İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin iqtidardan gedərsə... - Rusiyadan sonra hədəfdə hansı dövlətlər ola bilər?

“Türkiyənin regionun 1 nömrəli lider dövləti olması faktı ilə artıq hamı razılaşmağa və nəticə olaraq onunla hesablaşmağa məcbur olub”

Rusiya-Ukrayna müharibəsinin 20-ci günüdür. Keçən bu müddətdə bir çox suallar yaranıb və yaranmaqda davam edir: Rusiya bu müharibədə məğlub olsa, Kremlin sahibi Vladimir Putin iqtidardan getsə, nələr ola bilər? Rusiyanın özünün yönü, aqibəti nə olar? Demokratikləşərmi? İqtidara kim, hansı qüvvə gətirilər? Bu, Türkiyəyə, Azərbaycana hansı perspektivləri yaşadar? Qərb Rusiyadan sonra Türkiyəni hədəf seçib, orada da hakimiyyət dəyişikliyinə nail olmaq istəyərmi? Azərbaycanla rəftar necə olar?

Bu suallar içərisində iki qardaş ölkənin, yəni Azərbaycan və Türkiyənin adının keçməsi də təsadüfi deyil. Bölgədə 3 ölkə var ki, Amerikanın şərtlərini sonadək qəbul etmir. Bunlar Türkiyə, Rusiya, Azərbaycandır. Həmçinin hər 3 ölkənin prezidentləri birbaşa ABŞ-ın, Avropa Birliyinin direktivləri ilə işləmirlər. Müstəqil, sərbəst siyasət yürüdürlər. Bu da dünyaya ağalıq edən, etmək istəyən Birləşmiş Ştatların xoşuna gəlmir. Belədə bu sual da yaranır ki, Rusiya zənciri qırılsa, hədəf Türkiyə, ardınca Azərbaycanmı ola bilərmi?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev düşünür ki, Rusiya hərbi qüvvələri bütün Ukrayna ərazilərini tutsa belə, qalib sayılmır: “Çünki tutduğu ərazilərdə siyasi hakimiyyəti formalaşdıra bilməyəcəksə, əhalinin loyallığına nail olmayacaqsa, dünya dövlətlərini bu işğala haqq qazandırmağa razı sala bilməyəcəksə, qalibiyyətdən söhbət belə gedə bilməz. Açıq-aydın görünən odur ki, bu faktorları reallaşdırmaq imkanı sıfırdır. Ölkədən qaçan, xalqın arasında artıq düşmən obrazında tanınan üzdə olmuş 2-3 rus meyilli siyasətçini saymasaq, bütün siyasi spektor kəskin anti-rus mövqeyinə köklənib. Təsəvvür edin ki, onlar hətta Zelenskidən də radikal mövqedədirlər. Vaxtilə Rusiyaya loyal yanaşan əhalinin böyük əksəriyyətində də nifrət formalaşıb. Yəni ən azından bu faktorlar ortada var ikən Rusiya Əfqanıstandan da betər bataqlığa düşüb... Tutaq ki, Rusiya bütün Ukrayna ərazilərini işğal etdi. 80 milyondan artıq əhalini öldürəcək yaxud qovacaq? Təbii ki yox. O zaman rus əsgərinin, formalaşdıracağı oyuncaq idarəetmə qurumlarının hansı təhlükəsizliyindən söhbət gedə bilər? Bunlarla onu demək istəyirəm ki, Putin Ukraynada istənilən halda uduzub. Qaldı ki, onun bu səbəbdən hakimiyyətdən gedəcəyinə, əbədi hakimiyyətlər olmadığı kimi, əbədi prezidentlər də olmur. Əvvəl-axır, hansısa səbəbdən gedirlər. Putinin Ukraynada başladığı müharibədə uğursuzluqları səbəbindən hakimiyyətdən getməsi ehtimallarına gəlincə isə buna birmənalı cavab vermək çətindir. Yəni gedə də, (bura onun könüllü və ya zorla hakiyyətdən uzaqlaşdırılması aiddir), hər şeyə rəğmən əlində olan repressiya maşını hesabına qala da bilər. Rusiya nüvə dövləti olduğundan Qərb və ABŞ açıq müharibəyə gedib, hərbi əməliyyatları onun ərazisində aparmaqdan çəkinəcək.

Baydenin qərarsızlığı və çəkingənliyindən istifadə edən Kreml istədiyi kimi  davranır” - Politoloq Elşən Mustafayev

Elşən Mustafayev: ""Putin hakimiyyətdən salınsa, növbəti hədəf Azərbaycan hakimiyyəti olacaq" iddiası tamamilə yanlış, hətta düşməncəsinə söylənilən fikirlərdir"

Amma Rusiyanı ölümcül sanksiyalar elə vəziyyətə sala bilər ki, Putin ölkəni Şimali Koreya lideri kimi dünyadan təcrid olunmuş halda illərlə idarə də edə bilər, yaxud hansısa səbəbdən hakimiyyətdən gedə də bilər. Birinci halın nəticələri Şimali Koreya timsalında aydın görünə bilər. İkinci halda isə hakimiyyət dəyişikliyi fonunda Putin rejimindən yumşaq, beynəlxalq aləmə açıq bir hakimiyyətin formalaşacağı şübhəsizdir. Ölkəyə liderliyi edəcək adam isə şəraitə uyğun olaraq ortada olacaq. Belə hal olarsa həmin şəxs böyük ehtimalla, hazırkı hakimiyyətin orta və ya yuxarı eşelonundan biri ola bilər və Qərb həmin şəxsi qəbul edəcək, onunla işləyəcək. Bu halda Rusiyada demokratikləşmə gedəcəkmi? Düşünürəm ki, bəzilərinin gözlədiyi demokratikləşmədən söhbət belə getməyəcək. İndiki rejimlə müqayisədə daha yumşaq, repressiv metodlara meyl etməyən, eyni zamanda siyasi və iqtisadi prosesləri nəzarətdə saxlayacaq, Qərbə loyal münasibətdə olacaq bir hakimiyyət yarana bilər. Rusiya ərazisinə görə o qədər böyük dövlətdir ki, tam demokratik qaydalarla idarə olunması imkansızdır. Əgər buna kimsə cəhd edərsə, qısa müddətdə Rusiyanın ən azı 4-5 dövlətə parçalanacağı mütləq olacaq ki, bu gün Qərb və ABŞ belə bu perspektivi arzulamır. Çünki bu halda region qaynar bir nöqtəyə çevrilə bilər və ən çox da bu parçalanmadan Çin qazanc götürər. Əgər Rusiya iqtisadi çətinliklərdə boğulan repressiya üsulları ilə idarə olunan qapalı bir dövlətə çevirilmək yolunu tutacaqsa, əminəm ki, Azərbaycan ondan daha uzaqda durmağa qərar verəcək”.

Ekspert Azərbaycanla bağlı hissəsini belə izah etdi: “Putinsiz nisbətən azad siyasi və iqtisadi sistemin formalaşmasının Azərbaycana təsirlərinə gəlincə isə deyə bilərəm ki, birmənalı olaraq müsbət olacaq. Azərbaycanın Qərblə əlaqələrində müsbətə doğru daha fərqli münasibətlərin şahidi ola bilərik. Daxilimizdə yaranacaq fərqli siyasi mühit kənardan ölkəmizə qarşı təzyiqlər edənlərin də bəhanələrini azaldacaq. Bu gün bəziləri, Azərbaycanı hər zaman Rusiyanın təsiri altında görmək istəyənlər düşünülmüş şəkildə təbliğat aparırlar ki, əgər Rusiya məğlub olarsa, Putin hakimiyyətdən gedərsə, növbəti hədəf Azərbaycan hakimiyyəti olacaq. Tamamilə yanlış, hətta düşməncəsinə söylənilən fikirlərdir. Birincisi, Azərbaycan Prezidentinin müxtəlif vaxtlarda Qərblə və ABŞ-la çox yaxın münasibətləri olub və aşağı-yuxarı səviyyələrdə o, bu gün də davam edir. Qərb və rəsmi Bakı arasında zaman-zaman olan bəzi gərginlikləri araşdıranda bu halların kökündə Rusiya faktorunun olduğunu görə bilərik. Yəni bu faktor ortada olmayandan sonra Azərbaycanda yaranacaq siyasi sabitlik və vətəndaş birliyi kənardan olacaq təzyiqləri aradan qaldırmaq gücündə olacaq. İkincisi isə Azərbaycan dünya xəritəsində ərazisinə, əhali sayına görə kiçik dövlətdir və böyük dövlətlərə hər hansı təhdid və təhlükə yaratmır. Eyni zamanda bu illər ərzində Avropa ilə münasibətlərin və əməkdaşlıqların davam etməsində maraqlı olub. İndiyədək bu istiqamətin inkişaf etməsinə mane olan yeganə güc Rusiya idi və bunu hamı bilirdi. Yaxud təxminən eyni fikirləri Türkiyə ilə bağlı deyirlər və Putin gedərsə, növbəti hədəfin Türkiyə olacağı yönündə təbliğat aparılır. Halbuki orada, ümumiyyətlə, məsələ tamam başqa cürdür. Birincisi, Türkiyə NATO üzvüdür və bu üzvlük olmasaydı, Rusiya çoxdan Türkiyə ilə köhnə haqq-hesabını çəkərdi. Nüvə silahına güvənən Rusiya 80 milyon əhalisi olan Ukraynaya qarşı işğalçı siyasət aparırsa, 80 milyon əhalisi olan Türkiyəyə qarşı eyni addımları ata bilərdi. O başqa məsələdir ki, Türkiyə onlara cəhənnəmin necə olduğunu göstərəcəkdi. Amma söhbət adekvat olmayan rejimdən gedirsə hər şey gözlənilməlidir. İkincisi isə Türkiyənin Avropa İttifaqı dövlətlərinin bir çoxu ilə münasibətləri hər zaman gərgin olub və bu gərginliyi yaradan isə həmin dövlətlərin yüz illərlə Osmanlı torpaqları olması ilə bağlı səbəblərdir. Ona görə Türkiyəni 30 ildir Avropa İttifaqına qəbul etmək istəmirlər. Amma ABŞ və Böyük Britaniya ilə tamam fərqli münasibətlər olub və o bu gün də davam edir. ABŞ-ın illər öncə Ərdoğanın şəxsi ilə bağlı yaşadığı komplekslərdən doğan Türkiyə siyasətini hələ o zamandan müvəqqəti mövqe adlandırmışdım.

Doğrudur, ABŞ Ərdoğanın hakimiyyətdən getməsi üçün çox çalışdı və hər cəhdində Ərdoğan daha da gücləndi. O səbəbdəndir ki, son vaxtlar bu münasibətlərdə daha isti çalarlar görünməyə başlayıb. ABŞ-ın regionda dəstəklədiyi və sözçüsü statusunda tanınan İsrail prezidentinin uzun illər fasilədən sonra Türkiyəyə rəsmi səfər etməsi də bir çox məqamlardan xəbər verir. Türkiyənin regionun 1 nömrəli lider dövləti olması faktı ilə artıq hamı razılaşmağa və nəticə olaraq onunla hesablaşmağa məcbur olub. ABŞ-ın Avropadakı əsas müttəfiqi Böyük Britaniya isə Türkiyə ilə hər zaman əlaqələrini yüksək səviyyədə saxlayıb. Avropa İttifaqı ölkələrinin Türkiyə ilə münasibətləri isə o qədər də önəmli deyil. Çünki bu mövqelərin dəyişəcəyi mütləqdir. Halbuki onların arasında da dövlətlər var ki, Türkiyə ilə ikitərəfli əlaqələrini davam etdirirlər. Azərbaycanın hər zaman Türkiyə ilə birlikdə olmasını da nəzərə alsaq, bizim yolumuzun və yerimizin harada olacağını da görə bilərik. Bunları nəzərə alaraq demək istəyirəm ki, rejim dəyişikliyi ilk növbədə Rusiyanın özündə müsbət dəyişikliklərə gətirəcək. Paralel olaraq bu dəyişiklikdən qonşu dövlətlər, o cümlədən Azərbaycan da yararlanacaq. İmperiyasını və rejimini qorumaq və xalqı əzmək iddialarında olanlar iqtisadi və siyasi əlaqələri olan dövlətləri, qonşularını qorxudan təbliğat aparırlar ki, biz olmasaq iqtidarınızı, dövlətinizi yer üzündən silərlər. Əslində isə bu təbliğatı imperiyaların son nəfəsində apardığı tarixdə məlumdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR