İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin 9 mayda hərbi paradı arzuladığı kimi keçirə bilməyəcək” - politoloq

Elxan Şahinoğlu: “XİN rəhbəri Putinin planlarından xəbərsizdir, o, özünə qapanıb və planlarını heç kimlə bölüşmür”

Bu il 9 may faşizm üzərində Qələbə günü Rusiyada bir qədər sönük keçiriləcək. Hər il olduğu kimi hərbi parad keçirilməsi nəzərdə tutulsa da, hazırlıqlar barədə məlumatlardan belə anlaşılır ki, hərbi parad da təntənəli olmayacaq. Paradda qonaqlar qismində xarici dövlət başçılarının olmayacağı deyilir. İddialara görə, Putin paradda tək qala bilər.

Bəzi məlumatlara görə isə Rusiya 9 may günü Ukraynaya yeni müharibə elan edəcək. Bu, realdırmı? Başqa bir iddiaya görə isə müharibə 9 mayda bitə bilər. Rusiya xarici işlər naziri Sergey Lavrov isə bunu təkzib edib. O, İtaliyanın “Mediaset” televiziya şirkətinə müsahibəsində deyib ki, Rusiya Ukraynadakı müharibəni mayın 9-na kimi bitirməyə cəhd etməyəcək. Lavrov deyib ki, hərbçilərimiz süni şəkildə öz hərəkətlərini hansısa tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar. Rusiyalı nazir qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski “neonasist batalyonlarına cinayət əmrləri verməyi dayandırsa, onları bütün mülki şəxsləri azad etməyə və müqaviməti dayandırmağa məcbur edərsə, sülhə töhfə verə bilər.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiya prezidenti Vladimir Putin 9 may hərbi paradını istədiyi və arzuladığı kimi keçirə bilməyəcək. Putin 9 mayda Ukraynadakı hərbi və siyasi hədəflərinə çatmaq istəyirdi. Ancaq bu alınmadı: “Rusiya Kiyevi işğal edə bilmədi, Ukraynada qondarma rejim qurmaq imkanı olmadı. Putinin sonrakı planı Krıma quru yol əldə etmək və Donbasın tamamını işğal etmək idi. Bu hədəfinə də tam çatmayıb, sadəcə, qarşılarına çıxan şəhər və qəsəbləri dağıdıblar, günahsız insanları qətlə yetiriblər. Digər tərəfdən, Rusiya Ukraynada minlərlə hərbçisini itirib. Bunun fonunda Putinin və ətrafının təntənəli hərbi parad keçirməsi nəyin naminə öldüyü bilinməyən vətəndaşlarının ruhuna da sayğısızlıq kimi qarşılanar. Bunu Rusiyada anlayanlar var, ancaq qorxularından hələ ki, susurlar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qeyd olunan açıqlamalarına gəlincə, Lavrov Putinin planlarından xəbərsizdir. Vladimir Putin özünə qapanıb və planlarını heç kimlə bölüşmür. Odur ki, Lavrov Putinin 9 may hədəfləri haqqında bilgisizdir, sadəcə, müsahibələrində özünü elə göstərməyə çalışır ki, guya Kremlin bütün planlarından xəbəri var". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR