Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Əgər planlaşdırılan addımlar atılacaqsa, həqiqətən də dünyanın geosiyasi mənzərəsi dəyişəcək, amma...”
“Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri nəinki regionun, bütövlükdə planetin gələcəyini müəyyən edən taleyüklü hadisə oldu”.
“Yeni Müsavat” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu, nə bir il, nə iki il, nə də üç il üçün yox, ümumən gələcəyə hesablanmış perspektivdir. Təkcə regionumuzun deyil, həm də bütün planetin gələcəyini müəyyən edəcək taleyüklü addımlardır”, - XİN rəsmisi qeyd edib.
Zaxarovaya görə, Rusiya-Çin münasibətlərində istiqamət dünyanın əksər ölkələri tərəfindən alternativ kimi fiksə edilir.
Həqiqətənmi Putinin Çin səfəri dünyanın taleyini dəyişəcək? Səfərin bilmədiyimiz pərdəarxası nədir? Zaxarova nəyə işarə vurur - Rusiyaya gizli hərbi yardıma? Putin Pekindən nə ilə qayıdıb? Belə demək olarmı ki, Qərb Ukraynanın, Çin isə Rusiyanın məğlubiyyətinə imkan vermir?
Heydər Oğuz
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, xanım Zaxarovanın niyə bu qədər optimist olduğunu anlamaqda çətinlik çəkir: “Putinin Çin səfərində hansısa konkret nəticələr əldə olunmadı. Hətta liderlərin birgə bəyanatında açıq şəkildə göstərildi ki, onlar, ümumiyyətlə, hər hansı ittifaq qurmayacaqlar, yalnız iqtisadi-ticarət fəaliyyətlərini genişləndirməyə çalışacaqlar. Amma bu da üçüncü dövlətə qarşı yönəlməyəcək. Xüsusilə Çin prezidenti Si Cinpinin bəyanatında bir məqam diqqətçəkici idi. O bildirirdi ki, Çin artıq 13 ildir ki, Rusiyanın bir nömrəli iqtisadi tərəfdaşdır. Rusiya isə bir ildir ki, Çinin 4-cü ən böyük tərəf-müqabilinə çevrilib. Bu sözlər ilk baxışdan iqtisadi göstəricilər üçün deyilsə də, əsində həm də Rusiyaya verilmiş mesaj xarakteri daşıyırdı. Çin lideri sanki rusiyalı həmkarına xatırladırdı ki, qüsura baxma, Avropa və ABŞ sizə qarşı sanksiyalar tətbiq etdikdən sonra bizimlə iqtisadi əməkdaşlıqlarınızı genişləndirmisiniz. Qərbə satdığınız bütün qazınızı, neftinizi indi bizə nəql edirsiniz. Bununla belə, bu alış-veriş ticarət dövriyyəmizin sadəcə 240 milyard dollara yüksəlməsinə səbəb olub. Onun 90 milyardı Rusiyanın, 150 milyardı Çinin ixrac payına düşüb. Fəqət biz sizdən başqa ABŞ, Aİ və başqa ölkələrlə də iqtisadi əməkdaşlıqlar içindəyik. Təkcə Aİ ilə ticarət dövriyyəmiz ötən il 900 milyard, ABŞ-la isə 700 milyard dollara yaxınlaşıb. 1.5 milyard insanın dövləti olaraq biz sizinlə ticarəti genişləndirmək xətrinə Qərb dünyası ilə əlaqələrimizi təhlükəyə ata bilmərik. Odur ki, gəl, üçüncü tərəfin mənafeyinə qarşı ittifaq qurmadan ticarət əlaqələrimizi inkişaf etdirək”.
Siyasi şərhçi Çin və Rusiya liderlərinin apardığı danışıqlarda diqqətçəkən digər məqamın Orta dəhlizlə əlaqədar olduğunu bildirdi: “Çinin rəsmi informasiya agentliyi olan "Xinhua"nın bildirdiyinə görə, Rusiya lideri Si Cinpinə “Bir kəmər, bir yol” layihəsini dəstəklədiklərini və Avrasiya İqtisadi İttifaqının bu layihəyə qoşulmasına hazır olduğunu deyib. Bu isə o deməkdir ki, Rusiya Şimal dəhlizi açılmayacağı təqdirdə, Orta dəhlizin işləməsinə mane olmayacaqlarına söz verib".
Heydər Oğuz fikrini onunla əsaslandırdı ki, Putin Rusiyanın adından yox, Avrasiya İqtisadi İttifaqının adından danışıb: “Aİİ-yə daxil olan dövlətlərə nəzər salsanız, Putinin nə demək istədiklərinı tam mənası ilə anlaya bilərsiniz. Bilirsiniz ki, Aİİ-yə daxil olan ölkələr bunlardır: Qırğızıstan, Qazaxıstan, Ermənistan, Belarus, Rusiya. Son iki dövləti çıxsaq, digər dövlətlər Orta dəhlizin üzərində yerləşir. Rusiya hazırda bu dövlətlərdən Ermənistanı qarışdırmağa çalışır. Qırğızıstan və Qazaxıstanda da vəziyyəti dəyişdirə biləcək gücdədir. Çin səfərindən sonra Ermənistanda keşiş üsyanının getdikcə səngiməyə başlaması, zənn edirəm ki, Putinin Si Cinpinə verdiyi sözlə əlaqədar ola bilər. Rusiya bu ölkədə vəziyyəti qarışdırsa, Orta dəhlizin Zəngəzur ayağı təhlükəyə girə bilər. Odur ki, mənim fikrimcə, biz Baqrat Qalstanyanın tədricən qınına çəkiləcəyini müşahidə edəcəyik. Cənubi Qafqazda yeganə problem Gürcüstanda yaşana bilər. Gürcüstan Aİİ-nin üzvü deyil və Putinin verdiyi sözün əhatə dairəsinə girmir. Üstəlik, bu ölkənin Qərbin əlinə keçməsi Çinə də sərf etməyə bilər. Odur ki, Gürcüstanda gərginliklərin davam edəcəyini gözləyirəm. Digər yerlərdə isə yəqin ki, biz Rusiyanın daha təmkinli siyasəti ilə qarşılaşacağıq”.
Həmsöhbətimizin fikrincə, dünən Çin Xarici işlər naziri Vanq Yinin Qazaxıstanda bu ölkənin rəhbəri Qasım Jomert Tokayevlə görüşündə səsləndirdiyi fikirlər də əslində Rusiyaya bir mesaj idi: “Vanq Yi qazax liderlə görüşündə Vanq Yi Qazaxıstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək səylərini, prezident Tokayev tərəfindən irəli sürülən "bir sıra inkişaf strategiyaları və mühüm tədbirləri qətiyyətlə dəstəkləməyə davam edəcəklərini" bildirdi. Sirr deyil ki, zaman-zaman Qazaxıstanın suverenliyinə, ərazi bütövlüyünə təhdidlər bir ölkədən gəlib - Rusiyadan. Məntiqlə, Vanq Yi bu sözləri deyərkən mesajı hara ünvanladığı bəllidir. Açığı, mənə elə gəlir ki, Mariya Zaxarovanın sitat gətirdiyiniz sözləri də Vanq Yinin məlum açıqlamasının yaratdığı əks-sədanı qismən yatırtmağa xidmət edir. Çünki Çin xarici işlər nazirinin bu sözlərindən Moskva ilə Pekin arasında soyuq rüzgarların əsdiyi qənaətini çıxartmaq olardı".
Siyasi şərhçi inanır ki, Rusiya ilə Çin liderləri arasında görüşdən Zaxarovanın müsbət nəticə çıxaracağı yeganə məqam hər iki dövlətin sülh çağırışları idi: “Təsadüfi deyil ki, Vladimir Putin Pekində Xarkova hücumlarının məqsədinin bu şəhəri almaq olmadığını vurğuladı. Bununla da sanki sülh danışıqlarına hazır olduğu mesajlarını verdi. Amma Rusiyanın sülh danışıqlarına razı olması üçün "qazan-qazan" prinsipinin əldə rəhbər tutulması vacibdir. Bu isə o deməkdir ki, Ukraynanın torpaq güzəşti hesabına müəyyən razılıqlar əldə olunacaq. Yəqin ki, ondan sonra “Bir kəmər, bir yol” layihəsinin şimal marşrutu da fəaliyyətə keçmək şansı qazanacaq. Əgər planlaşdırılan bu addımlar atılacaqsa, Mariya Zaxarova düz deyir, həqiqətən də dünyanın geosiyasi mənzərəsi dəyişəcək. Amma bu dəyişikliklər Rusiyanın deyil, Çinin xeyrinə baş verəcək. Təbii ki, Rusiya da bundan nəsə qazanacaq. Lakin onun qazancı qürurunu incitməyəcək qədər müəyyən torpaq parçası və Şimal dəhlizi ola bilər".
Bəs Ukraynanı dəstəkləyən ABŞ və Aİ buna necə reaksiya verəcək?
Heydər Oğuz bu suala cavab verərkən xatırlatdı ki, Putinlə görüşdən qabaq Si Cinpin ABŞ dövlət katibi Blinkenlə Pekində, Fransa, Serbiya və Macarıstan liderləri ilə isə Avropada görüşmüşdü: “Yəqin ki, həmin görüşlərdə Ukrayna məsələsi də müzakirə olunmuş və müəyyən razılığa gəlinmişdi. Onlarla əldə olunan razılıqdan sonra Si Cinpin Rusiya liderini Pekinə dəvət etmiş və məlum görüşü keçirmişdi. Açığı, mən müəyyən razılıqların artıq əldə olunduğunu düşünürəm”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ