Onlayn ictimai-siyasi qəzet
Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla bu gün aclıq aksiyası keçirən Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunu Bakıdakı istintaq təcridxanasında ziyarət edib.
Musavat.com xəbər verir ki, ziyarət zamanı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin nümayəndələri də iştirak ediblər.
Professor Adil Qeybulla sosial şəbəkə hesabında ziyarətlə bağlı bunları qeyd edib:
“Salam dostlar,
Bu gün Tofiq Yaqublunun müayinəsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakıda yerləşən istintaq təcridxanasında onu ziyarət etdik. Müayinədə Nazirliyin Tibb Baş İdarəsinin həkimləri də iştirak edirdi.
Vital göstəriciləri:
• Arterial təzyiq – 126/83 mm Hg
• Nəbz – 94 dəfə/dəq
• Bədən hərarəti – 36,4°C
• Çəkisi – 83,350 kq
Onun ümumi durumu keçirdiyi aclıq aksiyasına adekvatdır. Huşu aydın, təmas və kommunikasiya normaldır. Beynəlxalq təcrübəyə uyğun olaraq, aclıq aksiyalarının tibbi nəzarət altında keçirilməsi vacibliyi Tofiq bəyə izah olundu.
Bu məqsədlə su-elektrolit balansının tənzimi, mikrosirkulyasiyanın və toxuma hipoksiyasının qarşısını almaq üçün qidalandırıcı olmayan venadaxili infuziyanın aparılmasının zəruriliyi bildirildi. Razılıq alındıqdan sonra prosedurlar icra edildi və infuziya normal keçdi.
Onun səhhətinin mütəmadi olaraq nəzarətdə saxlanması üçün Penitensiar Xidmətə və Tibb Baş İdarəsinə növbəti müraciətimiz olacaq”.
Sayğılarla,
Adil Qeybulla
Bakı şəhəri, 19.04.2025
Musavat.com
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ