Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, 19 iyul tarixində Polşada radikal sağçı qüvvələrin təşəbbüsü ilə ölkə üzrə miqrant və müsəlman əleyhinə genişmiqyaslı etiraz aksiyaları keçiriləcək.
“STOP MIGRACJI” (Miqrasiyaya son) şüarı altında təşkil olunan bu kampaniyanın əsas çağırışı “Müsəlman istəmirik!” və “İmmiqrant istəmirik!” kimi açıq-aşkar islamofob və ksenofob məzmun daşıyır.
Etirazlara çağırış “Konfederacja” (Konfederasiya) Partiyası və onun liderlərindən biri olan Sławomir Mentzen tərəfindən edilib. Paylaşılan vizuallarda ağaran fon qarşısında kostyumlu siyasətçi, onun fonunda isə qəzəbli, əmmaməli müsəlman obrazı göstərilərək emosional və təhrikedici vizual təbliğat vasitələrindən istifadə olunub.
Mitinqlər Polşanın bütün əsas şəhərlərini əhatə edəcək.
Təşkilatçılar Konfederacja, Nowa Nadzieja (Yeni Ümid), radikal sağ spektrli təşkilatlardır.
Polşa mediası (Onet.pl) yazır ki, etiraz aksiyalarına minlərlə iştirakçının qoşulması gözlənilir. Xüsusilə gənclər və mühafizəkar dairələrin bu mitinqə ciddi şəkildə səfərbər olduğu qeyd olunur.
Bu aksiyalar Polşada və ümumilikdə Avropada artan islamofobiyanın və anti-miqrant ritorikasının yeni bir mərhələyə keçdiyini göstərir. Ekspertlər bildirirlər ki, bu cür radikal kampaniyalar təkcə miqrantlara deyil, bütün müsəlman icmalarına qarşı zorakılıq və nifrət zəminini genişləndirə bilər.
Xatırladaq ki, bu tip təşəbbüslər Avropa İnsan Hüquqları Konvensiyasına və demokratik dəyərlərə ziddir, lakin populist sağ partiyalar bu cür ritorikadan siyasi xal toplamaq üçün istifadə edirlər.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ