Onlayn ictimai-siyasi qəzet
İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ və ya İsrail tərəfindən İrana qarşı hər hansı səhv addım atılacağı təqdirdə, “onları əvvəlkindən qat-qat sərt və dağıdıcı cavab tədbirlərinin gözlədiyi” barədə bəyanat yayıb.
Musavat.com xəbər verir ki, Tehran ordusunun bu cür iddialı bəyanatları, açığı, daha çox gülüş doğurur. Çünki son aylarda baş verənlər açıq göstərdi ki, İranın hərbi elitası İsrailin hədəfindən yayınmaq iqtidarında deyil. Başından böyük bəyanat yayan qurumun Baş Qərargah rəisi, SEPAH rəhbərləri, kosmik qüvvələrin və hava hücumundan müdafiə qüvvələrinin başçıları, bir-birinin ardınca avtomobildə, iş otağında, evində vurulub, öldürüldülər. Tehran rejiminin bütün hərbi elitası, görkəmli nüvə alimləri 12 günlük müharibədə yox edildi. Onlara zərbələr isə MOSSAD-ın İranın içində qurduğu şəbəkə vasitəsilə həyata keçirilib. Bu da İran xüsusi xidmət şəbəkəsinin biabırçılığıdır.
Bəli, iyun ayında cəmi 12 gün davam edən müharibə İran ordusunun “kağızdan pələng” olduğunu sübut etdi. İsrailin gecə bombardımanları, dəqiq zərbələri qarşısında İran ordusu tam aciz qaldı və nəinki cavab verə bildi, hətta öz əsgər və zabitlərini qorumaqda belə bacarıqsızlıq nümayiş etdirdi.
İndi isə Tehran yenidən “sürpriz”lərdən, “dağıdıcı cavablardan” danışır. Əlbəttə, aydındır ki, bu bəyanatlar daha çox daxili auditoriya üçündür – nüfuzunu itirmiş, ardıcıl məğlubiyyətlərdən sarsılmış rejimin ayaqda qalmaq üçün göstərdiyi informasiya şousudur.
Musavat.com olaraq isə sualı bir daha xatırladırıq: İran hansı güclə, hansı imkanla ABŞ-a və İsrailə “sərt cavab” verəcək? Əslində cavab da bəllidir – sadəcə sözlə, çünki gerçək güc çoxdan kağız üzərində qalıb.
Musavat.com
17 Avqust 2025
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ