İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinə sui-qəsdin pərdəarxası: Putin onu niyə indi aradan götürdü?

“Vaqner” qruplaşmasının rəhbəri Yevgeni Priqojin təyyarə qəzasında öldü: ekipaj arasında Priqojinin “sağ əli” adlandırılan Dmitri Utkin və qruplaşmanın “komandanlığında” yer alan digərləri də var idi; təyyarənin Rusiya hərbi hava qüvvələri tərəfindən vurulduğuna dair kifayt qədər inandırıcı ehtimallar var, yaxud qiyamçı Priqojinın ətrafında proseslər bunun sui-qəsd olduğunu demək üçün faktı əsas götürməyə də ehtiyac yaratmır;

Və beləliklə, Putinə qarşı qiyam qaldıran Priqojin və komandası sıradan çıxdı.

Putinin onun hakimiyyətinə qarşı qiyam edən və nüfuzunu zədələyən Priqojini bağışlamayacağı bəlli idi. Hərçənd, bu sui-qəsddə açar sual var: Priqojin niyə qiyamdan dərhal sonra yox, məhz indi aradan götürüldü?

Baş verənlər – Priqojinin qiyamından tutmuş sui-qəsdinə qədərki proseslər Putinin “Vaqner” üzərindən iki həmlə etdiyi versiyasını ön plana çıxarır:

Birinci həmləsi “qambit” gedişi – üstünlüyünü qurban verərək, daha əlverişli mövqe qazanmaq – idi;

Ukraynada Rusiya qüvvələrinin itkiləri və Putinin nüfuzunun zəifləməsi fonunda Priqojin və Şoyqunun qarşıdurması real olsa da, qiyam Putinin zəifləməsindən daha çox, prosesi “idarəolunan xaos” planı üzrə yönləndirməsi nəticəsində meydana gəldiyi fikrinə diqqət çəkir, xüsusilə qiyam zamanı baş verənlər – “Vaqner”in müqavimət görmədən irəliləməsi, daha sonra geri çəkilməsi və s. – bu ehtimalı daha da gücləndirir. Nəticədə daim problemlər yaradan Priqojin və komandası Ukraynadan çıxarıldı, Rusiya ictimaiyyətində “Putin olmasa, ölkə parçalanar” rəyi önə çıxdı və hakimiyyətə qarşı istənilən təhdidin “dövlətə və millətə təhlükə” olaraq qəbul edilməsi zərurətini yaratdı.

Birinci həmlədə Putin “toxunulmazlıq imicini” qurban verərək, qazana bilmədiyi müharibə fonunda zəifləyən mövqelərini gücləndirdi.

İkinci həmləsi Ukraynada problem yaradan “Vaqner”i Afrikaya yönəltmək və Priqojindən xilas etmək oldu;

Qiyamdan sonra Belarusa köçürülən “Vaqner”in Afrikada aktivləşdiyi müşahidə edilir. Priqojin də Afrikada idi, sonuncu videomüraciətini Qara Qitədən “Afrikanı xilas edirik” formasında oldu. Təyyarəsi də Afrikadan Rusiyaya qayıdarkən qəzaya uğradı. İstisna deyil ki, qiyamdan sonra “toxunulmayan” Priqojinin yeni missiyası “Vaqner”i Afrikada gücləndirmək olub, onun Rusiya-Afrika sammitində boy göstərməsi də bu ehtimalı gücləndirir.

Və bunun Afrikada nüfuz savaşının qızışdığı, Qərb ölkələrinin zəifləməsi fonunda Rusiyanın güclənməsi fonunda baş verməsi əsas diqqət çəkən məqamlardandır. Afrikada mübarizənin qaynar mərhələyə keçdiyi ərəfədə qitədə kifayət qədər təsirə malik olan “Vanqer” Rusiya üçün əhəmiyyətlidir, lakin qiyamda iştirak edən Priqojin və yaxın ətrafının bu işə rəhbərlik etməsi Moskvanın planlarına risklər də vəd edirdi. Bu baxımdan, Priqojin və yaxın ətrafının qiyamdan sonra yox, məhz indi o dünyaya göndərilməsi bundan qaynaqlanır.

Asif Nərimanlı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Noyabr 2024

11 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR