İnsanlara hürriyət, millətlərə istiqlal!

Puç olmuş gözləntilər – AŞPA ədalətli arbitr olmadı, düşmən havadarı oldu

2001-ci ildə Azərbaycan müəyyən çək-çevirdən sonra Avropa Şurasının Parlament Assambleyasına üzv qəbul ediləndə ölkədə, demək olar ki, bütün siyasi qüvvələr (İran və Rusiyaya meylli olan birliklər xaric) bundan məmnun qalmışdı. Hər siyasi dairənin, ictimai qrupun öz fərəh səbəbi və gözləntisi vardı.

İqtidar düşərgəsi bu fikirdəydi ki, nüfuzlu Avropa qurumunun tamhüquqlu üzvü olmaq ərazisinin 20 faizi işğal altında olan ölkəyə yeni və nüfuzlu bir tribuna qazandıracaq, bu qurum çərçivəsində ərazü bütövlüyü və sərhəd toxunulmazlığı məsələsini qaldıraraq, Qarabağ münaqişəsinin beynəlxalq konvensiyalara uyğun həll olunmasını təmin etmək mümkün olacaq.

Müxalifət düşərgəsi də gözləyirdi ki, ölkənin AŞPA-da təmsil olunması Azərbaycan həqiqətlərinin Avropa miqyasında səslənməsi ilə yanaşı, ölkədə demokratiyanın bərqərarı istiqamətində irəliləyişlər etmək, insan haqları xüsusunda durumu yaxşılaşdırmaq üçün daha real rıçaqlar əldə ediləcək.

Bu baxımdan AŞPA-nın ölkəmizə göndərdiyi həmməruzəçilərə inam böyük idi. Doğrudan da onların bir neçəsi öz işlərini vicdanla yerinə yetirir, normal hesabatlar hazırlayırdılar. Ancaq AŞPA rəhbərliyinin həmin hesabatlara münasibəti heç də adekvat olmurdu. Həmməruzəçilərin hesabatları bir kənara qoyulur, AŞPA-nın yekun bəyanatında Azərbaycanın “düzgün yolda olduğu, irəliyə doğru növbəti addım atdığı” qeyd edilirdi.

Müxalifət düşərgəsi Avropa qurumuna güvənməkdə davam edərək silsiləvi umsuqluqlara məruz qalarkən, iqtidar düşərgəsi də AŞPA tribunalarından istədiyini ala bilmədi. Qurumun rəhbərliyi, onu idarə edən aparıcı dövlətlərin təmsilçiləri işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında bərabərlik işarəsi qoyurdu. Sanki tərəflər sadəcə müharibə, münaqişə vəziyyətindədirlər, heç bir dövlət o birinin ərazisini işğal etməyib, 1 milyona yaxın sakinini öz yurd-yuvalarından didərgin salmayıb.
ATƏT kimi AŞPA-nın da dişsizliyi, tərəfgirliiyi yavaş-yavaş üzə çıxmaqdaydı. Ancaq get-gedə ona bəslənilən ümidlər öləziməyə başladı, gözləntilər sıfırlandı və AŞPA-nın sessiyaları formal bir toplantı yerinə, əhəmiyyətsiz forumlara döndü. Artıq hər kəs bilirdi ki AŞPA-ın yaz-payız sessiyaları heç bir işlək mexanizmi olmayan və mühüm qərarlar qəbul edə bilməyən beynəlxalq konfranslar kimi bir şeydir.
Bu qurumun Azərbaycandan umacaqları isə ortadaydı. Böyük Avropa dövlətlərinin əlində əlavə bir təzyiq vasitəsi olan AŞPA Azərbaycanın Rusiyadan tamamilə qopmasına, onunla düşmən olmasına, işğalçı Ermənistana ərazi güzəşti etməsinə, ölkənin sərvətlərinin böyük dövlətlərə peşkəş çəkilməsini təmin edəcək yeni iqtidar komandasının formalaşdırılmasına nail olmaq idi. Qurumun demokratiya və insan haqlarına dair tələbləri şirmadan başqa bir şey deyildi. Çünki iş bu dəyərləri müdafiə etməyə gələndə AŞPA loyal mövqe tutur, ölkənin demokratik və vətənpərvər qüvvələrini ayağa verirdi. Bu qurum öz ölkəsinin mənafeyini üstün tutan müxalif qüvvələrdənsə daha çox özünü Avropanın əlaltıları kimi aparan qüvvələrə dayaq olurdu.

AŞPA-nın daxilindəki ermənipərəst və islamofob qüvvələrin fəaliyyəti göstərirdi ki, onlar Azərbaycanı bu təşkilat üçün “yad cism” sayırlar və onu yalnız siyasi baxımdan Avropa ailəsinə daxil olmasını sırf karbohidrogen ehtiyatlarna görə qəbul edirlər.

Azərbaycan 3 il 3 ay öncə öz ərazi bütövlüyünü bərpa edəndən, 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarını rayon-rayon, kənd-kənd, təpə-təpə geri aldıqdan sonra bir çox başqa Avropa qurumları kimi AŞPA-nın da maskası düşdü, əsl siması üzə çıxdı.

Bu qurum artıq öz problemlərini həll edən Azərbaycanı “irəliyə doğru növbəti addımı atmağa” təşviq etmir, əksinə, irəliləməkdə olan ölkənin arabasının təkərinə çomaq soxur.

Necə olurdu ki, Avropa və onun bu cür qurumları təkcə Qarabağ rayonlarından olan 600 min məcburi köçkünün 28-30 il çəkən mərhumiyyətini görə-görə buna dözürdü, amma öz evlərini heç bir real təhlükə olmadığı halda tərk edən 120 min ermənidən ötrü özünü ülgücləyir?

AŞPA belə ədalət carçısı olsaydı, bu qədər sessiyalarının birində heç olmasa bircə dəfə Ermənistanın öz ordusunu Azərbaycanın rayonlarından çıxarmasını tələb edən qətnamə qəbul edər, abad rayonlara vurulmuş 150 milyardlıq zərərə dair müzakirə aparardı.

Belə müzakirələr olubmu? Olmayıb. Ancaq AŞPA Xankəndinin Azərbaycanın yurisdiksiyasına qayıtmasının birinci aydönümündə, oktyabrın 23-də “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib.

Ən pisi və paradoksalı odur ki, həmin qətnamənin 23-cü bəndində təşkilat 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirib. 1992-ci ilin fevral ayının 26-da 613 qoca, qadın və uşağın qətlə yetirilməsi hərbi əməliyyat deyildi, amma bir mülki şəxsin zərər çəkmədiyi, yalnızca silahlı terrorçuların zərərsizləşdirildiyi 19 sentyabr toqquşması hərbi əməliyyatdır?

Bir neçə gün öncə isə sırf “erməni məsələsi”nə görə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarımsessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməyib. Bu təşəbbüsü sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürüb və həmin təşəbbüs təsdiqlənib.

Şvabe Almaniyanı təmsil edən deputatdır. O da fransız həmkarları kimi daima ermənilərin tərəfindədir və Azərbaycana qarşıdır. Fransalı deputatlar bəzən öz niyyətlərini həyata keçirmək üçün belə adamlardan istifadə edirlər. Çünki özləri çox qabağa gediblər, qatı ermənifil kimi tanınırlar deyə, “mübarizəyə yeni qan” cəlb etməyə çalışırlar.

Çoxdan bəllidir ki, Fransa və Almaniya müsəlman ölkələrinə qarşı xroniki olaraq qərəzli mövqedədirlər. Qardaş Türkiyənin 60 ildən çox bir müddətdə Avropa İttifaqına daxil olmasının qarşısını da məhz bu iki dövlət alır.

Onlar “erməni məsələsi”ndə də heç zaman haqq-ədalət mövqeyindən çıxış etməyiblər, əsasən “xristian qardaşlığı” motivi ilə hərəkət ediblər və həmin istiqamətdə ardıcıl çalışırlar.

Biz 2001-ci ildə AŞPA-ya üzv olanda ona görə sevinirdik ki, bu qurumdan ədalət gözləyirdik, sanırdıq ki, avropalı parlamentarlar ədalətli arbitr olacaqlar, ermənilərlə bizim bir əsrlik ixtilafımızı haqq-ədalətlə çözəcəklər, Kremldəki tərəfgir ruslar kimi hərəkət etməyəcəklər.

Bunlar isə Qorbaçov-Yeltsin dövrünün qərəzli rus siyasilərindən də betər oldular.

Biz Avropadan umduğumuzu ala bilmədik. Görünür, Avropa da bizdən umduğunu ala bilmir. Biz “qoca qitə”nin öz xüsusi dəyərləri olan ailəsinə qatıla bilmirik, ona görə ki, bu ailədə başımızdan basır, ailənin başqa bir üzvünün qapazaltısı etmək istəyirlər.

Bu saatdan sonra Azərbaycan özünü hansısa dövlətin və ya beynəlxalq təşkilatın “sözəbaxan kiçik qardaş”ı kimi apara bilməz.

Bir beynəlxalq qurum bu dövlətə heç bir fayda vermirsə, daima ondan nəsə qoparmağa çalışırsa, düşünək, o quruma üzvlük bizə çoxmu lazımdır?

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR