Onlayn ictimai-siyasi qəzet
Polşada daha bir azərbaycanlı polyaklar tərəfindən döyülüb. Musavat.com xəbər verir ki, döyülən azərbaycanlı Polşada təhsil alır, tələbədir.
Hadisə ötən həftə (24 avqust) baş verib. Tələbə Bakıya gəlirmiş. O, yolüstü alış-veriş etmək üçün mağazaya gedib. Burada onu polyaklar təhqir ediblər. Daha sonra deyiblər ki, Polşa yalnız polyaklar üçündür. Bundan sonra onu döyüblər.
Qeyd edək ki, Polşada azərbaycanlılara qarşı bu cür hərəkətlər tez-tez edilir. Xüsusilə də orada yaşayan ermənilər tərəfindən soydaşlarımıza hücumlar olur, onları qətlə belə yetirirlər.
Polşada yaşayan, adının təhlükəsizlik baxımından çəkilməsini istəməyən həmyerlimiz Musavat.com-a deyib ki, Polşada hökumət qeyri-polyaklara qarşı aqressiv münasibətin aradan qalxması üçün real olaraq heç nə etmir, bundan başqa, Azərbaycan diasporunun da Polşada fəaliyyəti yox səviyyəsindədir. Həmyerlimiz bunu da qeyd edib ki, ölkədə azərbaycanlılara qarşı aqressiv münasibət olsa da, ermənilər və gürcülərə qarşı eyni aqressiya yoxdur.
Bu da faktdır ki, son illər özünü demokratik sayan bir çox Avropa ölkələrində islamofobiya və irqçilik, xüsusən də türkofobiya xeyli güclənib. Rəsmi Bakı Polşada baş qaldıran neofaşizmlə bağlı bu ölkəyə etiraz göndərəcəkmi, yaxud səfir XİN-ə çağırılacaqmı?
Qeyd edək ki, zaman-zaman Polşada erməni diasporunun azərbaycanlılara qarşı təxribatları olub, bəziləri hətta baş tutmayıb. Biz bunun 2020-ci ildə Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında əldə etdiyi qələbə zamanı daha çox şahidi olduq. Belə ki, 2020-ci ildə Polşanın Katovitse şəhərində vətənpərvər azərbaycanlı gənclərin təşəbbüsü ilə Teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirilmişdi. Aksiyada soydaşlarımızla yanaşı milliyyətcə polyak olan şəhər sakinləri də iştirak edib və erməni terroruna yox deyiblər. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya yekunlaşan anda ermənilər soydaşlarımıza qarşı təxribat törədib, onlara hücum çəkərək fiziki güc tətbiq ediblər. Yaranmış qarşıdurma zamanı ermənilər azərbaycanlılara pnevmatik silahlardan atəş açıblar. Azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən 3 nəfəri saxlanılıb.
Elə həmin il Polşanın paytaxtı Varşavada azərbaycanlılara qarşı təxribat törətməyə cəhd edən ermənilər yerli təhlükəsizlik xidməti tərəfindən saxlanılıb. Bundan əvvəl də Polşanın “Wojska Polskiego” stadionu yaxınlığında 25 yaşlı Ermənistan vətəndaşı Damir Sarkisyan və 30 yaşlı Rusiya vətəndaşı Saak Qriqoryan saxlanılmışdı. Yerli hüquq-mühafizə orqanları onların stadionda baş tutacaq futbol matçı zamanı azərbaycanlılara qarşı təxribat planlarını aşkarlayıb.
Bu təxribatın da arxasında erməni izi varmı?
Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Son vaxtlar Polşaya güclü miqrant axını var. Ukraynadan, başqa ölkələrdən milyonlarla adam ora gedir. Ona görə də Polşada gələnlərə qarşı aqressiya başlayıb. Bu, eyni zamanda azərbaycanlılara da aiddir. Şübhəsiz, burada erməni diasporunun müəyyən rolu var. Amma mən düşünmürəm ki, azərbaycanlıların kütləvi şəkildə ölkədən çıxarılması, onlara qarşı zorakılıq tətbiq edilməsi ümumi dövlət prosesi, ya da cəmiyyətin ümumi rəyi olsun. Bunlar ayrı-ayrı epizodlardır. Bu da ölkənin yüklənməsi ilə bağlıdır. Həm də nəzərə alaq ki, Polşa Almaniya qədər, İngiltərə qədər bu işdə təcrübəsi olan və miqrantların ölkəyə gətirdiyi xeyri dərk edən ölkə deyil. Polşalıların korrupsiyaya, əli əyriliyə nə qədər meylli olduqlarını biz bilirik. Orada həmişə bu amillər göz görəsi şəkildə az qala ənənəyə çevrilib. Ona görə bunun milli, dövlət qarşıdurmasına çevriləcəyini düşünmürəm”.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadəyə də müraciət etdik. O, məsələni araşdıraraq bizə dedi ki, Polşada bu tendensiya ilə bağlı səfirliyin məlumatı var. Ancaq konkret hadisə ilə bağlı vətəndaş səfirliyə müraciət etməyib.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ