Onlayn ictimai-siyasi qəzet
PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb. Açıqlamada terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın çağırışına əməl olunacağı bildirilib. Öcalan müraciətində açıq şəkildə PKK-nın ləğv edilməsini qeyd etmişdi. PKK-nın açıqlamasında isə göründüyü kimi, atəşkəs elan olunması qeyd edilir, ləğv olunma barədə fikrə rast gəlinmir.
Atəşkəs elan etmək vaxt qazanmaq üçün manevr ola bilərmi? Yoxsa artıq bununla da PKK-nın ləğv edilməsi istiqamətində proses başladılır?
Politoloq Yusif Bağırzadə Musavat.com-a şərhində bildirib ki, indi baş verənlər, yəni Öcalanın silahı yerə qoymaq və PKK-nın buraxılması ilə bağlı çağırışı bir qədər fərqli formada 2013-cü ildə də olmuşdu:
2O zaman Qandildə terrorçuların liderlərindən biri olan Murad Karayılan, Abdulla Öcalanın təlimatına əsasən PKK silahlılarının Türkiyədən çıxarılması barədə bəyanat vermişdi. Amma bu proses nəticəsiz olaraq qaldı. İndi də Öcalanın PKK-nın ləğvi və silahın yerə qoyulması ilə bağlı çağırışına nə qədər əməl olunacağını demək çətindir. Keçmiş təcrübələr göstərir ki, PKK terror təşkilatı danışıqlar proseslərindən dəfələrlə öz mövqelərini gücləndirmək və yenidən təşkilatlanmaq üçün istifadə edib. Çünki terror təşkilatının ayrı-ayrı liderləri bir sıra hallarda ümumi maraqlardan deyil öz şəxsi maraqlarından çıxış edirlər. Digər bir tərəfdən isə bu gün PKK-nı maliyyələşdirən, silahla təmin edən çoxlu saylı oyunçular var. Onların da indiki məqamda PKK-nın xidmətlərindən imtina etməsi inandırıcı görünmür. Yəni, başqa sözlə desək PKK terror təşkilatının ayrı-ayrı liderlərinin artıq 25 ildir həbsdə olan Öcalanı dinləyəcəkləri, yoxsa ki, ayrı-ayrı mərkəzlərdən gələn tapşırıqlara sadiq qalacaqları sualı açıq olaraq qalır.
Amma bu baş verərsə, yəni PKK Öcalanın çağırışına əməl edərsə bu təşəbbüs Yaxın Şərqdəki ən mürəkkəb münaqişələrdən birinin həlli istiqamətində ilk addım olmaqla yanaşı, təkcə Türkiyənin deyil, eləcə də Suriya və İraqda da siyasi vəziyyəti dəyişdirəcək ki, bu da ümumilikdə regiona təsir edəcək. Yox əgər bu baş verməsə, terror təşkilatının hazırki liderləri Cəmil Bayık və Murad Karayılan Öcalanın çağırışına əməl etməsə o zaman istər-istəməz təşkilat daxilində böhran dərinləşəcək və kürd silahlı qruplaşmaları arasında daha dərin parçalanma meydana çıxacaq. Başqa sözlə desək Türkiyə hədəfinə tam çatmasa belə terrorla mübarizədə daha çox imkanlar əldə etmiş olacaq”.
Politoloq xatırlatdı ki, Türkiyə rəsmi səviyyədə də Öcalan tərəfindən edilən bu çağırışla bağlı dərhal müvafiq addımların atılmasının vacibliyini vurğulayıb. Rəsmi Ankara əvvəllər də olduğu kimi terror təşkilatına atəşkəs adı altında vaxt udmaq imkanı tanımaq fikrində deyil: “Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğulayıb ki, Türkiyə terror təhdidinə qarşı bütün mümkün vasitələrlə mübarizə aparacaq”.
Etibar Seyidağa,
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ