İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pul ver, orduya getmə...” - hərbi xidmətlə bağlı təklif keçərsə...

Üzeyir Cəfərov: “Alternativ xidmət haqqında” qanun təcili şəkildə qəbul edilməlidir, bundan sonra...”

“Ölkəmizdə hərbi xidmət keçmə qaydalarına dəyişiklik edilə bilər”. Bunu Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib. 

Deputat bildirib ki, hərbi xidmətə çağırışla bağlı bir sıra müddətlər qardaş Türkiyədə tətbiq edilir: “Bizdə də buna gedilə bilər. Bizdə hərbi xidmət 1 il yarım və ali təhsillilər üçün 1 il müəyyən edilib. Büdcəyə müəyyən vəsait ödəməklə bu müddət azaldıla bilər. Burada ilk növbədə gənclərin təhsil məsələsinə diqqət artırıla bilər. Gənclərin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul olunub. Gənclərin savadlı kadr olaraq yetişdirilməsi dövlətin vəzifələrindən biridir. Ancaq ali təhsil almış və 1 il hərbi xidmət keçən şəxslər yenidən təhsilə qayıdanda adaptasiya problemi yaşayırlar. Buna görə də bu dəyişikliyə gedə bilərik. Hesab edirəm ki, belə dəyişiklik həyata keçirilərsə, zamanında mövcud olmuş hərbi kafedraların ali məktəblərdə bərpasına baxıla bilər”. 

Qeyd edək ki, bur çox ölkələrdə bu təcrübədən istifadə olunur. Hətta bəzi ölkələrin, o sırada Ermənistanın qanunvericiliyi böyük təzminat qarşılığında hərbi xidmətdən tam imtinanı da mümkün sayır. 

Doğrudur, Azərbaycan hələ də Ermənistanla müharibə vəziyyətindədir, çünki sülh müqaviləsi imzalanmayıb. Ancaq bu da var ki, Azərbaycan peşəkar ordu quruculuğuna kurs götürüb. Deputatın təklifi reallaşa bilərmi? 

Üzeyir Cəfərov: “Paşinyanın özündən asılı olsaydı, çoxdan sülh sənədinə  imza atardı”

Üzeyir Cəfərov 

Hərbi ekspert Üzeyir Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Elnur bəyin hərbi xidmətdə olub-olmaması ilə bağlı mənim xəbərim yoxdur. Amma o xidmətdə olsaydı, bilərdi ki, Azərbaycanda sadəcə ”Alternativ xidmət haqqında" Qanun qəbul etməklə bütün problemləri yoluna qoymaq olar. Onsuz da biz o qanunu qəbul etməliyik, uzun illərdi o qanun layihəsi hazır olsa da, Qarabağ məsələsinə görə onun tətbiqi gecikir. Amma biz onu mütləq tətbiq etməliyik. Əslində kənardan baxanda cəlbedici görünür, pulunu ver, xidmət eləmə. Onsuz da bu gün kimlərsə xidmət etmir, müxtəlif yollarla xidmətdən yayınır. Kimin nə deməyindən asılı olmayaraq biz bunu görürük. Sadəcə  qanunlarımızda əsaslandırılmış dəyişikliklər etməliyik. Onda bunun çox müsbət nəticəsi olacaq. Biz bu gün çox danışırıq, cəlbedicidir deyə Elnur bəy gənclərin təhsil məsələsinə diqqət yetirməyi təklif edib. Nədən Elnur bəy demir ki, bizim gənclərə şərait yaratmaq lazımdır. Bu nədən ibarətdir: Kim hərbi xidmətə meyilli deyilsə, qardaş Türkiyədə olan model kimi tətbiq olunmalıdır. O şəxs qısa bir müddət toplanışda olur, toplanışdan sonra da ordu ilə sağollaşmalıdır. Bu ən yaxşı və rahat yollardan biridir. O qədər vacib məsələlər var ki, bizim millət vəkilləri bəzən o məsələlərə diqqət yetirmirlər. Danışanda da cəlbedici görünür. Şəxsən onun tərəfdarıyam ki, bizim hərbi qanunvericilik mütləq mənada yenilənməlidir. Bizim qanunvericiliyimiz, təəssüflər olsun  ki, sovet dönəmindən tərcümə olunmuş qanunlardır. Onun da çoxu köhnəlib. O qanunları müasirləşdirsək, Azərbaycan reallıqlarına uyğunlaşdırsaq, bundan bütün xalqımız, o cümlədən gənclərimiz də qazanacaq. Deputatın təklifi ilə bağlı yeganə deyəcəyim odur ki, daha ciddi məsələlər var. Heç görüblərmi hərbi hissələrdə kitabxanalar var-yoxdur? Ali təhsilli uşaqlar hərbi hissələrə gedirlər, onların boş vaxtlarında gedib hansısa kitabı oxumağa imkanı varmı? Dünya ordularında al təhsillilərə şərait yaradılır. Özləri də təsdiqləyirlər ki, bizdə hərbi xidmətdən sonra gənclər elmdən uzaqlaşır, bilikləri o səviyyədə olmur. Elm ardınca gedən insan varsa, əsgər və zabitlərimiz üçün şərait yaratmalıyıq. Təəssüflər olsun ki, bizdə sadəcə danışılır. “Alternativ xidmət haqqında” Qanun təcili şəkildə qəbul edilməlidir. Bu yaxınlarda güc strukturları ilə bağlı maraqlı proseslər olacaq. Hərbi forma müqəddəsdir. Orduda peşəkarlar olmalıdır. Yeri gələndə Türkiyə ordusu ilə qardaşlıq yarışına girməliyik". 

Yaşar Aydəmirov — Vikipediya

 “TV Müsavat”ın  “Canlı debat” verilişində general Yaşar Aydəmirov isə təklifi belə şərh edib: “General Mehmandarovun bir fikri var idi - Orduda varlılar da, kasıblar da bir yerdə xidmət etməlidirlər. Peşəkar orduda muzdlu xidməti var. Bu xidmət çox zaman effekt verməyib, çünki səfərbərlik ehtiyatı yoxdur. Vətən hər kəs üçün əziz olmalıdır. Hər kəs xidmət etməlidir. Türkiyə modelinə uyğun olaraq  3-4 aylıq toplanış keçib, ondan sonra pul ödəmək olar. Xarici ölkələrin təcrübəsinə baxıb kortəbii təklif verməyə ehtiyac yoxdur. Türkiyə ordusu dünyanın ən güclü 10 ordusu sırasındadır. Napoleon demişdi ki, mənə türk ordusunu verin, bütün dünyanı işğal edim. Türkiyə ordusu unikal şəkildə qurulub”. 

General Y.Aydəmirov general-leytenant Hikmət Mirzəyevin təyinatını yüksək qiymətləndirib: “General-leytenant Hikmət Mirzəyevin müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilməsi ilə orduda nizam-intizam yüksək olacaq. Neqativ hallar aradan qalxacaq. Unutmayaq ki, 44 günlük Vətən müharibəsində məhz onun komandanlığı altında önəmli nəticələr əldə olunub. Mən onu 1-ci Qarabağ müharibəsində iştirak etdiyi dövrdən tanıyıram. Onun təyinatı təsadüfi deyil. Çox gözəl addımdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR