilər, indi Qərblə yaxınlaşırlar. Amma Qərbdə də Ermənistana deyirlər ki, Rusiyanın təsir dairəsindən çıx və səni sona qədər dəstəkləyək. İndi Paşinyan bunu nə dərəcədə bacaracaq, söyləyə bilmərəm. Lakin Rusiyanın ümumi yanaşması bütün postsovet ölkələri üçün zərərlidir. Kremlin keçmiş sovet məkanına olan baxışı ucbatından bu dövlətlərin dünya ilə normal əlaqələr qurması çətinləşib, Rusiya daim mane olub. Elə Azərbaycana da aid etmək olar. O səbəbdən rusların tənqid edərkən istifadə etdikləri məntiqdə zərrə qədər həqiqət yoxdur”.

Azərbaycan tarixə bir də belə yazıldı

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova Ermənistan hakimiyyətinin 2018-ci ildən Rusiya ilə yola getmədiyi qənaətindədir. Onun fikrincə, burada İrəvanın addımlarına çox da dəqiq qiymət vermək olmaz, çünki Ukrayna müharibəsi dövründə Ermənistan Rusiyaya sanksiyalardan yayınmaq üçün ən çox kömək edən ölkələrdən biridir: "Fürsətcil Ermənistan tarixin müxtəlif dövrlərində olduğu kimi yenə bulanıq suda balıq tutmaqla məşğuldur. Ermənistan regionda formalaşan geosiyasi qarışıqlıqdan maksimal dərəcədə yararlanmaq və eyni zamanda yarınmaq yolunu tutub. Sanksiyalardan dolayı yarımkeçiricilər, yüksək texnoloji avadanlıqlar, maşın və mexanizmlər, hava, su və quru nəqliyyat vasitələri və yüksək texnoloji məhsulları birbaşa olaraq idxal edə bilməyən Rusiya bunu Ermənistan vasitəsilə edir. Bunun nəticəsidir ki, Ermənistan müharibəyə kimi həmin məhsullar üzrə Rusiyanın əsas tədarükçüləri olan ölkələrdən məhsul alışını kəskin artırıb".

Ekspert hesab edir ki, iqtisadi əlaqələr də pis deyil və Rusiyanı qane etməyən Paşinyanın yalnız siyasi addımlarıdır: “O da tez-tez manevr edir. Gah sülhməramlılardan şikayətlənir, gah Moskvaya gedəndə Putinə yarınır. Avropada Rusiyanı ittiham edir, Soçidə başqa cür danışır. Məncə, Kreml liderinə də onu ram etmək asandır. Paşinyan kiçik və ləng addımlarla ölkəsini Rusiyadan uzaqlaşdırmağa çalışır, amma onu da anlayır ki, asan deyil, təsir rıçaqları çoxdur. Həmçinin bu gün Moskva Qarabağ məsələsində İrəvanı sıxışdırır. Açıq mətnlə ismarış verirlər ki, nə sülh, hələ tezdir, münaqişəyə səbəb ola bilər. Yəni Paşinyanın Qarabağın Azərbaycana aid olmasını şifahi nitqlə təsdiqləməsi heç nəyi həll etmir. Rusiya eyham vurur ki, Paşinyan çox söz deyə bilər, yekun fikir bizə aiddir. Eləcə də Qərb platformasında danışıqlar Rusiyanın xoşuna gəlmir. Ona görə bu gün Rusiya-Ermənistan əlaqələrini mehriban düşmənçilik, yaxud soyuq müttəfiqlik adlandırmaq olar. Təbii ki, Putinin başı açılsa, Ermənistanda siyasi hakimiyyətin dəyişməsi üçün hansısa addımlar atmaq istərdi...”

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR