Onlayn ictimai-siyasi qəzet
“Xarici siyasətində balansı qoruya bilməyən dövlətlərdən fərqli olaraq Bakı-Moskva münasibətləri bəzi qonşu dövlətlər üçün bir nümunəyə çevrilib”
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Rusiya arasında mövcud münasibətləri Cənubi Qafqazda təhlükəsizlik faktoru kimi dəyərləndirib. Dövlət başçısı bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edən zaman qeyd edib.
“Azərbaycan-Rusiya münasibətləri bəzi qonşu dövlətlər üçün də bir nümunədir” - deyən dövlət başçısı bildirib ki, bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirir.
Rusiyanın regional və daha geniş müstəvidə təhlükəsizlik məsələsində rolu təbii ki, danılmazdır. Son illərdə baş verənlər, xüsusilə Ukrayna müharibəsi fonunda bir daha sübut olundu ki, Rusiya heç də sarsılmış, zəifləmiş, dağılmaq ərəfəsində olan federasiya deyil. Əksinə, onun iştirakı, razılığı olmadan dünyada bir çox prosesləri tənzimləmək mümkün deyil.
Bu xüsusda Azərbaycanın praqmatik davranışları, xüsusilə Rusiya ilə münasibətlərin regional və daha geniş miqyasda təhlükəsizlik faktoruna çevrilməsi ağıllı siyasətin nəticəsidir. O baxımdan ki, Cənubi Qafqaz regionun lider dövləti olan Azərbaycanın Rusiya ilə strateji müttəfiqliyi daha geniş imkanlar açır və regiona aid olmayan güclərin məkrli planlarının baş tutmasına imkan vermir.
Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Rusiya Avroasiya məkanının hegemon dövlətlərindən biridir: “Rusiya dünyada ən böyük ərazisi və təbi ehtiyatları olan bir ölkədir. Bu gün Rusiyanın təbii ehtiyatları 76 trliyon dollar səviyyəsində dəyərləndirilir. Müqayisə üçün deyək ki, bu sırada ikinci yerdə dayanan Amerika Birləşmiş Ştatlarının təbii ehtiyatları 45 trliyon dollar səviyyəsində qiymətləndirilir. Rusiya 5889 nüvə başlığı ilə nüvə silahına malik ölkələr arasında birinci yerdədir. Bu sırada Rusiyadan sonra 5244 döyüş başlığı ilə ABŞ, 410 nüvə başlığı ilə Çin gəlir. Rusiyaya Ukraynaya qarşı iki il yarım ərzində aprdığı müharibəyə görə Qərbin 60-dan çox ölkəsinin bir araya gələrək ona tətbiq etdiyi 20 minə yaxın sanksiyalara rəğmən iqtisadi cəhətdən normal inkişaf sürətini qoruyub saxlaya bilib. Bu müddət ərzində Rusiya öz hərbi sənayesini 4 dəfəyə qədər böyüdüb. Bütün bunlarla yanaşı, Rusiya bu gün Yaxın Şərqdə, Afrikada və dünyanın digər bölgələrində hərbi kontingentlər saxlayır və həmin ərazilərdə öz maraqlarını təmin edir.
Mən bu faktları “Rusiya çökür”, “Ukrayna ilə müharibədə Rusiyanın məğlub olması qaçılmazdır” və s. bu qəbildən olan fikirlər səsləndirənlərin diqqətinə çatdırıram. Və dərhal da bildirirəm ki, səsləndirdiyim bu faktlara görə heç kim elə düşünməsin ki, mənim içimdə Rusiya sevgisi var. Əksinə, tarix boyu Azərbaycana qarşı sərgilədiyi çirkin siyasətə görə Rusiyaya nifrət edirəm desəm, bu daha doğru olar. Tarixdə erməni bəlasını bizim başımıza ruslar açıblar, torpaqlarımızı zəbt edib öz ərazilərinə birləşdiriblər, bizim torpaqlarda qondarma erməni dövləti yaradıblar, Azərbaycanı iki yerə parçalayıblar... Bütün bunlar vicdanı qarşısında hesabat verə bilən hər bir azərbaycanlıya Rusiyanı sevməmək üçün yetərli əsaslardır. Ruslara, Rusiyaya bu münasibəti bizdən erməni bəlası nəticəsində şəhid olmuş on minlərlə azərbaycanlının ruhu tələb edir.
Lakin nifrət dolu emosiyalarımız bizə əsas vermir ki, Rusiyanın bugünkü durumunu təhrif edib, oxucularımıza yanlış məlumatlar verək. Biz oxucuya gerçək olanları deməliyik. Rusiyaya olan nifrətimizə söykənib bəzi boşboğazlar kimi “Rusiya çökür və onun dağılmasına sayılı günlər qalır” kimi fikirlər səsləndirərək öz nifrətimizə təsəlli verməməliyik. Rusiya dünən də, bu gün də ayaqdadır. Unutmayaq, Rusiya hələ ki, Ukraynaya qarşı öz hərbi gücünün az bir hissəsindən istifadə edir. Budur həqiqət. Nüvə dövlətinin hərbi gücü dedikdə, onun atom silahını ayrı görmək lazım deyil. Bu yanlış olardı. Rusiya prezidenti artıq bir neçə dəfə Ukrayna ilə müharibədə ona qarşı olan böyük güclərə xəbərdarlıq edərək, “Rusiyanın olmayacağı dünya heç kimə lazım deyil” çağırışı edib. Bu nə deməkdir? Bu o deməkdir ki, dövlətimiz üçün bir təhlükə yaratmağa cəhd etsəniz, bizi nüvə silahından istifadə etməyə məcbur edəcəksiniz. Qərb Putinin söz xatirinə söz demədiyinin fərqindədir və ona görə də mümkün qədər ehtiyatla davranmağa çalışır, Ukraynaya hansısa silahları verir, hansıları isə verməkdən çəkinir, verdiyi bəzi silahlardan Rusiya ərazisinə qarşı istifadə olunmasına icazə vermir və s.
Sovetlər İttifaqı dağıldıqdan sonra ötən 30 ildən bir qədər artıq dönəmə nəzər salaq. Rusiya ilə konfliktə gedərək “öz haqqını” tələb edən ölkələrin nələr yaşadığını göz önünə gətirək. Gürcüstan Qərbin ağuşunda olmaq istədi, nəticədə Abxaziya və Cənubi Osetiyanı itrdi, Saakaşvili hakimiyyətini isə Rusyaya bağlı İvanaşvili hakimiyyəti əvəzlədi. Azərbaycan rus qoşunlarını öz ərazisindən çıxartmağa qalxdı, əvəzində Qarabağı və ətrafdakı 7 rayonu itirdi. Ukrayna Rusiyaya qarşı çıxmaqla hansı faciələrlə üzləşdi, bu bizim hər birimizin gözləri önündə baş verir. Moldovanı da qarşıda acı aqibət gözləyir. Qazaxıstanda bəzi qüvvələr Nazarbayev hakimiyyətindən sonra baş qaldırmaq istədi, Rusiya Kollektiv Təhlükəsizlik Təşkilatının adı ilə girib orada “nizam yaratdı”. İndi növbə Qərbin küyünə gedərək, Rusiyaya kəllə atan Ermənistanındır. Ermənistan Rusiyaya qarşı çıxmaqla öz dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzədir. Qərbin şirin vədləri ona kömək edə bilməyəcək. Bütün bu sadaladıqlarımız ortada ikən Azərbaycan hakimiyyəti və onun Prezidenti İlham Əliyev nə etməli idi? Rusiya ilə münasibətləri yaxşılaşdmaq və bundan bəhrələnərək Qarabağ torpaqlarımızı işğaldan azad etmək yeganə doğru seçim idi. İlham Əliyev çox haqlı olaraq belə bir seçim etdi. Qarabağda 44 günlük müharibədəki, hərbi qələbənin kökündə Azərbaycan rəhbərliyinin uğurlu siyasi gedişləri dayanırdı. Reallıqları düzgün dəyərləndirməyi bacarmayan siyasətçilər həmişə sonda məğlub durumda qalırlar. Biz bu reallıqları doğru dəyərləndirdik və elə ona görə də torpaqlarımızı işğaldan qurtarıb, ərazi bütovlüyümüzü təmin edə bildik".
Bəhruz Məhərrəmov
Deputat Bəhruz Məhərrəmovun sözlərinə görə, Azərbaycan üçün Rusiyanın dünya siyasətində yeri çox aydındır: “Cənab İlham Əliyevin aprelin 22-də Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə işgüzar səfəri çərçivəsində Moskvada prezident Putinlə təkbətək görüşü zamanı ifadə etdiyi kimi, "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir və bizim əməkdaşlıq və qarşılıqlı fəaliyyətdən çox şey asılıdır". Eyni zamanda Rusiyanın Azərbaycana yanaşması da kifayət qədər aydındır. Elə həmin görüşdə prezident Vladimir Putinin ilk növbədə Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev barədə düşüncələri əslində Rusiyanın Azərbaycana münasibətinin təməlində dayanan bazis hesab oluna bilər. Bu gün münasibətlərin xarakterinə, habelə ölkələrimiz arasında münasibətlərin prioritetlərini müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 22 fevral 2022-ci il tarixli Bəyannaməyə diqqət etsək, əminliklə deyə bilərik ki, Bakı-Moskva əlaqələri bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və qarşılıqlı etimada əsaslanır.
Digər tərəfdən, Qərbin bir çox beyin mərkəzlərinin qəti proqnozlarının əksinə, Rusiya sülhməramlılarının Azərbaycandan çox sakit formada çıxarılması, üstəlik bu prosesin dərin mədəni və humanitar əlaqələrdə ehtiva olunan Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmədən reallaşdırılması artıq regionda müəllifinin cənab İlham Əliyev olduğu yeni geosiyasi konfiqurasiyanın hökm sürdüyünü göstərdi.
Kifayət qədər həssas bir situasiyada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrandan Bakıya səfər etməsi və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də ilk növbədə bu kontekstdən şərh olunmalıdır. Çünki Azərbaycan müttəfiqlik münasibətində olduğu Rusiya ilə regionda gedən proseslərlə bağlı mütəmadi təmasları əhəmiyyətli hesab edir. Şoyqunun qəbulu zamanı möhtərəm Prezidentin də dediyi kimi, Bakı bu səfərin ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlərin, o cümlədən ölkələrimiz arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığı qənaətindədir. Bu gedişat elə əslində ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin müddəalarının uğurla həyata keçirilməsi deməkdir.
Ümumiyyətlə, Azərbaycan Respublikası Rusiya ilə münasibətlərə dərin önəm verir. Ulu öndər Heydər Əliyev hələ 22 sentyabr 1993-cü ildə Ali Sovetdə gənclərin nümayəndələri ilə görüşdə qəti bir tezis irəli sürmüşdü ki, “Azərbaycanın Rusiya ilə əlaqələri yüksək səviyyədə olmalıdır”. Dahi Lider XIX və XX əsrdə Azərbaycanın inkişafının Rusiya ilə birbaşa bağlı olması, Avropa elmi və mədəniyyətinin ölkəmizə Rusiya vasitəsilə gəlməsi kimi amilləri iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi üçün mühüm elementlər kimi qiymətləndirirdi. Lakin təəssüf ki, ötən əsrin 90-cı illərində Azərbaycanda hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün səbatsızlığı ucbatından Azərbaycan-Rusiya münasibətləri özünün mürəkkəb dövrünü yaşamış, ölkələrimiz arasında əlaqələr yaxın 200 illik tarixinin ən arzuolunmaz səviyyəsinə enmişdi. Ulu öndərin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı isə əlaqələrimizdə dönüşə səbəb olsa da, Rusiyanın özündə vəziyyət, o cümlədən idarəçilikdə böhranın yaşanması prosesi ləngidir və cəhdlər lazımi effektini vermirdi.
Ümumiyyətlə, etiraf etməliyik ki, Rusiya kimi böyük dövlətlərlə münasibətlərdə qızıl ortanı tapmaq şərtdir. Qafqazda isə Moskva ilə münasibətlərdə bu qızıl ortanı taparaq müstəqilliyinə, ərazi bütövlüyünə xələl gətirməyən, bərabərhüquqlu münasibətlər qura bilən yeganə lider İlham Əliyevdir. Nəticə etibarilə, Prezident Əliyev nəinki ən çətin və təhlükəli periodlarda ölkənin ərazi bütövlüyü və suverenliyini qoruyub saxlaya bildi, üstəlik, Rusiya kimi bölgədə ciddi maraqları olan bir supergücün müttəfiqi Ermənistana rəğmən 44 günlük savaşda Azərbaycanın mövqeyinə siyasi dəstək verməsinə nail oldu. Ötən il aprelin 23-də elə Rusiya hərbi kontingentinin gözü önündə Laçın sərhəd-buraxılış məntəqəsini qurdu. Bu, həqiqətən böyük tarixi hadisə idi və ancaq sözün əsl mənasında, müstəqil dövlət bunu edə bilərdi. Bu gün isə əminliklə demək olar ki, iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında müttəfiqlik dövrü başlanmışdır. Hətta xarici siyasətində balansı qoruya bilməyən dövlətlərdən fərqli olaraq Azərbaycan-Rusiya münasibətləri bəzi qonşu dövlətlər üçün bir nümunəyə çevrilib və təsadüfi deyil ki, Prezident İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edərkən bu nümunəni Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirdi".
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan bütün qonşularla, o cümlədən Rusiya ilə münasibətlərin inkişafını arzulayır: “Azərbaycan vətəndaşlarının əksəriyyətinin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə münasibəti mənfidir, üstəgəl, Moskva uzaq və yaxın tarixdə Azərbaycana da xeyli problem yaradıb, torpaqlarımızın işğalında erməni separatizminə dəstək verib, elə İkinci Qarabağ müharibəsi zamanı da Ermənistanı uzaqmənzilli raketlərlə təmin edib ki, bunu Prezident İlham Əliyev bir neçə dəfə vurğulayıb. Buna baxmayaraq, mövcud reallıqlarla hesablaşmalıyıq. Azərbaycanın ərazi bütövlüyünün və Qarabağ üzərində suverenliyinin bərpasının son mərhələsində Rusiya bizə mane olmadı. Əlbəttə, bunu Rusiyanın başının Ukrayna müharibəsinə qarışması ilə izah etmək olardı. Ancaq hər halda, Rusiya nəticənin Azərbaycanın xeyrinə bitməsinə mane olmadı, üstəgəl, Kreml rusiyalı hərbçilərin Qarabağı tərk etmək vaxtını gözləmədən onları bölgədən çıxartdı. Bu amilin özü də iki ölkə arasındakı münasibətlər tarixinə müsbət amil kimi əlavə olundu. İlham Əliyevin Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu Bakıda qəbulu zamanı söylədiyi "Azərbaycan-Rusiya münasibətləri bəzi qonşu dövlətlər üçün də bir nümunədir" fikri Cənubi Qafqazın iki ölkəsinə aiddir. Rusiya-Gürcüstan müharibəsi ikincinin torpaq itkisinə səbəb oldu və bugünə qədər iki ölkə arasında diplomatik münasibətlər bərpa olunmayıb. Ermənistan hökuməti isə Rusiyadan uzaqlaşmağa çalışmaqla Kremllə münasibətləri gərginləşdirib. Buna baxmayaraq, Ermənistan hökuməti Rusiyanı ABŞ və ya Fransa ilə əvəzləyə bilmir. Çünki Vaşinqton və Paris sözdə İrəvanı dəstəkləsələr də, Ermənistana təhlükəsizlik təminatı verə bilmirlər. Kasıb Ermənistan Rusiyanın iqtisadi və hərbi zəmində asılılığından qurtula bilmir. İlham Əliyev Azərbaycan və Rusiya arasında mövcud münasibətləri Cənubi Qafqazda təhlükəsizlik faktoru kimi dəyərləndirməkdə haqlıdır. Cənubi Qafqazın əsas dövləti Azərbaycandır. Fransa Azərbaycanla münasibətləri korlamaqla yalnız Ermənistan üzərindən bölgədə möhkəmlənə bilmədi. Bu mümkün deyil. Ona görə Rusiya Cənubi Qafqazda hərbi və iqtisadi gücünü artıran Azərbaycanla münasibətləri üst səviyyədə saxlamağa çalışır. Bu amillərə rəğmən, Rusiyanın regional siyasətini hər zaman diqqətdə saxlamalıyıq. Bu ölkə hər zaman zəifləri əzmək və özünə tabe etdirmək, eyni zamanda güclülərlə hesablaşmaq siyasətini yürüdür. Azərbaycan hər zaman güclü olmalıdır ki, Rusiya bizimlə hesablaşsın".
Cavanşir ABBASLI,
’“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ