Onlayn ictimai-siyasi qəzet
Müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Ona görə də müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Musavat.com xəbər verir ki, müğənninin vəkili İlqar Rüstəmov məsələ ilə bağlı Teleqraf-ın suallarını cavablandırıb.
- Rəqsanə xanım Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunur? O, özünü təqsirli bilirmi?
- Rəqsanə xanım Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Özünü təqsirli bilmir. Barəsində başqa ittiham yoxdur.
- İddia olunan dələduzluq hadisəsi nə zaman baş verib? Şikayətçilər kimlərdir?
- Mübahisə 2022-ci ildən davam edir. Bir nəfər şikayətçi var. Cinayət işinin konfidensiallığı səbəbindən şikayətçinin adını açıqlamamız doğru deyil. Bu, istintaq sirridir. Vətəndaşın şikayəti üzrə araşdırma aparılır.
- Rəqsanə xanım ifadə verib?
- Bəli, ifadə verib və özünü təqsirli bilmədiyini söyləyib.
- Mübahisənin predmeti nədir?
- Pul məsələsidir. Vətəndaş iddia edir ki, ondan pul alınıb və geri qaytarılmayıb.
- Rəqsanə xanım pulu nə məqsədlə alıb?
- İstintaq sirri olduğuna görə bu suallara cavab verə bilmərəm.
- Rəqsanə xanım Rusiyada yaşayırdı. Onun Azərbaycana qayıdışının barəsindəki ittihamlarla əlaqəsi varmı?
- Rəqsanə xanım ildə bir neçə dəfə ölkəyə gəlib-gedib. Sonuncu gəlişi sözügedən ittihamla bağlı deyil.
- Bir müddət əvvəl Rəqsanə xanımın həyat yoldaşından ayrılması barədə xəbərlər yayılmışdı. Onun boşanması ilə həbsi arasında əlaqə varmı?
- Bu barədə məlumatım yoxdur.
- Rəqsanə xanım hazırda harada saxlanılır?
- Hazırda Sabunçu Rayon Polis İdarəsində saxlanılır. Barəsində həbs qətimkan tədbiri seçilib.
- Bəs bununla əlaqədar apellyasiya şikayəti veriləcək?
- Biz onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə razı deyilik. Avqustun 18-i apellyasiya şikayəti verəcəyik.
- Barəsində həbs qətimkan tədbiri seçiləndən sonra Rəqsanə İsmayılova ilə görüşmüsünüz?
- Bəli.
- Əhvalı necədir?
- Əladır.
- Rəqsanə xanım istintaq təcridxanasına nə zaman köçürüləcək?
- Bu, müvafiq orqanların işidir. Yəqin ki, yaxın günlərdə köçürüləcək.
17 Avqust 2025
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ