İnsanlara hürriyət, millətlərə istiqlal!

İstiliyi artırmaqda məqsəd

Parlamentoda istilik təchizatı haqda yeni qanun müzakirə edilərkən enerji idarəsinin rəislərindən biri transformatoru sinəsinə basıb, aldı görək nə dedi: “İstilik tarifləri real maya dəyərindən 13 dəfə aşağıdır”. Sən demə, bu saat, daha doğrusu, qışda evləri ümumi qazanxana vasitəsilə qızınan binaların sakinləri mayadan 13 dəfə az pul verirmiş.

Məqsəd nədir? Əlbəttə, istiliyin qiymətini qaldırmaq. Yoxsa camaat qapı-pəncərəni açıb şellənirdi. Qarda-boranda mənzildə tuman-köynəkdə gəzirdilər. Əməllicə harınlamışdılar. Yaxşısı budur, onlara növbəti mövsümdə “otopleniya iynəsi” vurulsun. Yumşaq yerlərindən. O zaman hökumətin qədrini bilərlər.

Vaxtaşırı bizdə belə müalicə üsulları tətbiq edilir. Nəticədə qazın, elektrikin, nəqliyyatın qızdırması aşağı düşübdür. Deyəsən, bircə istilik və su qalıb. Onları da yonub hazırlayandan sonra komplektin başı düzələcəkdir. Adətən bulvarda-zadda qələt eləyib çay içmək istəsən, sənə dəvə dırnağının mürəbbəsini, gərgədan qığını və kaşalotun yumşaq ətini necə sırıyaraq, “almalısan, komplektə daxildir” deyirlərsə, bax, onun kimi. Bizdə fərdiyyətçiliyə, liberalizmə yer yoxdur, hər şey komplekt üsulla olur.

Ancaq normal seçilmiş deputatlar olsa, ilk növbədə həmin enerji rəisini divara dirəməli, hətta bəlkə aparıb parlamentonun yaxınlığındakı Alov qülləsində dırnaqlarını ütərək xaşını bişirməliydilər. Soruşmalıydılar ki, atam-qərdeşim, xub, lap sən deyəndir və istilik bu namərd camaata mayasından 13 dəfə az verilir. Bəs sizin özünüzün, həmin o məmur yığnağının mayası bu yetimlərə neçəyə başa gəlir? Əminəm ki, hesablasalar, həmin rəisin xalqa indiyə qədər 13 qəpiklik xeyri dəyməyibdir.

Paradoksal vəziyyətdə yaşayırıq. Bir tərəfdən ən bahalı məmurlar sistemi saxlayırıq, bir tərəfdən guya kommunal sektor mayadan yeyir, fısqırıq ucuzluq imiş. Ucuzluq yaxşı şeydirsə, sizin üçün də olsun da bə. Məsələn, bahalı maşınlardan düşün, Naxçıvan istehsalı “Naz-Lifan” sürün. Beşulduz hotellərdə dövlət büdcəsi hesabına yox, üçulduzluda öz cibinizlə qalın. Kayf tutmağa Mayamiyə yox, Zərdaba gedin. Belə şeylərdə fantaziyam o qədər geniş deyil, sadə xalqın bir üzvüyəm, üzrlü sayın, davamını gətirməyə həvəs də yoxdur.

Laçının Bəylik kəndində evlər tikilir, çox gözəl. Sevincimizin həddi-hüdudu yoxdur. Ancaq baxırsan ki, orada mənzilin biri büdcəyə 236 min manata başa gəlib. Eyni anda makler saytında görürsən ki, Bakıda, “28 May”ın yanında hansısa göydələndə 230 minə mənzil satılır.

Ən sonuncunu, mobil şirkətlə bağlı əhvalatı düşünün. Artıq gündəlik 1 manat ödəsən, xətt ancaq 1 gün açıq qalarmış. Camaat üsyan püskürür, lakin heç fikirləşən yoxdur ki, əslində bizi oxşar tarifə ev telefonunda çoxdan keçiriblər: ayda 27 manat verib işlədirik. Bunu böləndə günə təxminən 1 manat etmirmi? Canımız çıxsa da ödəyirik. (“Qul bazarı”nda 2 telefon, 3 nömrə işlədən yetimlər haqda cızmaqaranın məqamıdır, ancaq mən etmirəm, xalqı söyənlər üçün cəhənnəmdə ayrıca qır qazanı hazırlanmışdır, biləsiniz. Maşallah, yetərincə böyük sürüdür. İçlərində müxalifətçi də var, iqtidarçı da. Yazıçısı da var, şairi də. Filosofcuğu da yaranıb hətta. Xalqı qabağına qoyub danlayır, banlayır özü üçün. Xalq da yazıq-yazıq qulaq asır).

Qayıdaq mövzumuza. Mövzu istilik tarifləri idi. Dünyanı qızdırırıq, özümüz isə üşüyürük. Termodinamika qanunları belə tələb edir. Parlamento bunu düzəltməyə çalışır. İstəyirlər istilik pulu artsın, xalqın da istiliyi qalxsın.

Bax, burada məqsəd maraqlıdır. Axı qapalı sistemlərdə istilik prosesləri zamanı entropiyanın artması mütləqdir.   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR