İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev idmanımızla bağlı gələcəyin anonsunu verdi- MÜHÜM AÇIQLAMA  

Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etdi.

Musavat.com xəbər verir ki, dövlət başçısı Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.

Öncə bildirək ki, bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Bu yüksək nəticə kimi qiymətləndirilir.

Azərbaycan prezidenti idmançılarla görüşündə çıxışı zamanı bildirdi ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb:

“Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Azərbaycan güclü idman dövlətidir. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal”.

İdmanın tarixi - Azerbaijan.az

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin idmançılara qayğısı hələ Azərbaycan Prezidenti olmadığı illərdən səmərəsini, bəhrəsini verdi. 2000-ci ildə Azərbaycan idmançılarının Sidney Yay Olimpiya Oyunlarında ilk böyük uğurları bu nailiyyətlərin memarı kimi İlham Əliyevin liderlik rolunu təsdiqlədi, onun Azərbaycan naminə fəaliyyətinin potensial imkanlarını bir daha əyani nümayiş etdirdi.

2003-cü ildə keçirilən prezident seçkilərində ölkə rəhbəri seçilən cənab İlham Əliyev idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində daha qətiyyətli addımlar atdı.

Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Fərmanla martın 5-i Azərbaycanda İdman və Bədən Tərbiyəsi Günü kimi qeyd edilir.

Həmin vaxtdan başlayaraq, idmançılar dövlət başçısının fərmanı ilə yüksək dövlət mükafatları, fəxri adlarla təltif olunurlar.

Prezident idmançılarla görüşündə vurğuladı ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır:

 “Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir. Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Daha çox medal qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir”.

Tarixdə bir ilk: “Bakı-2015” Avropa Oyunları

Yada salaq ki, Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biri də “Bakı-2015” Avropa Oyunları olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətində başa çatdırdı. Azərbaycan bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi və çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı: Yarışlarda Avropanın 50 ölkəsinin 10000 idmançısı mübarizə aparıb və Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazanıb və Avropa Oyunlarını 47 medalla başa vurublar.

Prezident son çıxışında bildirdi ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir:

 “Bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. Müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq”.

Prezident vurğuladı ki, bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir:

 “Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. İdmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir”.

Məlumat üçün onu da bildirək ki, 2023-cü il ərzində Azərbaycan idmançıları təkcə rəsmi, nüfuzlu beynəlxalq yarışlardan 837 medal qazanıblar. Bu medallardan 300-ə yaxını qızıl medaldır.

Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil ediblər. Xüsusilə V İslam Həmrəyliyi Oyunlarındanəticələr yaxşı olub. Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülüb.

OLİMPİZM: Azərbaycan idmançıları 2023-cü il mövsümünü 1472 medalla başa  vurub

Prezident idmançılarla görüşündə idmanla bağlı gələcəyin anonsunu da verdi. Ölkə başçısı bildirdi ki, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq:

 “Hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur. Gənclərin idmana maraqları artır. Həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq.

Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.  Nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər”.

Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Yeni-yeni idmançılar yetişir və sadəcə ölkəmizdə populyar olan ənənəvi idman növlərində yox, həm də fərqli idman növləri üzrə də uğurlarımız olur. Bu fakt təsdiq edir ki, Azərbaycan idmanının gələcəkdə daha yaxşı nəticələrin əldə edilməsi üçün imkanlar genişlənir.  

 

Əli Rais,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR