Onlayn ictimai-siyasi qəzet
Abşeron rayonu, Qobu qəsəbəsində vəhşicəsinə törədilən qətlə görə daha bir şəxs saxlanılıb.
Bu haqda Musavat.com-a daxil olan məlumatda deyilir ki, 29 yaşlı Ülfət Cümşüd oğlu Höccətovun qətlinə görə Emin Cahangir oğlu Ramazanov istintaqa cəlb olunub.
Ülfət Höccətovun meyiti 9 iyul 2021-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsindəki yanmış mənzildə aşkar olunub. Meyitin ilkin tibbi müayinəsi zamanı üzərində xəsarət izləri aşkar olunub. Sonradan keçirilən məhkəmə tibb ekspertizası Ülfət Höccətovun bədəni üzərində 17 bıçaq zərbəsinin izlərini üzə çıxarıb. Bu rəydən sonra bəlli olub ki, onu mənzildə qətlə yetiriblər. Qətldən sonra cinayətin izlərini itirmək üçün mənzilin yandırıldığı müəyyən olunub.
Bu qətldən sonra Abşeron Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hadisə ilə bağlı Cahangir Ramazanov həbs olunub. Ülfət Höccətovun anası Təranə Şahverdiyeva qətlin Cahangir Ramazanovun təkbaşına törətmədiyini əminliklə bildirirdi. 2022-ci ildə Təranə Şahverdiyeva Musavat.com-a açıqlama verərək qətldə Cahangir Ramazanovun oğlu Emin Ramazanovun iştirak etdiyini bildirmişdi.
“Qobuda 29 yaşlı gəncə 17 bıçaq vuran “peyğəmbər”i kimlər himayə edir? - İlginc cinayət dosyesi” sərlöhvəli yazıda (https://www.musavat.com/news/qobuda-29-yasli-gence-17-bicaq-vuran-peygember-i-kimler-himaye-edir-ilginc-cinayet-dosyesi_888473.html) Təranə Şahverdiyeva fikirlərini belə əsaslandırmışdı.
Onun sözlərindən sitat:
“Hadisə baş verəndə bizim ailəmizdən Ülfətdən başqa evdə kimsə olmayıb. Biz ailəlikcə Astarada toyda idik. Ülfətin evdə tək olmasını da qatillər biliblər. Bunu onlara qətli sifariş edən məlumat verib”.
Təranə Şahverdiyeva bildirmişdi ki, oğlunun ölümündə keçmiş gəlininin rolu var: “Ülfət keçmiş gəlinimlə Emin Ramazanovun əlaqələrindən xəbərdar olub. Keçmiş gəlinim bunu biləndən sonra bu hadisə baş verib. Emin Ramazanovla keçmiş gəlinimin əlaqəsi haqda internetdə video da var. Biz bunu sonradan polisdən bilmişik. Həmin video ”Azərbaycanda bibisini öldürən “peyğəmbər” qeybə çəkildi" adlanır. O videoda Emin Ramazanov ağ uzun paltarda, keçmiş gəlinim isə qara çadradadır. Gəlinim heç vaxt çadra geyinməyib. O, tanınmamaq üçün çadraya bürünüb. Videodan belə başa düşülür ki, Emin Ramazanov bibisindən 3 min manat alıb və guya müalicə edəcəyini vəd edib. Bibisinin boğazını sıxıb və qadın huşunu itirərək yerə yıxılıb. Biz Emin Ramazanovla gəlinimin münasibətinin olmasından xəbərsiz olmuşuq. Nə baş veribsə, mənim oğlumu bu gün həbsdə olan Cahangir Ramazanovla oğlu Emin Ramazanov bir yerdə öldürüblər. oğlumu öldürən və sonra da cinayəti ört-basdır etmək məqsədilə evimi yandıran Cahangir və oğlu Emin Ramazanovlardır. Bunu təsdiq edən kameralardan çıxarışlar da var. Lakin ata Cahangir Ramazanov tutulsa da, oğlu Emin tutulmur”.
Təranə Şahverdiyeva Emin Ramazanovun həbsini tələb edirdi.
“Xahiş edirəm ki, oğlumu öldürüb izi itirmək məqsədilə mənzilimin yandırılması ilə bağlı törədilən cinayət işinin istintaqının aparılmasının Abşeron Rayon Prokurorluğundan alınıb Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə həvalə edilməsinə göstəriş verilsin. Emin Ramazanovun barəsindəki axtarış işi Abşeron Rayon Polis Şöbəsinin Qobu polis bölməsindən alınıb Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinə verilsin”, deyə gözüyaşlı ana cinayətin üstünün açılmasını istəyirdi.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ