İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin xüsusi nümayəndəsi İrana niyə gedib: münasibətlərdə yeni mərhələ - təhlil

44 günlük müharibə dövründə və ondan sonrakı mərhələdə Azərbaycana qarşı qeyri-sağlam, qonşuluq, dostluq münasibətlərinə yaraşmayan şəkildə mövqe tutan İran İslam Respublikası bu müddət ərzində əlaqələrə ciddi zərbə vurdu.

Xüsusilə Zəngəzur dəhlizi məsələsində qərəzli, təhdidli açıqlamalar verdilər. Hətta Azərbaycanın Tehrandakı səfirliyində terror aktı da törədildi. Rəsmi Bakı kifayət qədər təmkin göstərməklə yanaşı, İranla adekvat davrandı. Daim gərginliyi aradan qaldırmaq üçün İrana tövsiyələr verildi.

İran tərəfinə bütün gedişlərlə anladıldı ki, Azərbaycanla təhdid dilində danışmaq mümkün deyil. Nəhayət, bir müddət öncə İran rəsmiləri Azərbaycana səfərlər etməyə başladılar, pozitivlik hiss olunan açıqlamalar verildi. Antiterror tədbirlərindən, suverenliyimiz tam bərpa olunandan sonra isə maraqlı bir gedişat izlənilir: İki gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfər edib. O, İran prezidenti İbrahim Rəisi ilə də görüşüb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Facebook hesabında bildirib ki, görüş zamanı regional təhlükəsizlik vəziyyəti müzakirə edilib. Belə qənaətə gəlmək olar ki, İran artıq taktikasını dəyişir. Ermənistana “qardaş” münasibəti, Azərbaycanla qərəzli davranış siyasəti fayda verə bilməzdi.

Diqqətçəkən məqam odur ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də Tehrana səfər edib. Bu barədə “Nour News” portalı öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Xələf Xələfov bir sıra yüksək rütbəli iranlı məmurlarla görüşüb və onlarla regiondakı vəziyyəti müzakirə edib.

Tehranda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 4-də İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

APA xəbər verir ki, Xələf Xələfov İran XİN rəhbəri ilə ikitərəfli münasibətləri müzakirə edib.

Tərəflər eyni zamanda regiondakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Xələfovun İran səfərində hansı razılaşmalar əldə oluna bilər? Bu, Tehran-Bakı münasibətlərində yeni mərhələnin başlanğıcı hesab oluna bilərmi?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

Elxan Şahinoğlu: “İranın xoş niyyəti yoxdursa, bu danışıqların nəticə verəcəyini söyləmək çətindir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ölkələrarası münasibətlərin düzəlməsi üçün cənub qonşumuzun etməli olduqlarını sadaladı: “İran hiss olunur ki, Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır. Neçə vaxtdır ki, İran xarici işlər naziri də rəsmi Bakıdan xahiş edir ki, səfirlik işini bərpa etsin. Amma hələ bu mümkün deyil. Çünki səfirliyimizə hücum olub, məhkəmə hələ başlamayıb. Düzdür, xəbərlər yayıldı ki, guya cinayətkar ölüm hökmünə məhkum olunub. Amma bu hələ təsdiq olunmayıb. Tələbəmizi də hələ girovluqdan azad etməyiblər. Bu məsələlər həll olunmayana qədər səfirliyin bərpasından danışmaq çətindir. Doğrudur, indi Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Tehrana dəvət ediblər. Amma cənub qonşumuzun siyasəti yenə də bizdə suallar doğurur. Çünki bir gün qabaq da Ermənistanın Təhlükəsizlik Şurasının katibi Tehrana çağırıblar və təklif veriblər ki, İran sərhəddə müşahidəçi yerləşdirsin. Burada məqsəd nədir, bunu anlamaq çətindir. Zatən İranın sözü varsa, Ermənistana desin. Çünki Amerika ilə birlikdə birgə hərbi təlimlər keçirən də Ermənistandır. Qərbi Zəngəzura avropalı müşahidəçiləri yerləşdirən də İrəvandır. Bunu Azərbaycan etsəydi, İran ölkəmizə geniş miqyasda təzyiqlər edərdi. Amma bunu Ermənistan edir, ona elə də böyük irad bildirmir. İndi Xələf Xələfovla danışıqlar gedəcək. Əgər İranın xoş niyyəti yoxdursa, bu danışıqların nəticə verəcəyini söyləmək çətindir. Çünki zaman-zaman belə danışıqlar olub. Azərbaycana İran rəsmiləri gəlir, azərbaycanlı rəsmilər də İrana dəvət olunur. Önəmli olan İranın ölkəmizə qarşı təxribatçı siyasətinə və təxribatçı açıqlamalarına son verməkdir. Bunu etməyənə qədər bu səfərlər, danışıqlar ciddi nəticə verməyəcək”.

AMİP-in qurultayı onlayn keçirilə bilər - Əli Orucov

Əli Orucov: “Bu səfər müəyyən pozitiv çalarlar gətirəcək”

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov münasibətlərdə hələ də ciddi gərginliklər qalsa da, bu səfərdə pozitiv çalarlarının ola biləcəyini düşünür: “Azərbaycanın xarici siyasətinin ana xəttini sülh və təhlükəsizlik, qonşularla dost və strateji müttəfiq tutur. Təəssüflər olsun ki, rəsmi Bakının bu siyasətinə bəzi qonşuların adekvat cavabını görmürük. Xüsusən də tarixi köklərlə sıx bağlı olan İranın mövqeyi qeyri-sağlam və qərəzli olub. Bəzən hətta diplomatik etik qaydalara məhəl qoyulmadan təhdid, şantaj və güc dilində danışılıb. İşğalçı Ermənistana həmişə Tehran tərəfindən hərtərəfli dəstək verilib. 44 günlük müharibədə parlaq qələbə qazanan Azərbaycan gözlənilmədiyi şəkildə İranın davamlı təzyiqlərinə və əsassız ittihamlarına məruz qaldı. Azərbaycanla sərhəddə hərbi qüvvə toplayaraq təlimlər keçirdi, ən yüksək səviyyələrdə Azərbaycana hədələr edildi. Və nəhayət, Tehranda fəaliyyət göstərən diplomatik nümayəndəliyinə silahlı terror hücumu təşkil edildi. Bütün bunların edilməsində Tehranın məqsədi Azərbaycanın regional və beynəlxalq nüfuzunun artmasının, Türkiyə Azərbaycan müttəfiqliyinin, eləcə də, İsrail-Azərbaycan əlaqələrinin genişlənməsinin qarşısını almaq və müttəfiqi Ermənistanı güzəştlərdən xilas etməkdir. Lakin proseslərin gedişi, əsasən də rəsmi Bakı ilə təhdid dilində danışmağın bumeranq effekt verdiyini anlayan İran münasibətləri yumşaltmağa məcbur oldu. Odur ki, mövqe dəyişməklə münasibətlərin guya normal məcraya yönəldilməsi görüntüsü yaradır. İran bir yandan Zəngəzur dəhlizinin açılmasının əleyhinə olduğunu deyir, digər tərəfdən, bu dirənişin faydasız olduğunu anlayaraq fəal iştirakçı olmağa can atır. Əslində isə İranın Azərbaycana qarşı dost olmayan münasibəti köklü olaraq dəyişməyib. Prezident Rəisinin İran Silahlı Qüvvələrinin paradı zamanı etdiyi çıxışına diqqət yetirsək görərik ki, mehriban dostluqdan Tehranın bəhs etməsi riyakarlıqdır. Xatırladım ki, həmin çıxışında İranın dövlət başçısı Qarabağ zonasında yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyinə mərkəzi hökumətdən zəmanət verilməsini dilə gətirir və sərhədlərin dəyişdirilməsini qırmızı xətt adlandırır. Halbuki Tehran rejimi Güneydə yaşayan 40 milyon soydaşımızın elementar hüquqlarına heç vaxt hörmət etməyib, assimliyasiya və zorakılıq siyasətini davam etdirir. Eyni zamanda Zəngəzur dəhlizi barədə də reallıqları manipulyasiya edir. Çünki söhbət sərhədlərin dəyişdirilməsindən deyil, Azərbaycanın qərb regionları ilə Naxçıvanı birləşdirən beynəlxalq əhəmiyyətli kommunikasiya nəqliyyat dəhlizinin açılmasından gedir. Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun İrana səfəri məncə mübahisəli və narazılıq doğuran mələklərin müzakirə edilməsi məqsədi güdür. Baxmayaraq ki, İran rəsmləri ardıcıllıq olaraq müəyyən jestlər etdilər. Terrorçunun edamı qərarı verildi. Səfirliyin fəaliyyətinin bərpası ilə bağlı çağırışlar edildi. Görünür rəsmi Bakını İranın bu addımları tam qane etmir. Həll olunmamış problemlər qalır. Azərbaycan Tehrandan səfirliyin fəaliyyəti, diplomatik münasibətlərin normallaşdırılması və təhlükəsizliyi üçün zəmanət istəyir. Həmçinin Azərbaycanın daxili işlərinə bu və ya digər formada müdaxiləsinin dayandırmasını, aqressora dəstək verməməsini tələb edir. Hər halda, düşünürəm ki, bu səfər müəyyən pozitiv çalarlar gətirəcək. İstisna etmirəm ki, yaxın vaxtlarda da bunun nəticəsi olaraq İrandakı diplomatik korpusumuz fəaliyyətini bərpa edəcək”. 

Rusiya sülhməramlı qüvvələrinin Ermənistanla əlaqələri kəsilməlidir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə: “İran Azərbaycanla münasibətləri qaydaya salmağa çalışır”

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə isə artıq İranın Azərbaycanla münasibətləri normallaşdırmaqda maraqlı olduğunu düşünür: “İranla Azərbaycan arasında yaranan siyasi böhran Tehran tərəfindən qaynaqlanırdı. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaratdığı yeni geosiyasi nizamı İran ağrılı qarşıladı və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini regionda qüvvələr balansına təsir etdiyindən bəhanələr axtarmağa başladı. Bu, İranın Azərbaycanla sərhəddə hərbi təlimləri və sonra Tehranda səfirliyimizə qarşı terror hücumu ilə nəticələndi. Tehranda səfirliyimizə terroru birbaşa SEPAH həyata keçirmişdi. İran hökuməti isə bunu öz üzərinə götürmədi. Antiterror əməliyyatından sonra İranın davranışlarında müsbət siqnalları görürük. Qeyd edim ki, Türkiyə faktoru və Tehranla təmaslar, Hakan Fidanın bu ölkəyə səfəri proseslərə müəyyən bir impuls verdi. İran Azərbaycanla münasibətləri qaydaya salmağa çalışır. Amma ilk öncə Azərbaycana qarşı kəşfiyyat və hibrid müharibəyə son verməli və səfirliyə terror aktı edən edam olunmalıdır. İrandan verilən açıqlamada edamın reallaşması mümkündür. Cənab Xələfovun İrana səfəri və aparacaq danışıqlar yeni şərtlər daxilində olacaq. İran Azərbaycanla münasibətləri real və praktiki olaraq normallaşdırmalı, Azərbaycana qarşı sərt ritorikaya son verməli, kəşfiyyat müharibəsi və informasiya savaşını dayandırmalıdır. Həm də edam hökmü reallaşmalıdır. Bundan sonra səfirlik işini bərpa edə bilər. Həmçinin Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə olunacaq. Zəngəzur dəhlizinin açılması istiqamətində İran ərazisindən də yol olacaq. Razılaşma var. Bu istiqamətdə də danışıqlar olacaq. Ümumilikdə bu səfər ikitərəfli əlaqələrin normallaşmasına ciddi təsir edəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR