İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ukrayna taxılının yolunu yenidən bağlayacaq - səbəb...

Ərdoğan onu haqlı sayır: “Çıxarılan taxıl inkişaf etmiş, zəngin ölkələrə gedir, kasıb ölkələrə yox”; İstanbul razılaşmasının müddəti uzadılmayacaq

Rusiya Ukrayna limanlarından taxıl ixracını dayandırmağı hədəfləyir. Bu ölkədən son günlərdə verilən açıqlamalar göstərir ki, Moskva limanlardan mühasirənin götürülməsinə dair İstanbul razılaşmasının müddəti bitəndən sonra taxıl dəhlizinin işləməsinə imkan verməmək niyyətindədir. Belə ki, avqustun sonlarında Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin İstanbul razılaşmasına birtərəfli əməl etdiyini bildirib. Onun sözlərinə görə, İstanbul razılaşmasında taxıl dəhlizi ilə Ukrayna məhsullarının daşınmasına imkan yaradılması müqabilində Rusiyanın taxıl və gübrə məhsullarının ixracında yaranan problemlərin də aradan qaldırılması nəzərdə tutulurdu. Bu problemlər Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar üzündən yaranıb: beynəlxalq sığorta şirkətləri Rusiya mənşəli məhsulları daşıyan nəqliyyat vasitələrini sığortalamağa həvəs göstərmir, banklar ixrac əməliyyatlarını maliyyələşdirmirlər. Avropa İttifaqı və Rusiya öz limanlarını bir-birinin gəmilərinin üzünə bağlayıb. Bu şəraitdə Rusiyadan daşınması, ixracı qadağan olunmayan kənd təsərrüfatı məhsulları və gübrələrin də ixracı böyük çətinliklərlə mümkün olur.

Lavrovdan sonra Rusiyanın BMT-dəki rəsmi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Qərb ölkələri İstanbul razılaşmasını pozublar, çünki indiyədək taxıl dəhlizi ilə bir dənə də olsun Rusiya məhsulu daşıyan gəmi çıxmayıb. Onun sözlərinə görə, razılaşmanın müddəti noyabrın 1-də bitir və onun uzadılması yəqin ki, mümkün olmayacaq.

Bu həftənin əvvəlində Şərq İqtisadi Forumunda çıxış edən Vladimir Putin isə taxıl dəhlizinə dair razılaşma ilə bağlı bir qədər fərqli fikirlər səsləndirib. Bildirib ki, indiyədək Ukraynadan dəhlizlə çıxarılan aqrar məhsulların yalnız 3 faizi kasıb ölkələrə göndərilib. Buna görə də Rusiya prezidenti dəhlizlə hərəkət edən yüklü gəmilərin marşrutuna məhdudiyyət tətbiq olunmasını mümkün sayır: “Ehtiyaclı ölkələrə kömək edən BMT Ərzaq Proqramının məlumatına əsasən, indiyədək Ukraynadan məhsul daşıyan 87 gəmidən yalnız ikisi kasıb ölkələrə gedib. Onlarda indiyədək dəhlizlə daşınan 2 milyon ton ərzaq məhsulunun yalnız 3 faizi - 60 min tonu olub”.

Putin qeyd edib ki,  Avropa ölkələri koloniyaçılar kimi hərəkət edirlər, inkişaf etməkdə olan ölkələri isə “sadəcə, növbəti dəfə aldatdılar”: “Belə yanaşma şəraitində dünyada ərzaq problemləri yalnız arta bilər. Bəlkə də bu marşrutla taxıl və digər ərzaq məhsullarının daşınmasını məhdudlaşdırmaq üzərində düşünmək lazımdır.  Mən mütləq bu məsələ ilə bağlı Türkiyə prezidenti ilə məsləhətləşəcəm”.

Fevral ayından etibarən Rusiya xarici ticarətə dair məlumatların açıqlanmasını gizlətsə də, xarici mənbələr yük daşıyan nəqliyyat vasitələrinə dair məlumatlar əsasında ixrac həcmlərini izləyə bilirlər. "Logistics OS" şirkətinin hesablamalarına əsasən iyul-avqust aylarında Rusiyanın buğda ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz azalmaqla 6,3 milyon ton təşkil edib. “Agritel” şirkətinin məlumatları göstərir ki, avqustun son həftəsindən Rusiya buğdasının ixracında artım var. 23 avqustdan 6 sentyabra qədər 400 min ton ixrac baş tutub. Bu artıma baxmayaraq, hesablamalara əsasən sentyabr ayında Rusiya ötən ilin eni dövrü ilə müqayisədə 1 milyon ton az olacaq. İxracın artmasının əsas səbəbi rekord məhsul yığımı və ötən ildən qalaan 13 milyon ton ehtiyatların mövcudluğu şəraitində Rusiyanın daxilində buğdanın qiymətinin kəskin ucuzlaşmasıdır. Bu, imkan verir ki, əlavə rüsumların tətbiqi və hazırkı dünya bazar qiymətləri şəraitində ixracatçılar gəlir əldə edə bilsinlər. Lakin ixrac prosesinin uzun sürməsi, satılan məhsula görə ödənişlərin Rusiya banklarına qarşı sanksiyalara görə aylarla yubanması hökuməti ciddi şəkildə narahat edir. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin yaydığı açıqlamada qeyd olunur ki, ölkə beynəlxalq tərəfdaşları, həmçinin BMT ilə əldə olunan razılaşmalara bütünlüklə əməl edir: “Biz ikinci yarımildə xarici bazarlara 30 milyon ton taxıl çıxarmağa hazırıq. Bu, ehtiyaclı ölkələri dəstəkləməyə və dünyada ərzaqla bağlı vəziyyəti tənzimləməyə imkan verəcək”. Nazirlik bildirir ki, Rusiyanın razılaşmalara əməl etməsinin əsas şərtlərindən biri İstanbulda taxıl dəhlizinə dair imzalanan sənədlərdəki şərtləri Qərb dövlətlərinin icra etməsidir.

Onu da qeyd edək ki, Rusiyanın şərqində istehsal olunan buğda və digər taxıl məhsullarının satışında da ciddi problemlər yaranıb. Bu ərazilərin məhsulunun əsas alıcıları Qazaxıstan, Qırğızıstan və Çindir. Bu il Çinin alıcı əyalətlərində ardıcıl olaraq koronavirus pandemiyasına görə tətbiq edilən sərt karantin tədbirlərinə görə idxal ciddi şəkildə məhdudlaşdırılıb. Hazırda karantin olmayan əyalətlər Rusiyadan məhsulu dünya bazarından kəskin aşağı qiymətə almağı təklif edirlər. Ölkədə buğda ixracına əlavə rüsumun tətbiqi şəraitində Çindən gələn təkliflər istehsalçılar üçün sərfəli deyil. Qazaxıstana gəlincə, cari mövsüm bu ölkədə taxıl istehsalında yüksək məhsul əldə olunmasına imkan verib. Bundan əlavə, yazdan bəri ixraca qoyulan qadağa səbəbindən Qazaxıstanın keçən mövsümdən də kifayət qədər ehtiyatları qalıb. Bu səbəbdən Rusiyadan buğda alınması ehtiyacı yaranmır, üstəlik, qonşu Qırğızıstana satmaq üçün əlavə imkanlar yaranıb. Qazaxıstan Putinin tələblərinə əməl etməyərək buğda ixracına əlavə rüsum tətbiq etmədiyinə görə onun məhsulu qiymət baxımından Rusiya buğdasından daha səmərəlidir. Bunun nəticəsində də Qırğızıstandan da Rusiya taxılına tələb azalıb. Hazırda Sibir və Altay fermerləri böyük həcmdə məhsulun anbarlarda yığılıb qalmasından şikayətlənirlər. Onlar yeni məhsulun toplanmasından sonra ixracın yoluna qoyulmaması şəraitində növbəti mövsüm taxıl əkinlərinin kəskin azalacağını proqnozlaşdırırlar.

Ərdoğan taxıl üçün Rusiya və Ukrayna prezidentləri ilə danışacaq -  12.06.2022, Sputnik Azərbaycan

Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidentinin Ukraynadan taxılın kasıb ölkələrə deyil, Avropaya daşındığına dair fikirlərinin reallıq olduğunu bildirib: “Putin haqlıdır, taxıl kasıb ölkələrə getmir”. O qeyd edib ki, taxıl zəngin ölkələrə daşınır.

Türkiyə prezidenti bildirib ki, hələ ki dəhliz vasitəsilə Rusiya taxılı daşınmır. Çıxarılan taxıl inkişaf etmiş, zəngin ölkələrə gedir, kasıb ölkələrə yox: “Əsas məqsəd taxılın kasıb ölkələrə göndərilməsinin davam etdirilməsidir. Putin taxılın Rusiyaya qarşı sanksiyalar tələb edən ölkələrə getməsindən narahatdır. Biz istəyirik ki, Rusiyadan da taxıl nəqli başlasın. Bu sahədə gecikmə var. Bu məsələləri Putinlə Səmərqənddə müzakirə edəcəyik”.

Yeri gəlmişkən, Ukraynanın aqrar siyasət naziri Nikolay Solskinin Türkiyə mətbuatına verdiyi məlumata əsasən ölkənin ixrac potensialını reallaşdırması üçün taxıl dəhlizinin ən azı bir il fasiləsiz işləməsi lazımdır. Nazir bildirib ki, bu müddətdə bombardman və digər səbəblərdən dəhlizin işi pozulmasa Ukrayna keçən mövsümdən qalan, həmçinin bu ilki mövsümdə toplanan kənd təsərrüfatı məhsullarının ixracını tam reallaşmdırmaq mümkün olacaq: “1 iyul vəziyyətinə bizim ixrac olunası 22 milyon ton taxılımız vardı. Sonra yeni məhsulun yığımı başlandı. Bugünkü günə qədər (6 sentyabr-red.) biz proqnozlaşdırdığımız 67 milyon ton taxılın 26 milyon tonunu yığmışıq. Bu həcmi ixrac etmək üçün razılaşmada iştirak edən bütün tərəflərin dəstəyi ilə hər hansı mühasirə, limanların bombalanması olmadan bir il ərzində yüklənmə həyata keçirilməlidir”.

Ukraynada 2021-ci illə müqayisədə bu il iki dəfə az məhsul gözlənilir -  AZƏRTAC

Ukraynalı nazirin sözlərinə görə, indiyədək ixrac olunan 2 milyon tona yaxın məhsulun böyük əksəriyyətini qarğıdalı, buğda, günəbaxan yağı təşkil edir: “Bizim faktiki ixrac potensialımız ayda 5-6 milyon tondur. Logitistika və təhlükəsizliyə bağlı məsələlər tənzimlənərsə, biz bu potensialı tam reallaşdıra bilərik”.

Qərb mənbələri bildirir ki, Rusiya özünə qarşı tətbiq olunan sanksiyalarda aqrar məhsullar və gübrələrə istisna edilməsini deyil, onların bütünlüklə aradan qaldırılmasını tələb edir. Bu isə faktiki olaraq mümkün deyil. Xatırladaq ki, “Şimal axını 1" kəmərinin Kanadada təmir olunan turbinləri ilə bağlı da Rusiya eyni addımı atıb: təmirdən sonra Almaniyaya gətirilən turbinlərin öz ərazisinə keçirilməsinə imkan verməyərək, bunun üçün Avropanın neft-qaz avadanlıqlarının ona satılmasını qadağan edən bütün sanksiyaların aradan qaldırılması şərtini irəli sürür. Bu baxımdan, Rusiya İstanbul razılaşmasında öz taxıl və gübrələrinin ixracına şərait yaradılması üçün detalların tam müəyyənləşdirilməməsindən istifadə edərək,  özünə qarşı sanksiyaların tamamilə aradan qaldırılması tələbini qoyur.

Digər tərəfdən, Avropaya təsir vasitəsi olaraq qazın sıradan çıxmaqda olması Putinin başqa təzyiq imkanlarını işə salmasına gətirib çıxarır. Bunlardan biri də Ukraynadan ərzaq məhsullarının ixracının qarşısını yenidən almaqdır ki, Putin artıq bunun üçün zəmin hazırlamağa başlayıb. Bununla o, həm dünya bazar qiymətindən xeyli baha olan buğdasını satmaq, həm də dünyada ərzaq böhranını gücləndirib, günahkar kimi Qərbi göstərməklə sanksiyaların yumşaldılmasına nail olmağı hədəfləyir.

Hadisələrin gedişatı göstərir ki, noyabrdan etibarən Ukrayna taxılının dünya bazarına yolunun yenidən bağlanması ehtimalı böyükdür. Bu ehtimalın reallaşmaması yalnız o halda mümkündür ki, Ukrayna əks-hücum əməliyyatları ilə Rusiyanın limanları mühasirədə saxlamaq imkanlarını aradan qaldıra bilsin...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR