İnsanlara hürriyət, millətlərə istiqlal!

Protokol sıxlığı, yoxsa... İrandan Bakıya MESAJ

Rəsmi Tehranın xarici siyasətində islahatlar olacaqmı?; cənub qonşumuzun Azərbaycanla isti münasibətlərinə mane olan qüvvələr kimlərdir; deputat: “Son vaxtlar məhz Azərbaycanın təkidi ilə münasibətlərdə müəyyən istiləşmə gözə çarpsa da...”

İyulun 31-də İranın yeni prezidenti Məsud Pezeşkian onun andiçmə mərasimi üçün Tehrana gələn Azərbaycanın baş naziri Əli Əsədovu qəbul edib. Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin verdiyi məlumata görə, Əsədov İran prezidentinə bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin dəvətini çatdırıb. Görüşdə Azərbaycanla İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.

Qeyd edək ki, Pezeşkian və İranın ruhani lideri Əli Xamenei Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. Yalnız bir gün sonra İran prezidenti Əli Əsədovla görüşüb, Xamenei ilə isə ümumiyyətlə görüş olduğu haqda xəbər yayılmayıb. “Turan” agentliyi yazır ki, İranın bu cür yanaşması Bakıda mənfi reaksiyaya səbəb olub. Maraqlıdır, rəsmi Tehranın bu cür yanaşması protokol sıxlığı, yoxsa hələ də soyuq münasibətin göstəricisidir?

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev 

Deputat Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında əvvəlcə qeyd etdi ki, Məsud Pezeşkian İran prezidenti seçiləndə rəsmi Tehranın xarici siyasətində islahatlara gediləcəyi ilə bağlı bəzilərinin ümidləri və proqnozları var idi, amma bunlar özünü doğrultmadı: “İrəli sürülən təhlillərin nəticəsi göstərirdi ki, xarici siyasət birbaşa dini lider Əli Xamenei və İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ayırd edilir və tənzimlənir. Pezeşkian öz seçki platformasında Qərb dövlətləri ilə münasibətlərdə islahatlar aparılacağını qeyd etsə də, Əli Xamnei əsasən qonşu dövlətlərlə münasibətə üstünlük veriləcəyini bəyan etdi. Qonşu dövlətlərin də ən mühüm strateji əhəmiyyətə malik olanı, eyni zamanda müstəqil daxili və xarici siyasətə malik olanı Azərbaycandır. Bu gün Azərbaycan istər Cənubi Qafqazda, istərsə də regionda iqtisadi, siyasi, hərbi baxımdan öz müstəqilliyini nümayiş etdirməklə prinsipial mövqeyini qoruyur. Təbii ki, bunu İran da başa düşür və bu mövqe heç də onu qane etmir”. A.Nağıyev bildirdi ki, son vaxtlar məhz Azərbaycanın təkidi ilə münasibətlərdə müəyyən istiləşmə gözə çarpsa da, İran bunu heç də birmənalı qarşılamır: “Azərbaycan qonşuluq siyasətində sülhün bərqərar olmasına, bu işlərdə qonşuların da bu siyasətə dəstək olmasına çalışsa da, İran Ermənistanın havadarı rolunda çıxış etməkdən əl çəkmir. Baxmayaraq ki, Qərb Ermənistan vasitəsilə İranın sərhədləri yaxınlığında NATO qoşunlarının və digərlərinin silah-sursatının cəmlənməsini görür və buna biganəlik nümayiş etdirir. Paralel olaraq isə beynəlxalq dərəcəli əhəmiyyəti olan Zəngəzur dəhlizinin yaradılmasının əleyhinə siyasət yürüdür. Aydındır ki, bu, bir bəhanədir, çünki son vaxtlar Azərbaycanın istər BRİKS, istər ŞƏT üzvü olan dövlətlərlə apardığı müstəqil siyasət İranı qane edə bilməz, Azərbaycanın beynəlxalq səviyyəli bir aktora çevrilməsi onu qane edə bilməz və bizim gücümüzün, söz sahibi olmamızın ancaq əleyhinə siyasət apara bilər. Bu da alınan deyil. Çünki bu, tək İrandan, Ermənistandan və havadarlardan asılı olmayan məsələlərdir”. Deputat qeyd etdi ki, HƏMAS-ın siyasi liderinin məhz İranda qətlə yetirilməsi İranın siyasi imicinə, təhlükəsizlik siyasətinə ciddi zərbə vurdu: “Bunu yenidən bərpa etmək, nüfuz artırmaq üçün təbii ki, İran mühüm addımlar atmalıdır, bu adımın da ən mühümlərindən biri qonşuluq siyasətində islahatlar aparmaq, bitərəfli mövqedən əl çəkməkdir. Bir daha qeyd etmək yerinə düşərdi ki, Azərbaycanla siyasətdə daha ciddi və dostluq siyasətinə üstünlük verilməlidir”. A.Nağıyev vurğuladı ki, andiçmə mərasimi üçün Tehrana gələn Azərbaycanın baş naziri Əli Əsədovla olan görüş də ilk növbədə İran üçün daha mühümdür: “İran prezidentinə bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin dəvətinin çatdırılması da İranın bu mühüm beynəlxalq tədbirdə iştirak etməklə öz xarici siyasətində çox mühüm addımlar atmağa yardım ola bilər. Bir sözlə, İran Azərbaycanla öz münasibətlərini tək protokol xatirinə deyil, ciddi bir regional dövlətlə münasibətlər rakursundan baxışla qurmalıdır. İlk növbədə bu, ona daha çox lazımdır...”

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, rəsmi Bakı Tehranla münasibətlərin istiləşməsində, ortaq layihələrin reallaşmasında və tərəfdaşlıq münasibətlərində maraqlıdır: “Azərbaycan türkü və islahatçı Məsud Pezeşkianın prezident seçilməsi iki ölkə arasında münasibətlərin normallaşacağına ümidlər yaradıb. Ancaq İranın mühafizəkar dairələri bu proseslərdə Məsud Pezeşkiana mane olmağa çalışacaqlar. Bunu son iki misalda göstərmək olar. Birincisi, İranın ali dini prezidentin andiçmə mərasiminə qatılan Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etdi, ancaq eyni səbəblə Tehrana gedən Azərbaycanın baş naziri Əli Əsədovla görüşmədi. Bunu qonaqların çoxluğu ilə izah etmək mümkün deyil. Prezidentin andiçmə mərasiminə prezident və baş nazir vəzifəsində çox qonaq qatılmamışdı. İkincisi, İranın ali dini lideri Nikol Paşinyanla görüşdə Azərbaycanın maraqlarına toxunan fikirlər səsləndirdi. Xameneinin "biz Zəngəzur dəhlizinin əleyhinəyik" fikri yersiz idi. Bu mövzunun İrana dəxli yoxdur. Nikol Paşinyan özü bu mövzu haqqında danışmadığı halda, İranın ali dini liderinin Zəngəzur dəhlizi əleyhinə çıxışı Ermənistanın baş nazirinə xəbərdarlıqdır ki, o, bu məsələdə Azərbaycanla razılaşmasın". E.Şahinoğlu diqqətçəkən başqa bir məqamdan da bəhs etdi: "Maraqlıdır ki, Nikol Paşinyanla görüşdə İranın yeni prezidenti Məsud Pezeşkian bu mövzuya toxunmadı. Bununla İranın ali dini lideri öz ölkəsinin prezidentinə də mesaj göndərdi ki, o, Azərbaycanla isti münasibətlərə üstünlük verməsin. Pezeşkian ali dini liderin bu “tövsiyəsini” yerinə yetirəcəkmi? Bunu zaman göstərəcək. Pezeşkian ali dini liderin müəyyənləşdirdiyi xarici siyasətə üstünlük verəcəksə, İran-Azərbaycan münasibətlərində müsbət dəyişiklik gözləmək mümkün olmayacaq".

“İran-Ermənistan "müttəfiqliyinin" siyasi mənzərəsi ciddi suallar yaradır. Burada ziddiyyətli siyasi məqamlar var ki, bunun həm tarixi aspektləri, həm çağdaş siyasi mənzərəsi, həm də sosioloji tərəfləri var. İran Ermənistanın güclü formada mövcudluğunun tərəfdarıdır. Baxmayaraq ki, Ermənistanın özəlliklə son 5 ildəki xarici siyasət vektoru daban-dabana rəsmi Tehranın mövqeyi ilə ziddir, yenə də İran Ermənistandan hər an yararlanacaq baxışlara malikdir".

Tural İsmayılov: “Baş verənlər Ermənistanın layiqli cavab almağını zəruri  edən bir hadisəyə çevrilir” | 1news.az | Xəbərlər

Tural İsmayılov

Bu fikirlər isə STM-in sektor müdiri, politoloq Tural İsmayılova məxsusdur. Ekspert qeyd etdi ki, İran bu gün dostluq mesajları verdiyi Ermənistanın Qərb kəşfiyyatının plastdarmı halında olmağına “göz yumur”. “Azərbaycanın uğurları fonunda saxta "panton körpüləri" atanlar İrəvandakı sorosçu idarəetmənin regionu Qərb casuslarına açmağına etiraz etmir. Bağlı qapılar arxasında bəlkə də İran Ermənistana hansısa etiraz notları çatdıra bilər, amma reallıq odur ki, İran diplomatları, öz sosial media hesablarında daim münasibətləri gərginləşdirməyə çalışan SEPAH və onların media qanadı da Ermənistana “gözün ustündə qaşın var” deyə bilmir", T.İsmayilov ardınca vurğuladı.

Bununla belə, o qeyd etdi ki, İranın Azərbaycanla münasibətlərində son dövrlər müsbət tendensiyalar müşahidə edilir: “Azərbaycan səfirliyi yeni ərazidə fəaliyyət göstərir, Azərbaycan Prezidenti İlham Əliyev Məsud Pezeşkianı seçkilərdəki qələbəsi münasibətilə təbrik edərək Azərbaycana səfərə dəvət edib. Qarşılıqlı formada diplomatik kanallar müsbət qonşuluq mesajları verilir. O da unudulmamalıdır ki, İranın Azərbaycanla münasibətlərində yaranan soyuqluğun səbəbkarı da heç vaxt Azərbaycan olmayıb. Azərbaycan heç vaxt hansısa ölkələrin onun ərazisindən qonşularına qarşı istifadə etməyib. Bu gün Ermənistan ərazilərində ABŞ təlimlər keçir, Aİ missiyası adı altında Markus Ritterin "mənşəyi bilinməyən" qrupu var, amma İran hələ də Ermənistanı sığallamaqla məşğuldur". Ancaq ekspert əlavə etdi ki, İranda ayrı-ayrı qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini dayandırmrlar: “Anlaşılan deyil ki, İran xoş niyyət göstərdiyi halda, Ermənistandakı səfiri Mehdi Sobhani niyə ermənidən çox ermənilik edir? İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhani Tehran və İrəvan müttəfiqliyini, deyəsən, anti-Azərbaycan "bəyanatları ilə" sübut etmək istəyir. Bütün bunlar ilə yanaşı İranın içərisindəki bəlli dairələr Azərbaycanla münasibətlər ilə bağlı konkret addımlar ata bilmirlər. Verdikləri açıqlamalar, ortaya qoyduqları mövqelər Azərbaycanla münasibətlərin zədələnməsinə səbəb olur". T.İsmayılov həmçinin əlavə etdi ki, İranın Zəngəzur dəhlizi məsələsindəki anlaşılmaz mövqeyi hələ də davam edir: “Zəngəzur dəhlizi hansısa bir formada İranın maraqlarını təhdid etməməlidir. Düşünürəm ki, İran burada prosesə obyektiv mövqedən yanaşmır. Daha çox ideoloji və məzhəbçi baxışla prosesi əngəlləməyə çalışır. İranın Zəngəzur dəhlizi məsələsində Ermənistanı qızışdırmağı və prosesin qarşısını alması təəssüfləndirici məqamdır”. Ekspertə görə, bütün narahatedici məqamlara baxmayaraq, Paşinyanın İranda irəli sürdüyü təşəbbüslərə rəsmi Tehranın reaksiyası ona tərs sillə oldu: “İranda Paşinyanın özündən uydurduğu "sülh kəsişməsi" layihəsi lazımlı diqqəti görmədi ki, bu da faktdır. İranda Paşinyanın təhlükəli oyunlarının fərqindədirlər. İran Rusiya kimi Ermənistanla dərin konfrantasiya situasiyasına daxil olmur hələ ki. Həm də diqqət edilməli 2 məqam var: birincisi, Ermənistan iqtidarı İranla münasibətlərdə Rusiyaya yanaşmasındakı kəskin ritorikadan istifadə etmir. Daha çox İrana məddahlanmaq müşahidə edilir. İkincisi, Ermənistan hər vəchlə Qərblə əməkdaşlığının guya İrana qarşı olmadığını bildirir, amma əslində İrana qarşı fəaliyyət üçün Ermənistan əraziləri sorosçu hökumət tərəfindən çoxdan Qərbə peşkəş edilib".

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR