İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin eqosunu öldürə bilsə, müharibəni bu gün dayandıracaq”

Razi Nurullayev: “Bu gün əcəl zəngi Putin və Rusiya üçün çalınır”

“Bundan sonra Ukraynanı yerlə yeksan edib, qələbə qazansa belə, bu, Rusiyanın qələbəsi deyil”.

Bu gün bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun müəllifliyi ilə yayımlanan “Dərin Təhlil” verilişində millət vəkili Razi Nurullayev bildirib.

Bu gün bir mitinqdə Rusiya prezidenti Vladimir Putinin çıxışını izlədiyini deyən R.Nurullayev bu mənzərələri Netflix-də ikinci dünya müharibəsi ilə bağlı hazırlanan sənədli filmdəki səhnələrə bənzətdiyini vurğulayıb: “Orda Hitler belə bir mitinq keçirmişdi və yüz minlərlə almanın qarşısında alovlu çıxış etmişdi. Mən heç istəməzdim ki, 21-ci əsrdə Rusiya belə bir formada müqayisə olunsun. Bu gün deyə bilərik ki, Rusiya qələbə çalmadı. Bundan sonra Ukraynanı yerlə yeksan edib, qələbə qazansa belə, bu, Rusiyanın qələbəsi deyil. Bu gözlənti də yoxdu ki, Rusiya qələbə çalsın”.

R.Nurullayevin sözlərinə görə, Rusiya 2014-cü ildə olduğu kimi asan qələbə çalacağını, insanların onu duz-çörəklə qarşılayacağını düşünürdü. Onun sözlərinə görə, üstəgəl, Rusiya üçgünlük plan şəklində Ukraynanı almağı planlaşdırırdı: “Bu plan bərbad oldu. Onlar hazırlaşmamışdılar ki, başqa qoşun növlərini gətirsinlər, təchizatı təmin etsinlər. Bu, iflasa uğradığına görə, irəliyə gedə bilmədiyinə görə şəhəri bombalamağa başlayıblar. Rusiya bir həqiqəti unutdu. Ukrayna 1941-45-ci il müharibəsində ən çox partizan müharibəsi aparan və faşist Almaniyasına zərbə vuran ölkə olmuşdu. İndi Ukrayna dirəniş göstərir. Ukraynalıların 85-90 faizi zarafatla döyüşə gedir, deyib-gülür, rəqs edirlər. Onları dayandırmaq, məğlub etmək mümkün deyil. Məğlub etmək üçün gərək tamam məhv edəsən. 40 milyonu məhv etməksə ümumən mümkün deyil. Bütün dünyanın silahları Ukraynaya xidmət edir. Ona görə də əcəl zəngi Rusiya və Putin üçün çalınır”.

“Siz elə bilirsiz ki, Rusiya bu gün bu müharibəni dayandırmağa hazırdır?” deyə ritorik sual verən millət vəkilinin sözlərinə görə, Putin sadəcə olaraq, eqosunu öldürə bilmir: “Eqosunu öldürə bilsə, müharibəni bu gün dayandırar. Çünki bilir ki, müharibə uzandıqca Rusiya fəlakətə doğru gedir. Amma mən hesab edirəm ki, bu gün bu müharibədə Ukraynaya kömək edən dövlətlərin heç biri müharibənin dayandırılmasında maraqlı deyil”.

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR