İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor Elbay Qasımzadədən Kamran Əsədova sərt CAVAB: “Bədbəxtçilikdir...”  

 

“Böyük alim, rəhmətlik Xudu Məmmədovun gözəl bir sözü vardı: “Danışa bilməmək özü-özlüyündə bədbəxtçilik deyil. Sadəcə danışa bilməməkdir. Sarsaq-sarsaq danışıb, özünü danışanlardan bilmək bədbəxtçilikdir”.

Musavat.com xəbər verir ki, bunu professor, Əməkdar memar Elbay Qasımzadə ekspert Kamran Əsədova cavabında bildirib.

Öncə məlumat üçün qeyd edək ki, Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında deyib ki, Bakı şəhərindəki memarlıq abidələrini görürük, amma bunların heç birində Memarlıq və İnşaat Universitetinin məzunlarını görə bilmirik:

“Eyni zamanda həmin  universitetin məzunlarının göstəricilərini də görə bilmirik. Təsəvvür edin, hər il ali təhsil müəssisələrinə qəbul imtahanında ən aşağı ballarla biz tələbələrin  Memarlıq və İnşaat Universitetinə qəbulunu görə bilirik. Tələbələrin təkcə ən aşağı balla qəbulunu yox, həmçinin məzun olma və əmək bazarında iş tapma imkanlarının bu universitetdə çox aşağı səviyyədə olduğunu görürük. Bu onu göstərir ki, universitetdə çox ciddi dəyişikliyə ehtiyac var”. Yazının linki burada.

resize.jpg (69 KB)

Buna cavab olaraq Elbay Qasımzadə aşağıdakıları söyləyib:

“Kamran Əsədovun Azərbaycan Memarlıq və İnşaat Universiteti haqqında fikirləri, əlbəttə, ekspert rəyi deyil. Çünki bu ekspertliyin özü-özlüyündə təsdiqi yoxdur. Hansı təhsilə rəhbərlik edən qurum belə rütbəni hər hansı bir mütəxəssisə verir?

Hərənin özü aldığı ixtisas var və bu ixtisas çərçivəsində fikirləri ilə bölüşmək hüququndadır.

Mən 52 ildir ki, memarlıq sahəsində çalışıram, lakin düşünmürəm ki, bu sahənin ekspertiyəm. Sadəcə olaraq, mütəxəssisəm və bu sahədə nailiyyətlərim var və fikirlərimlə bölüşmək hüququm var.

Memarlıq ixtisası müstəqil ölkəmizdə ən qədim sənət növlərindən biridir. Tarixi 1000-1500 ildən çox olan memarlıq əsərləri xalqımızın tarixi irsinin zənginliyini əks etdirir.

Müasir memarlıq təhsilinin 100 ildən çox tarixi var. XX əsrin əvvəllərində Azərbaycan Sənaye İnstitutunda təşkil edilmiş Memarlıq fakültəsi, onillərlə inkişaf etmiş və hal-hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyətdədir. Bununla bərabər, ölkəmizin başqa təhsil ocaqlarında da bu ixtisas üzrə təhsil verilir. Amma etiraf edək ki, orada dərs deyən müəllim-professor heyəti də bizim universitetin məzunlarıdır.

Azərbaycan memarlıq sənətinin ulduzları Sadıq Dadaşov, Mikayıl Useynov, Həsənağa Məcidov, Ənvər Qasımzadə, Hənifə Ələsgərov və onlarla başqaları məhz həmin bu memarlıq məktəbinin təhsilini, tərbiyəsini alan dahilərdir.

50-60-cı illərdə, 70-80-ci illərdə, müstəqilliyimiz dövründə Universitetin məzunları yüzlərlə memarlıq əsərləri yaratmış, Azərbaycan memarlıq məktəbini dünyaya tanıtmışlar”.

Professor bildirib ki, XXI əsr Azərbaycan memarlığının yeni parlaq səhifəsini açıb:

“Son illər ərzində ölkəmizin müxtəlif bölgələrində və Bakıda yüzlərlə ictimai və yaşayış binaları inşa olunub və bunların əksəriyyətinin müəllifləri milli memarlıq məktəbinin məzunlarıdır.

211695889770.jpg (30 KB)

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq və yaradıcılıq işlərinin fəal icraçıları yenə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin hazırladığı mütəxəssislərdir. Bəli, bu böyük həcmli işlərə xarici şirkətlər də cəlb olunur. Lakin heç bir ağlı başında olan iş adamı İngiltərədən və yaxud Fransadan bura iş icraçılarını gətirmir. Bura yalnız idarəçilər, menecerlər gəlir. Sırf layihələndirmə işləri ilə yenə də Azərbaycan memarları məşğul olur.

Bununla bərabər, Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkənin müxtəlif bölgələrində çalışan mütəxəssislərin təkmilləşdirilməsinə  böyük diqqət yetirir. Ötən il Azərbaycanın bir çox rayon icra hakimiyyətlərinin memarlıq xidmətlərində çalışan mütəxəssislər belə kursları uğurla bitirdilər. Universitetin və Azərbaycan Memarlar İttifaqının birgə səyləri nəticəsində bir neçə rayona ali təhsilli memar məzunlarımız baş memar vəzifələrinə qəbul olundu.

Kamran müəllimin şəxsi nəzərinə çatdırıram ki, Universitetimizin məhz memarlıq ixtisasına Böyük Britaniya Memarlıq Kral İnstitutu (RİBA) hələ beş il öncə öz yüksək təhsil sertifikatını verib. Post-sovet məkanında heç bir başqa ali təhsil ocağının memarlıq ixtisası üzrə belə nailiyyəti yoxdur. Bu yüksək qurumun da qərarına şübhəlisiniz?

Bizim bilik və bacarığımıza şübhə ilə yanaşanlara məlum olsun ki, Azərbaycan Dövləti mütəxəssislərimizin işinə böyük diqqətlə yanaşır və yüksək qiymətləndirir.

Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycanda yüzə yaxın memar “Əməkdar memar” fəxri adı ilə, onlarla memar Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilib, Azərbaycan Respublikasının Prezidentinin xüsusi təqaüdünə layiq biliniblər. O cümlədən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti, rektor professor Gülçöhrə xanım Məmmədova başda olmaqla”.

 

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR