İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin-Paşinyan görüşündən çıxan nəticələr - fərqli baxışlar

Moskva görüşü Azərbaycan üçün təhlükə yaradırmı?; partiya sədri: “Ciddi mütaliə və cəsarət olmadan Rusiya ilə bağlı həqiqətləri dilə gətirmək mümkünsüzdür”

Ermənistanın baş naziri Nikol Paşinyanın iki gün öncə gerçəkləşən Moskva səfəri, Rusiya prezidenti Vladimir Putinlə görüşünün nəticələri ətrafında bir-biri ilə uyğun gəlməyən şərhlər verilir. Putin-Paşinyan görüşündə üçtərəfli əməkdaşlığın gücləndirilməsi, baş nazir müavinlərinin birgə sədrliyi ilə yaradılan komissiyanın fəaliyyətinin aktivləşdirilməsi barədə razılığa gəlinib. 3+3 əməkdaşlıq formatının uğurla fəaliyyətə başladığı qeyd edilib. Putinlə Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər.

Görüşlə bağlı Kremlədən yayılan rəsmi sənəddən iki məqamı təqdim edək:

- Moskva və İrəvan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri və üç liderin 9 noyabr 2020-ci il, 11 yanvar tarixli razılaşmalarının icrası çərçivəsində konstruktiv işi davam etdirmək barədə razılığa gəliblər;

- Tərəflər Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyin təmin edilməsinə, Dağlıq Qarabağ əhalisinin həyatı üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasına həlledici töhfəsini vurğuladılar. Onlar təxirəsalınmaz humanitar vəzifələrin tezliklə həllinin, Dağlıq Qarabağ nizamlanmasının siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini, bu kontekstdə ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun potensialından və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyini qeyd ediblər.

Maraqlıdır ki, görüşlə bağlı Kremldən yayılan sənəddə Minsk Qrupunun həmsədrlik institutunun potensialı və təcrübəsindən yararlanmaq ifadələri var. Rusiya MQ-ni proseslərə qoşmaq istəyir. Artıq Azərbaycandan bəzi politoloqlar bu görüşə sosial şəbəkə üzərindən və peşəkar media vasitəsilə şərh veriblər. Əsas tezis budur ki, Kreml Avropa İttifaqının Qarabağla bağlı apardığı prosesə mane olmaq xətti tutub. Sanki Aİ Qarabağın tamamən azad edilib, Azərbaycana qaytarılması üçün “sinəsini yerə sürtür”, Rusiya buna qarşı çıxır... Qərbin Qarabağla bağlı rolu niyə bu qədər qabardılır, bunun özü də olduqca maraqlıdır.   

Paşinyanın Moskvada Putinlə görüşü Azərbaycan üçün təhlükə yaradırmı? Sülh prosesini zədələyirmi? Ermənistanın danışıqlarda mövqeyini gücləndirirmi? Putinin Paşinyanla Qarabağda təhlükəsizlik məsələlərini müzakirə edəcəyini söyləməsi niyə bu qədər rahatsızlıq doğurub ölkəmizdə? Burada qorxulu, Azərbaycan üçün təhlükəli nə var? Bundan 2 ay öncə Prezident İlham Əliyev Moskvada səfərdə olub. Putinlə müttəfiqlik sazişi imzalayıb. Hazırda da Rusiya ilə Azərbaycan arasında Qarabağdan tutmuş, digər məsələlərə qədər heç bir sahədə fikir ayrılığı, ziddiyyət yoxdur. Münasibətlər normaldır. O zaman rəngləri tündləşdirmək, Putinin Azərbaycan əleyhinə fəaliyyətə başladığı PR-ı aparmaq nəyə və kimə, kimlərə lazımdır? Biz  niyə Rusiyanı özümüzə düşmən etməyə, bizə qarşı açıq şəkildə düşmənçilik etməkdə bu qədər maraqlıyıq? Nədən “arının yuvasına çöp uzatmağı” sevirik?

Abutalıb Səmədov:Populist vədlərlə hakimiyyətə gələn N.Paşinyan və  komandası son dərəcə ağır durumdadı - Yeni Zaman Mobil versiya

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirdi ki, Paşinyanın Putinlə görüşü və imzalanan sənədlər ermənilərin səfərə bağlanan ümidlərini doğrultmadı. Danışıqların mətbuata açıq hissəsində Rusiya prezidentinin “Dağlıq Qarabağ”ın deyil, Azərbaycanın tələb etdiyi kimi  “Qarabağ”ın təhlükəsizliyindən danışması, imzalanan 30 bəndlik yekun sənəddə bu məsələyə yer verilməməsi, imzalanma mərasiminin qapalı keçirilməsi və iki liderin mətbuat qarşısına çıxmaması Ermənistan cəmiyyətində ciddi narahatlıqla qarşılanıb: “Bu görüşü iki ay əvvəl Prezident İlham Əliyevlə keçirilən danışıqlarla müqayisə edənlər Kremlin Azərbaycanla Ermənistana nə qədər fərqli yanaşdığını və bu müqayisənin açıq-aşkar ermənilərin xeyrinə olmadığını etiraf etmək məcburiyyətində qalırlar.

Elə isə Azərbaycanda bəzi dairələr nədən əksini iddia etməyə və həqiqətlə heç bir əlaqəsi olmayan iddialar irəli sürməyə cəhd göstərirlər. Məncə, bunun iki mühüm səbəbi var. Birincisi, Qərbin müəyyən dairələrinə kor-koranə, yaxud, bilərəkdən xidmət göstərmək istəyidir. Bu qrupa daxil olanların bir hissəsinin ciddi maddi və hakimiyyət maraqları var və bu səbəbdən hər cür yalanlar səsləndirməkdən çəkinmirlər.

İkinci səbəb savadsızlıqdır. Rusiyanın əleyhinə ən kəskin ittihamlar səsləndirmək üçün heç bir ciddi mütaliəyə ehtiyac yoxdur. Respublikada hamıya məlum həqiqətlər var və bu həqiqətlərdən çıxış edib Rusiyanı nə qədər istəsən ittiham edə bilərsən. Ancaq Rusiyanın İkinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə tutduğu mövqe barədə obyektiv söz demək üçün prosesləri dərindən araşdırmalı və qaragüruhun hücumlarına hazır olmalısan. Ciddi mütaliə və cəsarət olmadan Rusiya ilə bağlı həqiqətləri dilə gətirmək mümkünsüzdür. Həqiqət isə ondan ibarətdir ki, müstəqilliyimiz üçün ən böyük təhlükə olan Rusiya Qarabağ məsələsində bizə daha yaxın mövqe tutur və bunu açıq şəkildə bəyan etməkdən çəkinmir. Bu iddianı sübut etmək üçün həm prezident Putinin, həm Lavrovun son iki ildə səsləndirdikləri və qaragüruhun xəbərsiz olduğu fikirləri xatırlamaq kifayətdir".

A.Səmədov qeyd etdi ki, Qərbi cani-dildən müdafiə edənlər Azərbaycan Prezidentindən fərqli olaraq Paşinyanın Rusiyanın vasitəçiliyinə qarşı çıxması və Minsk Qrupunu “xidmətə çağırması” barədə bir az düşünsələr pis olmaz: “Onların dövlət başçımızın ötən ilin iyulunda söylədiyi-”Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanla Rusiya arasında fikir ayrılığı yoxdur!" - sözlərini xatırlamaları da, məncə, düzgün nəticə çıxarmağa imkan verərdi. Bununla yanaşı, Türkiyə prezidenti Ərdoğanın İkinci Qarabağ müharibəsində Rusiya prezidentinin oynadığı müsbət rol barədə 22 sentyabr 2021-ci il tarixdə söylədiklərini də oxusalar əmin olardılar ki, dünən Moskvada keçirilən görüş, verilən bəyanatlar və imzalanan sənədlər Azərbaycan üçün heç bir təhlükə törətmir.

Qarabağ üçün ən böyük təhlükə son günlər İrəvanı yenidən “su yoluna” döndərən və “Deyton sazişi” və buna bənzər variantlar təklif edən Qərb dövlətləridir. Bu dövlətlər regionda formalaşan Rusiya-Türkiyə ittifaqından və bu birliyin Qarabağ məsələsini gündəlikdən birdəfəlik çıxaracağından narahatdırlar. Ermənistan da bu ittifaqı qətiyyən istəmir və ermənilərin ən böyük istəyi regionda hələ söz sahibi olan Rusiya ilə Azərbaycanın münasibətlərinin pozulmasıdır. Çox təəssüf ki, bəzi həmvətənlərimiz qəsdən, yaxud bilməyərəkdən “erməni dəyirmanına” su daşımaqla məşğuldurlar. İndiki şəraitdə bizim üçün ən böyük təhlükə budur".

Politoloq Elxan Şahinoğlu: "Rusiyanın Azərbaycanda AES tikməsi bizi  Moskvadan asılı vəziyyətə salar"

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Putin Kremldə Paşinyanla görüşün mətbuata açıq hissəsində “Qarabağda hələ çox problem var” deməklə bölgədəki vəziyyətdən detallarına qədər xəbərdar olduğunu nümayiş etdirib: “Bəli, Qarabağda problemlər var və bu problemi yaradanlar Rusiya hərbçiləri ilə erməni separatçılarının birgə fəaliyyətidir. Putinin bu açıqlamasından aydın oldu ki, Rusiya postlarının və Qarabağda Rusiya bayraqlarının sayının artırılması təlimatını elə Kreml sahibi verib. Putin daha sonra dedi ki, Paşinyanla Qarabağın təhlükəsizliyi məsələsini müzakirə edəcək. Kreml sahibi bu cümləsi ilə Qarabağın Ermənistana dəxli olmadığı reallığını qəbul etmək istəmir. Rusiya prezidenti Azərbaycana aid Qarabağ mövzusunu Ermənistanın baş naziri ilə müzakirə edirsə, burada xoş niyyət yoxdur.

Danışıqlar yekunlaşdıqdan sonra Kremlin mətbuat xidmətindən yayımlanan xəbərdə deyildi ki, tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqları bildirilib.

Kremldən yayımlanan bu xəbər Moskvanın atdığı addımlarla üst-üstə düşmür. Kreml İkinci Qarabağ müharibəsindən sonra eyni məzmunlu xəbərlər yayımlayır, ancaq ortada ciddi nəticə yoxdur. Kremlin vasitəçiliyi ilə nə sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar intensivləşib, nə də 3 ölkənin baş nazirlərinin müavinləri kommunikasiyalar xətlərinin açılması istiqamətində irəliləyiş əldə ediblər. Paşinyanın və daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qısa müddət ərzində Moskvaya çağırılmasının tək səbəbi var: Kreml Avropa İttifaqının vasitəçiliyini əngəlləmək istəyir".

Politoloq bildirdi ki, Brüssel Kremlin bu planlarından xəbərdardır: “Brüssel bilir ki, Moskva İrəvana təzyiq etməklə gedişatı poza bilər. Ona görə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Paşinyana Moskvaya yollanmadan əvvəl zəng edib və izah edib ki, o, Kremlin Brüsselin planlarını pozmasına imkan verməsin. Sonra isə Mişel Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarı Bakıya göndərdi. Paşinyan Moskvada ikən prezident İlham Əliyev Toivo Klaarla görüşdü və ona bildirdi ki, rəsmi Bakı Brüsselin faydalı vasitəçiliyinə önəm verir. Əslində Paşinyan da Brüsselin vasitəçiliyindən faydalanmaq istəyir, sadəcə, ona Kreml və Rusiyanın Ermənistandakı vassalları mane olur”.

Hikmət Babaoğlu: Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc  mərkəzlərinin siyasi layihəsidir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Hikmət Babaoğlu

Deputat Hikmət Babaoğlu isə bildirdi ki, Paşinyan-Putin görüşündə Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər kontekstində bir neçə razılaşma əldə edildi. Bunların içərisindən  önə çıxan məsələlər iki ölkənin xarici siyasət məsələlərində məsləhətləşmələr aparmasının zəruriliyi, hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsi, ədliyyə sahəsində hüquqi yardımla bağlı əməkdaşlığın artırılması, sosial sahədə əməkdaşlıq və s. oldu. Eyni zamanda Rusiya tərəfi bir daha dəmir yolu kommunikasiyası sahəsində hər cür əməkdaşlığa hazır olduğunu ifadə etdi. Ən əsas razılaşmalardan biri isə tərəflərin ərazisindən bir-birinin  maraqlarına qarşı üçüncü ölkələrin istifadə etməsinə izn verməməklə bağlı öhdəlik götürməsi oldu: “İkitərəfli münasibətlər baxımından bu razılaşmaların sadə izahı ondan ibarətdir ki, bundan sonra xarici siyasət məsələlərində Ermənistan Rusiya ilə məsləhətləşmələr aparmadan müstəqil qərarlar qəbul etməkdən ya çəkinməli, ya da mütləq Rusiyanın da maraqlarını nəzərə alaraq qərarlar qəbul etməlidir.

Regional tərəfdaşlıq məsələlərində isə Rusiya yenə Ermənistan-Azərbaycan sərhədlərinin sürətlə delimitasiya və demarkasiya edilməsini, 3+3 formatında əməkdaşlığın gücləndirilməsini və kommunikasiyaların açılmasının zəruriliyini önə çəkib. Belə bir zərurət onunla izah edilməlidir  ki, hazırkı mürəkkəb şəraitdə Rusiya özünün cənub sərhədlərindən arxayın olmaq istəyir. Eyni zamanda Şimaldan və Qərbdən faktiki təcrid vəziyyətinə düşən Rusiya istər ticari istərsə də kommunikasiya əlaqələrini cənub dəhlizi ilə kompensasiya etməyə çalışır . Yəni Rusiya özünün enerji və iqtisadi vektorunu Cənuba və Şərqə doğru kardinal şəkildə dəyişir. Elə bu dəyişiklik də Rusiya-Türkiyə münasibətlərinin yeni keyfiyyət mərhələsinə qalxmasını zəruri edir. Ona görə də Putin Türkiyə-Ermənistan dialoqunun baş tutmasını alqışladığını bildirir. Bütün bunlar isə  Rusiyanın Cənubi Qafqaz siyasəti kontekstində olduqca aktualdır. Rusiya bu regionda Azərbaycan-Türkiyə tandeminin yaratdığı yeni geostrateji konfiqurasiyanın uzunmüddətli perspektivdə həlledici olacağını bildiyi üçün bu reallığın əsas aktorlarından biri kimi də özünü görür. Qərbin isə  bu reallıqda iştirakçılığını Rusiyanın təhlükəsizliyinə təhdid hesab edir. Elə Paşinyanın Moskva səfəri öncəsi İrəvanda baş tutan mitinqlər də, Moskvada yuxarıda bəhs etdiyimiz razılaşmaların əldə edilməsi də Paşinyanın Qərblə Rusiya arasında manipulyasiya etmək imkanlarını məhdudlaşdırmağa, Ermənistanın Rusiyanın siyasi orbitində qalmasına hesablanıb".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR