İnsanlara hürriyət, millətlərə istiqlal!

Prinsipial akademik – Nesmeyanov Mikoyanın bacanağı Arzumanyanın təyinatına qarşı çıxıb

O, xarakter etibarilə mehriban, ünsiyyətcil, sadə insan olmaqla yanaşı, həm də prinsipial mövqeyi ilə fərqlənib. Aleksandr Nesmeyanov Moskva Dövlət Universitetinin rektoru olanda da, SSRİ Elmlər Akademiyasına rəhbərlik edəndə də elm sahəsinə təsadüfi kadrların düşməsinə qarşı həmişə mübarizə aparıb. Sözsüz ki, bu cür mövqe və prinsipiallıq “yuxarılarda” heç də hamının ürəyincə olmayıb...

Nesmeyanovu “həzm” edə bilməyən dövlət məmurlarından biri də Anastas Mikoyan olub. Nikita Xruşov hakimiyyətə gəldikdən sonra SSRİ Elmlər Akademiyasında islahatlar aparanda qurumda yeni Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutu yaradılıb və akademiyanın prezidenti Nesmeyanova institut direktorluğuna namizədlərin siyahısını hazırlamaq həvalə edilib. Nesmeyanov bir neçə namizəd irəli sürüb, onlar haqqında ətraflı arayışlar hazırlayaraq Xruşova təqdim edib. Amma bir neçə gündən sonra akademiyanın prezidentinin xəbəri olmadan instituta Mikoyanın bacanağı Anuşavan Arzumanyan təyin edilib.

20223404.971704.2409.jpeg (85 KB)

Bu həmin Arzumanyan olub ki, 1937-ci ildə antisovet fəaliyyətdə ittiham olunaraq həbsxanaya salınıb, Mikoyanın sayəsində sudan quru çıxıb. Arzumanyan sonralar 1947-ci ildən 1952-ci ilə qədər Azərbaycan Dövlət Universitetində kafedra müdiri və prorektor vəzifələrində işləyib. Haqqında heç bir müsbət rəy olmayan Arzumanyanın instituta direktor təyinatı Nesmeyanovla Xruşov arasında konflikt yaradıb. Akademiya prezedenti Xruşova öz etirazını açıq şəkildə bildirib:

- Nikita Sergeyeviç, biz elm sahəsində Arzumanyan kimi təsadüfi şəxsləri instutut direktoru təyin etməklə islahat aparırıqsa, bu islahatların heç bir nəticəsi olmayacaq.

Xruşov Nesmeyanovun bu cür iradına bir cümlə ilə cavab verərək ona qapını göstərib:

- Kadr məsələsini Mərkəzi Komitə həll edir, gedin elmi işlərinizlə məşğul olun.

Screenshot_2020-11-05-nesmeyanov-Google-Poisk.png (190 KB)

Aleksandr Nesmeyanov 1899-cu ildə Moskvada müəllim ailəsində anadan olub. Orta məktəbi gümüş medalla bitirdikdən sonra Moskva Dövlət Universitetində ali təhsil alıb. O, namizədlik dissertasiyası müdafiə etmədən birbaşa doktorluq işi müdafiə edib. Elmi fəaliyyətini SSRİ Elmlər Akademiyasının Kimya İnstitutunda davam etdirən alim 1939-cu ildə akademiyanın müxbir üzvü, 1943-cü ildə isə akademiki seçilib.

1944-cü ildə Nesmeyenov Moskva Dövlət Universitetinə qayıdıb və kimya fakültəsinin dekanı seçilib. 1948-ci ildə Siyasi Büroda ölkənin elm və təhsil məsələsi müzakirə ediləndə Nesmeyanov Stalinin təşəbbüsü ilə universitetə rektor təyin edilib.

Несмеянов,_Александр_Николаевич_001.jpg (59 KB)

1947-ci ildə Moskva Dövlət Universitetinin yeni kompleksinin tikilməsi də məhz Nesmeyanovun adı ilə bağlıdır. O, universitet üçün yeni kompleksin zəruriliyini Stalinə iki saat başa salıb və müsbət cavab alıb.

1951-ci ildə Nesmeyanova SSRİ Elmlər Akademiyasına rəhbərlik etmək təklif olunub. Rektor Kremlə, Georgi Malenkovun qəbuluna çağrılıb. Malenkov dəvətin məqsədini açıqlayanda Nesmeyanov imtina üçün ağlına gələn bütün bəhanələri dilə gətirib:

- Bu vəzifə mənə göstərilən böyük etimaddır. Amma mən bu ağır yükü daşımaq gücündə deyiləm. Digər tərəfdən, mənim tərcümeyi-halım da bu vəzifəyə uyğun gəlmir. Bildiyiniz kimi, mənim qardaşım 1941-ci ildə casusluqda ittiham olunaraq güllələnib...

Bu və digər bəhanələri Malenkov sadəcə etika naminə dinləyib:

- Məsələ artıq həll olunub.

NesmeyanovTolstaya.jpg (194 KB)

Beləliklə, 16 fevral 1951-ci ildə akademiyanın növbədənkənar sessiyasında Nesmeyanov SSRİ Elmlər Akademiyasının prezidenti seçilib.

Nesmeyanov üçün Xruşovla işləmək sözün əsl mənasında cəhənnəm əzabı olub. Sovet liderinin ağlagəlməz islahatları, o cümlədən elm sahəsinə kor-koranə müdaxiləsi akademikin fəaliyyətində yetəricə problemlər yaradıb. Elə bu səbəbdən də 1961-ci ildə Nesmeyanov könüllü olaraq akademiyanın prezidentliyindən istefa verib və sonrakı fəaliyyətini Kimya İnstitutunda davam etdirib.

51278335_365274304258697_156091098790363136_n.jpg (104 KB)

Nesmeyanov elm sahəsində süni qidaların hazırlanması ilə daha çox tanınıb. Onun ən böyük kəşflərindən biri isə 1960-cı illərin ortalarında sintetik qara və qırmızı kürünün hazırlanması olub. Bu kürü “İskra” (iskustvennaya ikra) adı altında istehlaka buraxılıb. Süni kürünün hazırlanmasında qida jelatinindən, yumurta ağından, qida boyasından, duz və siyənək balığından istifadə edilib ki, bu cür kürü qiymətinə görə sıravi vətəndaşlar üçün də əlçatan olub.

Nesmeyanov sovet alimləri arasında ən çox dövlət mükafatları ilə təltif olunan akademiklərdən biri olub. O, elm sahəsindəki göstərdiyi xidmətlərə görə iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, yeddi dəfə “Lenin” ordeninə, Stalin və Lenin mükafatlarına, çoxsaylı medallara layiq görülüb.

nesmejanov.jpg (246 KB)

Akademik Aleksandr Nesmeyanov 1980-ci ildə, 80 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR