İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan 12 ölkə ilə bağlı ŞOK QƏRAR

Əfqanıstan, Myanma, Çad, Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a girişi qadağan edilib.

Musavat.com xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, müvafiq sərəncam ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb.

Məlumatda bildirilir ki, bu ölkələr yoxlama və təhlil baxımından qeyri-effektiv sayılır və Amerika Birləşmiş Ştatları üçün yüksək risk daşıyır.

Birləşmiş Ştatlar üçün yüksək risk daşıyan daha yeddi ölkənin, Toqo, Türkmənistan, Burundi, Kuba, Laos, Syerra-Leone və Venesuela vətəndaşlarına qismən giriş qadağası qoyulub.

Məlumatda qeyd olunur ki, sərəncam daimi qanuni sakinlər, mövcud vizalara sahib şəxslər, müəyyən viza kateqoriyaları və ABŞ-ın milli maraqlarına uyğun olan şəxslər üçün istisnalar nəzərdə tutur.

Sərəncamın imzalanması münasibətilə yayımladığı videomüraciətdə Donald Tramp bildirib ki, viza üçün müraciət edən şəxslərin düzgün yoxlanılması mümkün olmayan ölkələrdən ABŞ-a gələn əcnəbilər, eləcə də ABŞ-da vizası bitmiş halda yaşayan şəxslər ölkə üçün təhlükə yaradır.

“XXI əsrdə biz bir çox terror aktlarının şahidi olduq ki, bunlar vizası keçmiş, təhlükəli ölkələrdən gəlmiş əcnəbilər tərəfindən törədilib”, — deyə Tramp qeyd edib.

Tramp əlavə edib ki, yeni prezidentlik müddətinin ilk günündə dövlət katibinə bu baxımdan ABŞ üçün ən böyük təhlükə törədən regionların müəyyənləşdirilməsini və məhdudiyyətlərin tətbiq olunmasını tapşırıb.

ABŞ lideri onu da əlavə edib ki, qara siyahı vaxtaşırı yenilənəcək. Əgər bəzi ölkələrdə vəziyyət yaxşılaşarsa, məhdudiyyətlər yumşaldılacaq, əks halda, siyahıya yeni ölkələr də əlavə edilə bilər.

Qeyd edək ki, Tramp ilk prezidentlik dövründə də bəzi ölkələrin vətəndaşlarına ABŞ-a girişə məhdudiyyətlər qoyub. O zaman siyahıya doqquz ölkə — Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən daxil edilib. Bu sərəncam daha sonra onun xələfi Co Bayden tərəfindən prezidentliyinin ilk günündə ləğv olunub.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR