İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimə 1000 manat mükafat - bəs elm bundan nə qazanacaq?

Ekspert: “Məqsəd beynəlxalq səviyyədə tanınmış jurnallarda dərc olunan məqalələrin sayını artırmaqdır”

Alimlərə elmi fəaliyyətlərinə görə hər ay 1000 manatadək mükafat veriləcək. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan alimlərə hər ay 1000 manatadək mükafat verilməsinə başlanılıb. Bu addım alimlərin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədi daşıyır.

Qeyd edilib ki, bu vəsait Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrdə elmi göstəriciləri daha yüksək olan tədqiqatçılara ödənilir:

“Mükafatlandırma beynəlxalq impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayını artırmaq üçün də əhəmiyyətli bir vasitə kimi nəzərdə tutulur.

Mükafatlandırma prosesinin əsasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası” dayanır. Bu metodologiya 2018-2023-cü illəri əhatə edən elmmetrik göstəricilərə əsaslanır və bu dövr ərzində “Scopus” bazasında ən çox elmi işi dərc olunan 500 müəllifin göstəriciləri təhlil edilib.

Beynəlxalq təcrübədə də geniş istifadə olunan bu metodologiya, alimlərin fəaliyyətlərinin obyektiv qiymətləndirilməsinə imkan yaradır. Oxşar yanaşmalar, “Quacquarelli Symonds (QS)”, “Times Higher Education (THE)” və “Shanghai Ranking (ARWU)” kimi beynəlxalq reytinq təşkilatları və elmi tədqiqatçılar tərəfindən istifadə olunur".

Alimə 1000 manat mükafat verilməsi ilə elm nə qazanacaq?

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov deyib ki,  atılan addım Azərbaycan elminin inkişafında müsbət  qiymətləndirilir: “Bu təşəbbüs alimlərin maddi rifahını yaxşılaşdırmaqla yanaşı, elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədini güdür. Lakin bu mükafatların elmin gələcəyinə olan təsirini tam dəyərləndirmək üçün Azərbaycan elminin indiki vəziyyətini, çatışmazlıqlarını, müsbət tərəflərini, uğurlarını və gələcək perspektivlərini daha dərindən araşdırmaq vacibdir. Öncəliklə mükafatlandırma sisteminin məqsədi olan elmi fəaliyyətin stimullaşdırılması, beynəlxalq səviyyədə tanınmış jurnallarda dərc olunan məqalələrin sayını artırmaqdır. Bu, elmi işlərin keyfiyyətinin yüksəldilməsi, elmin daha geniş kütlələrə çatdırılması və alimlərin daha motivasiyalı olmasına kömək edəcək. Beynəlxalq impakt faktorlu jurnallarda dərc olunan elmi məqalərlə elmin inkişafına və alimlərin tanınmasına müsbət təsir edir. Bu yanaşma mükafatların verilməsi ilə elmi işlərin daha da dərinləşməsinə, daha geniş müzakirələrə səbəb olmasına şərait yaradır.

Amma bu təşəbbüsün müsbət tərəfləri ilə yanaşı, Azərbaycan elminin indiki vəziyyətində bir sıra çatışmazlıqlar da mövcuddur. Birincisi, elmi tədqiqatların maliyyələşdirilməsi hələ də aşağı səviyyədədir. Alimlərin öz tədqiqatlarını maliyyələşdirməsi və müasir avadanlıqlara sahib olmaları üçün əlavə dəstək verilməlidir. Bu mükafatlar yalnız müəyyən bir maddi mükafatdır, lakin əslində elmi işlərin keyfiyyətini artırmaq üçün daha geniş və sistematik bir yanaşma tələb olunur.

İkincisi, elmi müəssisələrdə işləyən alimlərin bir çoxu hələ də elmi fəaliyyətlərinin tələblərinə uyğun gəlməyən ağır bürokratik prosedurlarla üzləşirlər. Mükafatlandırma sisteminin tətbiqi bu problemlərin üstündən gəlməlidir. Alimlərin iş yükünü artıran, lakin elmi tədqiqatlarla bağlı olmayan işlərin azaldılması tədqiqatçılara daha çox sərbəstlik və kreativlik verəcək. Bu, onların yaradıcılığını artırmaqla yanaşı, elmi nəticələrin daha mükəmməl olmasına səbəb olacaq.

Eyni zamanda mükafatlandırma sisteminin müsbət təsirini görmək üçün alimlərin beynəlxalq elmi əməkdaşlıq imkanları artırılmalıdır. Yerli elmi müəssisələrin beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlığı, elmi işlərin keyfiyyətinin yüksəlməsi və beynəlxalq səviyyədə tanınması üçün mühüm rol oynayır. Bu, həmçinin Azərbaycan elminin dünya elmi arenasında tanınmasına səbəb olacaq".

Ekspert deyir ki, gələcək perspektivlərinə gəldikdə, Azərbaycan elmi mükafatlandırma sisteminin tətbiqi ilə yanaşı, müasir tədqiqat metodologiyalarını da özündə birləşdirməlidir: “Bunun üçün elmi işlərin statistik analizini, elmi nəticələrin qiymətləndirilməsini və tədqiqatların daha məqsədyönlü planlaşdırılmasını tələb edən yeni metodologiyalar hazırlanmalıdır. Alimlərin beynəlxalq səviyyədə tanınması üçün tədbirlər görülməli, onların yerli və beynəlxalq konfranslarda iştirak etmələri üçün dəstək verilməlidir. Nəticə etibarilə, mükafatlandırma sistemi alimlərin motivasiyasını artırmaqla yanaşı, Azərbaycan elminin inkişafına müsbət təsir göstərə bilər. Lakin bu mükafatlar yalnız maddi mükafatlarla məhdudlaşmamalıdır. Elmi fəaliyyətlərin keyfiyyətinin artırılması, bürokratik maneələrin aradan qaldırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müasir tədqiqat metodologiyalarının tətbiqi Azərbaycan elminin gələcək inkişafında əhəmiyyətli rol oynayacaq. Bu yanaşma elmin dünya səviyyəsində tanınması və müasir dövrün tələblərinə cavab verməsi baxımından vacibdir”.

Şahanə RƏHİMLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR