İnsanlara hürriyət, millətlərə istiqlal!

Puçdemonun Araikdən “fərqi”- İspaniya “öküzlüyü”, yoxsa...

Fəzail Ağamalı: “İspaniya dövlətçilik ənənələrinə böyük xəyanət edərək, çox qüsurlu mövqeyini ortaya qoymuş oldu”

Bəhruz Məhərrəmov: “Bu, Madridin riyakar xarici siyasət kursunun göstəricisidir”

İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisiya Serano Sançes Qarabağda separatçı rejimin dəstəklənməsi ilə bağlı İspaniya Xarici İşlər Nazirliyinin Tvitterdəki repostu ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Yada salaq ki, İspaniyanın Rusiyadakı səfirliyi öz “X” hesabında paylaşım edib və bu zaman Qarabağ separatçılarının qondarma “bayrağ”ından da istifadə edib.

Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, İspaniyanın öz ərazisində separatizmə qarşı mübarizə apardığı nəzərə alınaraq, bu ölkənin Azərbaycanın suveren ərazisində separatçı rejimi dəstəkləməsinin yolverilməz olduğu müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb. Belə yanaşma Azərbaycan-İspaniya münasibətlərinin ruhuna uyğun gəlmir və Azərbaycan tərəfindən qətiyyətlə pislənilir, məlumatda qeyd olunub.
Öz növbəsində ispaniyalı diplomat deyib ki, onun ölkəsi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və bu mövqedə heç bir dəyişiklik baş verməyib.

O həmçinin qeyd edib ki, sözügedən repost Azərbaycan tərəfinin narazılığından sonra silinib.

Kataloniya separatizmi ideyası bütün Kataloniya torpaqlarının İspaniya və Fransadan ayrılmasını nəzərdə tutur. 2017-ci il oktyabrın 1-də Kataloniyada ispan hakimiyyətinin qeyri-qanuni hesab etdiyi “müstəqillik referendumu” keçirilib. Müəyyən gecikmə ilə oktyabrın 27-də Kataloniya rəhbərliyi birtərəfli qaydada müstəqilliyini elan edib. Buna cavab olaraq İspaniya hökuməti Kataloniya muxtariyyətini ləğv etdi. Təxminən eyni vaxtda mərkəzi hökumət separatçı Kataloniya hökumətini dövlət vəsaitlərini israf etməkdə, separatçı əhval-ruhiyyəni qızışdırmaqda və itaətsizlikdə ittiham etməyə başladı. Kataloniyanın qondarma prezidenti Karles Puçdemon Avropaya qaçarkən həbs olundu. Ümumilikdə, Kataloniyanın “müstəqillik referendumu”ndan iştirakçı olanların əksəriyyəti də həbsə göndərildi. Bəs, indi nə baş verib ki, Puçdemonu separatçı hesab edərək cəzalandıran İspaniya XİN-in rəsmisi Araik və onun Xankəndindəki tör-töküntülərini müdafiə edir?

Mövzu ilə bağlı Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəzail Ağamalı “Yeni Müsavat”a danışıb.

Millət vəkili qeyd edib ki, hazırda dünya miqyasında xristian təəssübkeşliyi özünü bütün platformalarda göstərməkdədir: “İspaniya dövlətçilik ənənələrinə böyük xəyanət edərək, çox qüsurlu mövqeyini ortaya qoymuş oldu. Özlərinin dediyi kimi, hər zaman seperatizmdən əziyyət çəkən İspaniya indi seperatizmin yanındadır.

Bir neçə il bundan əvvəl İspaniyada başlamış seperatizmin İspaniya dövlətçiliyini necə silkələdiyinin şahidi olduq.

Kataloniya separatizmi sadəcə referendum keçirtdilər, sivil yolla müstəqil dövlətini qurmaq arzusunda idilər. Onların öz müqəddaratını təmin etmək imkanları, müstəqil dövlətləri olmayıb. Halbuki ermənilərin öz müqəddaratını təmin etmək hüququ ortalıqdaddır. Ermənistan dövləti var, amma seperatistlər ikinci qondarma Ermənistan dövlətini yaratmaq və bizim tarixi torpaqlarımızı bu qondarma quruma birləşdirmək arzusunu ortaya qoyanda İspaniya yox idi. İndi İspaniyanın Rusiyadakı səfirinin öz başına, İspaniyanın rəsmi orqanlarından , xüsusi olaraq xarici işlər nazirliyindən icazə almadan, onun razılığı olmadan belə bir bəyanat verməsi anlaşılan deyil. Bu həm də İspaniyanın mövqeyi kimi ortalığa gəldi. Bu həm də İspaniyanın riyakarlığını, ikiüzlülüyünü ortalığa qoydu və Azərbaycanın ciddi təpkiləri, tənqidləri ilə həmin paylaşım silindi. Lakin öz simasını göstərmiş oldular”.

Millət vəkili qeyd edib ki, Azərbaycan seperatçıları məhv etməyənə qədər, ölkəmizə qarşı bu cür ikiüzlü bəyanatlar, davranışlar davam edəcək:
“Düşünürəm ki, bu və buna bənzər məsələlər, erməni diasporunun yetişdirdiyi, formalaşdırdığı erməni lobbisi tərəfindən davam edəcək, çünki onlar dünyanın hər yerinə yayılıblar, erməni pulu ilə konqresmenlər, senatlar, mətbuat maqnatları, dövlət xadimləri ələ alınıb. Hesab edirəm ki, problemin yeganə həlli bütün bunlara əsas verən Qarabağda seperatizmin tamamilə məhv edilməsidir. Danışıqlar öz nəticəsinin vermir, üç ildir Azərbaycan sülhpərvər dövlət kimi iradəsini ortalığa qoyub, bütün platformalarda sülh sazişinin bağlanması, Ermənistanla münasibətlərin normalaşması, orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquq və təhlükəsizliyinin təmin olunması üçün bütün təminatları verməsinə baxmayaraq, hələ də onlar ən müxtəlif bəhanələrə Azərbaycana qarşı bu cür hücumlarını davam etdirir. Bunun yeganə çıxış yolu seperatizmi və onu gücləndirən, onun hərəkət fəaliyyətini stimullaşdıran qanunsuz qüvvələrin məhv edilməsidir.

Beynəlxalq hüquqlar da Azərbaycanın yanındadır və bu Azərbaycanın haqqıdır. Burada BMT-nin 4 qətnaməsi var, eyni zamanda Rusiya-Azərbaycan-Ermənistan arasında 10 noyabrda imzalanmış bəyanat var, həmin bəyanatın 4-cü bəndi yerinə yetməlidir. Hesab edirəm ki, bunun üçün hazırda əlverişli situasiya yaranıb, yaxın zaman kəsiyində bu “yaradan” biryolluq xilas olmalıyıq. Nə qədər bunn etməmişik, bu və buna bənzər açıqlamalar, bəyanatlar gəlməkdə davam edəcək”.
Deputat Bəhruz Məhərrəmov isə bu barədə qeyd edib:

“İspaniyanın Rusiyadakı səfirliyinin Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlaması, rəsmi sosial media hesabında Qarabağ separatçılarının qondarma “bayrağı”nı paylaşması beynəlxalq hüququn kobud pozuntusu və Madridin riyakar xarici siyasət kursunun göstəricisidir.

İspaniya dünyada separatizmdən əziyyət çəkən beynəlxalq subyekt kimi tanınır, yaxud özünü bu cür tanıdır. Xüsusən 2017-ci ildə referendumda 91% səslə Kataloniyanın müstəqilliyini elan etməsindən sonra İspaniya Konstitusiya Məhkəməsi və Senatının, o cümlədən hökumətin atdığı radikal addımlarla 20-yə yaxın kataloniyalı siyasətçinin ağır cəzalara məruz qalması fonunda Madrid separatizmlə mübarizədə barışmaz mövqe nümayiş etdirdi: “O zaman Azərbaycan hökumətinin Pireney yarımadasında baş verənlərə münasibəti birmənalı olmuş, İspaniyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə edilmişdi. Bütün bunların fonunda rəsmi Madridin Azərbaycanda separatizmə dəstək verərək ərazi bütövlüyümüz və suverenliyimizə hörmətsizlik ifadə etməsi qəbuledilməz ikili standartdır.

Prezident İlham Əliyevin iyulun 22-də “Euronews”da da ifadə etdiyi kimi, “Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, amma biz separatizmə dözməliyik?" Kataloniya, Qallisiya, Valensiya və Navarra bölgələrində geniş muxtariyyət və müstəqillik tələb edən qüvvələrə "separatizmlə mübarizə" çərçivəsində divan tutan İspaniyanın Azərbaycanda separatizmə dəstək verməsi Madridin separatizmlə mübarizədə qeyri-səmimiliyi və prinsipsizliyi, beynəlxalq hüquqa isə məsuliyyətsiz yanaşmasıdır. BMT Nizamnaməsi, Beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi və Heslinki Yekun Aktında müəyyən olunmuş prinsiplərə görə dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsas şərtdir. Belə bir situasiyada heç bir səbəb İspaniyanın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməsinə əsas verə bilməz”.

Deputat qeyd edib ki, tarixən Cənubi Qafqazla heç bir mənəvi-siyasi bağı olmayan İspaniya humanitar niyyət ifadə edirsə, bu məqsədini beynəlxalq hüquq çərçivəsində həyata keçirməli, BMT Nizamnaməsində ifadə olunan məqsədləri və ümumtanınmış prinsipləri regionda qarşılıqlı etimad mühitinin yaradılması baxımdan istisnasız şərt kimi təşviq etməlidir: “Əgər İspaniyanın Rusiyadakı səfirliyi Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisi olan Qarabağın erməni sakinlərinə yardım göstərmək niyyətində səmimi olsaydı, bu istiqamətdə Azərbaycan hökuməti ilə razılaşdırılmış formada davranmalı idi. Amma təbii ki, ortada nə yardıma ehtiyac duyulan humanitar situasiya yoxdur, nə də Madridin özünün imici humanitar məqsədlər üçün uyğun deyil. Məsələ burasındadır ki, qanlı müstəmləkə keçmişi olan, Amerika qitəsində milyonlarla yerlini qətl edib bütövlükdə öz ərazisindən 10 dəfələrlə böyük ərazini kulturasid və urbisidə məruz qoymuş İspaniyanın səmimiliyi şübhə doğurur. Elə separatçı terror qruplaşmasının bayrağını dalğalandırmaqla da, İspaniya əslində humanitar niyyət güdmədiyini, Azərbaycan və Türkiyəyə qarşı başlanmış səlib yürüşünə qoşulduğunu göstərmiş oldu. Lakin Madrid tanınmamış "subyektlərin" bayrağını dalğalandırmaq kimi zərurət hiss edirsə, yaxşı olar ki, rəsmi sosial media hesablarında özü ilə birbaşa bağlılığı olan Kataloniya, Valensiya, Navarra və Qallisiyanın bayraqlarını dalğalandırsın və bizim bölgədən uzaq dursun. Madrid unutmamalıdır ki, dövr XV əsr, məkan isə Cənubi Amerika deyil və bu gün belə prinsipsiz, ucuz gedişlərlə bölgədə nəyi isə dəyişə, Azərbaycanın diqtə etdiyi qüvvələr balansına təsir edə bilməz”.

 

Xalidə Gəray
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR