Onlayn ictimai-siyasi qəzet
“Fransanın müdafiə naziri Sebastyan Lekornu ilk dəfə Ermənistana səfər etdi və iki gün davam edən səfər sıradan bir səfər sayılmamalıdır. Bu səfərin “səsi” tez bir zamanda bölgədə özünü açıq-aşkar göstərəcək, biz buna hazır olmalıyıq”.
Bu fikirləri Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Ekspertin sözlərinə görə, Fransanın bu addımı Ermənistana dəstəkdən daha çox Azərbaycana qarşı açıq, əndazəni aşan demarş və təhdid kimi qəbul olunmalıdır:
“Çünki İrəvan-Paris hərbi əməkdaşlığı birbaşa bölgədə rəsmi Bakıya qarşı yönəlik addımlardır. Bunun hələ yaxın aylarda davamının da olacağı mütləqdir. Makron hakimiyyəti özü də gözəl anlayır ki, Azərbaycan Ermənistana hücum etməyə hazırlaşmır və indiyə kimi baş verənlər sırf Ermənistanın işğalçılıq və pozuculuq fəaliyyətlərinə qarşı addımlar olub. Sarsıdıcı məğlubiyyətə uğramış Ermənistanı silahlandırmaqda Fransanın yeganə məqsədi onu Azərbaycanla yaxın illərdə qarşıdurmaya sövq etməkdir. Bunu anlamaq üçün böyük və dərin təhlilə ehtiyac yoxdur. Kapitulyant ölkə yaxın illərdə revanş məqsədilə bəzi addımlar ata bilər və yəqin ki, Fransa, Hindistan, Rusiya, Yunanıstan və adlarını hələ bundan sonra eşidəcəyimiz ölkələr İrəvanı mütləq avantürist addımlara yönəldəcəklər”.
Üzeyir Cəfərov bildirib ki, cənub qonşumuzun da addımları narahatedicidir:
“İran və Ermənistan arasında hərtərəfli müdafiə və təhlükəsizlik paktı imzalanacağı haqda məlumat yayılıb. Əgər belə bir xəbər ictimailəşdirilibsə, deməli, bu da baş verəcək. Baxın, adını da necə cəlbedici və bir qədər də yayındırıcı qoyublar: “Cənubi Qafqazda mövcud geosiyasi böhranın aradan qaldırılması və ümumi təhdidlərin neytrallaşdırılması üçün Ermənistan və İran arasında birgə müdafiə və təhlükəsizlik haqqında saziş”. Bu sənəd Tehrana Ermənistanda öz hərbi mövcudluğunu təmin etməyə əlavə imkanlar yaradacaq. O da məlumdur ki, İran Ermənistanla yüksək səviyyəli hərbi müttəfiqlik sazişi imzalamaq üçün müxtəlif üsullar arayır”.
Polkovnik rəsmi Moskvanın “ikibaşlı” siyasətinə də diqqət çəkib:
“Guya aralarında son günlər müəyyən gərginliklər yaşanır, Rusiya da İrəvana əvvəlki müqavilələr əsasında müəyyən partiya silah çatdırıb. Eyni zamanda fevralın əvvəllərində sərhəddə baş verən təxribatda Rusiyanın əli olduğunu Ermənistan rəsmiləri ən yüksək səviyyədə bəyan etdilər. Ötən həftə Parisdə Nikol Paşinyanın “France 24” telekanalına müsahibəsi də mövcud vəziyyəti daha da pisləşdirib və görünən odur ki, Azərbaycanla Ermənistan arasında sülh sənədi yəqin ki, 2024-cü ildə də imzalanmayacaq. Şərti sərhədlərdə, o cümlədən Naxçıvan istiqamətində nisbi sakitlik pozulub və yəqin ki, bunun davamı da olacaq”.
Hərbi ekspert bildirib ki, Azərbaycana qarşı təkcə diplomatik deyil, eyni zamanda sərhəddə də baş verən təxribatlar ciddi düşünməyə vadar edir:
“Fransanın müdafiə nazirinin birdən-birə ölkəsinin Ermənistana verdiyi silahların müdafiə silahı olması ilə yanaşı, orta, uzun məsafəni hədəfə alan raketlər də verə biləcəyini qeyd etməsi bu ölkənin əsl niyyətinin nədən ibarət olmasını göstərir. Deməli, Ermənistana “hücum” təhlükəsi adı altında ona çox qorxulu və narahatlıq yarada bilən silah-sursat da mütləq veriləcək. Bax budur Fransanın “qarnının ağrısı”. Bu isə bölgə üçün yaxın perspektivdə elə də yaxşı vəziyyət vəd etmir. Bir Azərbaycan vətəndaşı kimi, bizim Fransa ilə münasibətlərimizin bundan sonra daha da gərginləşməsinin tərəfdarı deyiləm. Fransa ilk dəfə deyil ki, bizə qarşı bu cür qeyri-sağlam münasibət sərgiləyir. Biz də bəzi korrektələri etsək, məncə, pis olmaz”.
E.Paşasoy,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ